ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Musavat.com xəbər verir ki, Uitkoff bu fikri Mayamidə keçirilən Amerika Biznes Forumu çərçivəsində səsləndirib.
Diplomat çıxışı zamanı avqust ayında ABŞ Prezidenti Donald Trampın Oval kabinetdə İlham Əliyevlə apardığı söhbət barədə də danışıb. Bu, indiyəcən bilinməyən heyrətamiz bir məqamdır. Onun sözlərinə görə, Tramp avqust ayında Oval kabinetdə keçirilən görüşdə 44 günlük müharibənin gedişi barədə birbaşa sual verib.
Uitkoff qeyd edib ki, Tramp həmin görüşdə İlham Əliyevdən soruşub: “Sənin ordun daha üstün idi. Niyə hücumu genişləndirmədin, niyə davam etdirmədin?”
Prezident İlham Əliyevin cavabı isə belə olub: “Bizim məqsədimiz yalnız işğal altında olan torpaqları qaytarmaq idi. Heç vaxt daha artığını istəməmişik”.
Stiv Uitkoff Prezident İlham Əliyevin bu cavabını yüksək qiymətləndirib: “Gücə sahib olub ondan sui-istifadə etməmək — bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz qərardır”.
Musavat.com






