İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorki mənə nəyi öyrətdi?..

“Bunin bir dövrün sonu deməkdirsə, Qorki bütöv bir dövrdür” - bəli, artıq adını unutduğum tanınmış rus ədiblərindən biri M.Qorkinin Nobel mükafatına İ.Bunindən daha çox layiq olmasını əsaslandırmaq üçün belə demişdi.

Bəs mən niyə birdən-birə bunu xatırladım? İndiki nəsil bəlkə də bilmir, amma sovet dövrünü yaşayanlar xatırlayırlar ki, o dövrdə iki ədib hamıdan daha çox sovet ədibi hesab olunurdu: bunlardan biri “proletar yazıçısı” adı yapışdırılmış M.Qorki, digəri isə sovet poeziyasının banisi elan edilən V.Mayakovski idi.

Bəli, düşünmək olardı ki, sovetlərin süqutu ən çox bu iki ədibin rus və dünya ədəbiyyatındakı yerinə təsir edəcək. Prinsipcə, etdi, amma tamam başqa mənada - Qorki də, Mayakovski də hətta əvvəlkindən daha çox qiymət aldılar, çünki bu iki ədib həmişə sovet epoxası ilə bağlansalar da, əslində sözün həqiqi mənasında böyük ədiblər idilər...

Şəxsən mənim uşaqlıq yaddaşımda ən çox iz buraxan M.Qorki olub, onun məşhur trilogiyasını - “Uşaqlıq”, “Özgə qapılarında” və “Mənim universitetlərim” - hələ də xatırlayıram, hətta imkan olsaydı, onları bir daha, təkrar oxumağa belə tənbəllik etməzdim.

Qorki mənə kitabları, ədəbiyyatın özünü sevdirdi. İndi növbəti dərs ilinə başlayan balalarımızla bir fikri bölüşmək qərarına gələndə düşündüm ki, əslində hər uşağın bir Qorkisi olmalıdı ki, ona kitabları, biliyi və əlbəttə, ədəbiyyatın özünü sevdirsin, hərçənd, indiki uşaqların telefondan savayı heç nəyi sevmədiyini deyib, çarəsiz-çarəsiz əlini yelləyənlərimiz də var.

Amma mən yenə də nikbin-optimistəm. Başqa mətləbləri bilmirəm, ölkədə neçə məktəbin təmir olunması, neçəsinin yenidən tikilməsi haqda dəqiq statistik məlumatlarım yoxdur, müəllimlərin və direktorların seçimi üçün keçirilən müsabiqə və müsahibələrin nə qədər obyektiv və effektiv olmasından da xəbərsizəm, fəqət, bir fakt bilirəm ki, təkcə o, təhsilin irəli getdiyini sübut etmək üçün yetərlidir.

Bu fakt isə odur ki, 70 illik sovet dövründə bir nəfər belə olsun, azərbaycanlı şagird nəinki beynəlxalq fənn olimpiadasının qalibi, hətta iştirakçısı da olmamışdı, amma indi baxın, nə qədər azərbaycanlı uşaq beynəlxalq fənn olimpiadasının qalibi olubdur!

Amma bir məsələ var. Biz elə orta təhsilin üstünə düşmüşük, onun problemlərindən danışırıq, çünki orta təhsil bizim üçün daha həlledici bir mərhələdir: bu, ali məktəbə düşməyə imkan verir. Ali məktəbə qəbul olandan sonra isə...

Bəli, burada artıq fikirlərimiz qırılır, hətta nəinki fikirlərimiz, lap belimiz də qırılır, çünki bizim oxumağımız, təhsilimiz olsa-olsa, ali məktəbə daxil olana qədədirdir: ali məktəbə daxil olana qədər repetitorlara oxumaq üçün pul veririksə, ali məktəbə daxil olandan sonra isə, əksinə oxumamaq üçün pul veririk, nəticədə də biz ali təhsilli yox, diplomlu bir kəslər oluruq.

Amma burada bir məqam da var. Ali təhsil illərində uşaqların oxumamasının bir səbəbi də budur ki, bizim ali məktəblərimiz hələ də dövrün tələblərinə uyğun qurulmayıblar, onlar tələbələri biliyə həvəsləndirə bilmirlər, çünki hər şey keçmişdə olduğu kimi qalıb və hətta deyilənə görə, bəzi müəllim və professorlar otuz il, qırx il bundan əvvəlki mühazirələrinin nöqtəsinə - vergülünə toxunmadan onları hər il bizim tələbələrə təzədən oxuyurlar.

Odur ki, işlərimiz alınmır -həm cəmiyyət, həm də dövlət olaraq. Bilirsiniz, məşhur deyim var ki, demokratiya azad və savadlı xalqın hakimiyyətidir: xalq savadsız olanda nə istədiyinin fərqində olmur, nə də ona seçim imkanı veriləndə ondan yetərincə faydalanmağı bacarmır...

Dövlətə və hakimiyyətə gəldikdə isə, siyasətçilər heç də ölkələrinin ən intellektual insanları olmurlar, çünki intellektuallar elmdə və sənətdə olurlar. Hətta onların arasında intellektual göstəriciləri şübhə doğuran insanlar belə az olmayıb, məsələn, kiçik Buşla bağlı məhz belə olub və onun haqqında o qədər lağla danışıblar ki, bu adam axırda məcbur olub xüsusi testdən keçibdir və nə qədər təəccüblü olsa da, qənaətbəxş nəticə göstərə bilibdir.

Amma ölkələrin tarixində elə dövrlər olur ki, intellektual, savadlı siyasətçilərə ehtiyac duyulur. Bu adətən dövlət yenicə yarananda və ya cəmiyyət kardinal dəyişikliklərlə üzbəüz qalanda belə olur. Tərslikdən biz də həmin dövrdə yaşayırıq: dövlət hələ yenicə qurulub, onun hələ öz qaydaları və ənənələri oturuşmayıbdı, nə hakimiyyətdəkilər, nə də cəmiyyət özü hələ də totalitar vərdişlərdən qurtulmayıb. Odur ki, hazırda bizim elə - belə siyasətçilərə, yox, müəllim siyasətçilərə ehtiyacımız var, onlar isə yoxdur, çünki uzun illər təhsil yox, diplom ardınca qaçmışıq...

YAZARIN DİGƏR YAZILARI

07 Mart 2022

05 Mart 2022

01 Mart 2022

26 Fevral 2022

22 Fevral 2022

19 Fevral 2022

15 Fevral 2022

12 Fevral 2022

08 Fevral 2022

05 Fevral 2022

01 Fevral 2022

29 Yanvar 2022

25 Yanvar 2022

22 Yanvar 2022

18 Yanvar 2022

15 Yanvar 2022

11 Yanvar 2022

08 Yanvar 2022

03 Yanvar 2022

01 Yanvar 2022

28 Dekabr 2021

25 Dekabr 2021

21 Dekabr 2021

18 Dekabr 2021

14 Dekabr 2021

11 Dekabr 2021

07 Dekabr 2021

04 Dekabr 2021

30 Noyabr 2021

27 Noyabr 2021