Fransız milyarder Pyer-Eduar Steren 1,4 milyard avroluq sərvətindən beş övladına bir qəpik də qalmaması üçün Fransa vərəsəlik qanunlarını dəyişdirməyə çalışdığını bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
KİV-in yazdığına görə, "Smartbox" şirkəti sayəsində zənginləşən 52 yaşlı biznesmen hazırda Belçikada yaşayır. Fransa Senatındakı çıxışı zamanı o, böyük mirasın "uşaqları korladığını" düşündüyünü bildirib.
"Mən övladlarımı məhv etmək istəmirəm. Onlara bir qəpik də vermək niyyətim yoxdur. Əsl azadlıq - həyata sıfırdan başlamaqdır", - deyə sahibkar fikrini əsaslandırıb.
Lakin mövcud Fransa qanunvericiliyi övladları mirasdan birbaşa məhrum etməyə imkan vermir. Napoleon Məcəlləsinə əsasən, uşaqlar "məcburi varislər" hesab olunurlar. Əgər şəxsin üç və ya daha çox övladı varsa, onun sərvətinin ən azı 75%-i avtomatik olaraq onlara keçməlidir.
Steren bu qanunu şəxsi azadlığın məhdudlaşdırılması adlandırıb və öz pulu barədə tam sərbəst qərar vermək, məsələn, bütün sərvətini xeyriyyəçiliyə bağışlamaq hüququnun olmasını istədiyini vurğulayıb.
Musavat.com







