İnsanlara hürriyət, millətlərə istiqlal!

1960-cı illərdə kəşf edildi, bu gün isə ŞAD XƏBƏRİ ilə dünyaya MEYDAN OXUDU

7152 10.07.2023 22:16 İqtisadiyyat A A

Bu gün Azərbaycanın qaz ehtiyatlarının həcminə görə ikinci ən böyük yatağı olan “Abşeron” qaz-kondesat yatağından ilk qazın hasilatına başlanılıb.

SOCAR-dan Musavat.com-a verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılması nəzərdə tutulur.

abseron.jpg (135 KB)

JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50 faiz paya malikdir. Qeyd edək ki, Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz ehtiyatlarının həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci böyük qaz yatağıdır.

“Abşeron” yatağı üzrə 2009-cu ildə Fransanın “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında hasilatın pay bölgüsü sazişi imzalanıb. 2011-ci ilin sentyabrında “Total” şirkəti “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.

“Abşeron”dan ilkin mərhələdə ildə 1,5 milyard kubmetr, ikinci mərhələdə isə 5 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. Dünya qaz bazarındakı qiymət konyukturu yatağın işlənməsinin ikinci mərhələsinə mümkün qədər tez başlanması üçün əlverişli şərtlər formalaşdırır.

Musavat.com xəbər verir ki, Azərbaycan etibarlı enerji təminatçısı olaraq Avropanın qaz təchizatında öz rolunu getdikcə artırır. 2022-ci ilin fevralından başlanan Ukrayna müharibəsi dünyanın enerji xəritəsinin yenidən cızılmasına gətirib çıxarıb. İldə Rusiyadan 165-170 milyard kubmetr qaz alan Avropa İttifaqı bir il ərzində bu həcmi 4 dəfədən çox azaltmağa müvəffəq ola bilib. 2024-cü ildən isə Rusiyadan alınan qaz həcminin ikiqat azalması gözlənilir: Ukrayna öz ərazisindən Rusiya qazının tranzitini gələn ilin 1 yanvarından tam dayandıracağını elan edib.

rusiya qazi.jpg (103 KB)

Ötən qışı əsasən sənaye-istehsal sahəsində kəskin qənaətlə başa vuran Avropanın bu vəziyyətdə uzun müddət davam etməyəcəyi şübhəsizdir. Qitənin ən böyük iqtisadiyyatına malik Almaniya, eləcə də digər ölkələr qaz təminatına görə fəaliyyətlərini məhdudlaşdıran istehsal müəssisələrini yenidən tam gücünə qaytarmağı hədəfləyir. Bu isə yaxın gələcəkdə Avropada qaz olan tələbin sürətlə artması deməkdir. Belə bir şəraitdə Azərbaycan qazına olan ehtiyacın daha da artacağı heç kimdə şübhə doğurmur.

Uzun illərdir özünü etibarlı tərəfdaş kimi tanıdan Azərbaycan 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə imzaladığı Enerji tərəfdaşlığı sazişini ardıcıl olaraq icra etməkdədir. Həmin sazişdə 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracının 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Artıq bu il üçün Azərbaycan Avropaya ixracı 12 milyard kubmetrə çatdırmağa nail olacaq. Gələn il üçün “Abşeron” yatağından hasil edilən qazı daxili istehlaka yönəltməklə bu həcmin ən azı 1 milyard kubmetr artırılması tam realdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin 5 ayında ölkədə əmtəəlik təbii qaz hasilatı 2,9 faiz artaraq 15,3 milyard kubmetr təşkil edib. 2023-cü ilin ilk 5 ayı ərzində Azərbaycan 7 milyard 103 milyon 82 min dollar dəyərində təbii qaz ixrac edib. Bu dövrdə qaz ixracı 9,6 faiz artıb: Avropaya 4,8 milyard kubmetr, Türkiyəyə 4,3 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edilib.

hefte.jpg (125 KB)

Mayın 31-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, ölkəmiz qaz ixracına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə qərarlıdır və buna nail olacaq: “Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq qaz kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.

Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox sadiq olan bir heyətimiz var - beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq. Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu, çox vacib bir məsələdir.

Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik.

Biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq. Digər layihələrimiz var ki, biz bazara əlavə qaz həcmi çıxara biləcəyik. Eyni zamanda, enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi - bizim Avropa İttifaqı ilə bu barədə də dialoqumuz olub. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq.

Digər vacib tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı idi. Mən həmin tədbirdə iştirak etdim. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Biz Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, - yəni, bu ilin sonuna qədər, - bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcək.

konnekt.jpg (90 KB)

Digər mühüm tədbirlərdən biri bu ilin aprel ayında Sofiya şəhərində keçirilib, Bolqarıstan Prezidentinin təşəbbüsü ilə. Bu, “Həmrəylik Halqası” adlandırılan layihədir. Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək. Yəni, Avropa İttifaqının yüksəkrütbəli məmurları Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırırsa, bu, tamamilə doğrudur”.

Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan qazı getdikcə daha çox Avropa ölkəsinə çatır, daha çox avropalını qışın soyuğundan mühafizə edir: “Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son ilyarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın. Onu da vurğulayım ki, bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz”.

sahdeniz.jpg (97 KB)

Bir vaxtlar “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin icrasını qeyri-real sayan qüvvələr ötən ildən bəri bütün yollarla Azərbaycanın Avropaya vəd etdiyi qaz həcmlərini təmin etmək imkanının olmadığına dair təbliğat aparırlar. “Abşeron” yatağından hasilatın başlanması bu təbliğatın üstündən qara xətt çəkir. Bu mühüm hadisə bir daha sübut edir ki, Azərbaycan öhdəsindən gələ bilməyəcəyi işi üzərinə götürmür.

Ölkəmizin qaz ehtiyatları “Şahdəniz” və “Abşeron”la məhdudlaşmır. Azərbaycanın “Babək” yatağının qaz ehtiyatları təxminən 400 milyard kubmetr həcmində qiymətləndirilir. 2010-cu ilin noyabrında kəşf edilən “Ümid” yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. “Ümid” yatağı Bakıdan 75 kilometr cənubda, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib. İndiyədək yataqdan 7 milyard kubmetrə yaxın qaz hasil olunub, yaxın gələcəkdə hasilatın kəskin artırılması üçün zəruri işlər görülür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR