İnsanlara hürriyət, millətlərə istiqlal!

İyulun hərarəti ABŞ və Türkiyə münasibətlərində...

Güman ki, bu ayın ən aktual xarici siyasət mövzularından biri də Rusiyanın Türkiyəyə verəcəyi zenit-raket kompleksləri ətrafındakı çox gərgin atmosfer olacaq, çünki komplekslərin məhz iyul ayında Türkiyəyə çatdırılması nəzərdə tutulur - hətta bunun yaxın on gün ərzində baş verəcəyi deyilir.

Bəli, həqiqətən də yalnız adi, formal bir məntiqin köməyilə bu müstəvidəki prosesləri başa düşmək çətindir.

Amma ABŞ S-400 komplekslərini alacağı təqdirdə Hindistanı da sanksiyalarla hədələyir, halbuki Dehli nə NATO-nun üzvüdür, nə də ki, Vaşinqtonun hərbi müttəfiqidir.

Düşünmək olardı ki, bu məqam Vaşinqton-Ankara müstəvisindəki gərginliyə yetərincə işıq salır, hərçənd, bəzi türkiyəli politoloqlar hələ də iddia edirlər ki, ABŞ-la Türkiyə arasında yaşanan gərginliyin əsl səbəbləri S-400 kompleksi yox, daha dərin məsələlərdir və bunlara bir misal kimi kürd məsələsini və yaxud da ki, F.Gülənin Türkiyəyə təhvil verilməməsini göstərirlər.

Qeyd edək ki, artıq ötən həftə Türkiyə prezidenti R.T.Ərdoğan bildirdi ki, ölkəsinə F-35 təyyarələrinin verilməsinin dayandırılacağı təqdirdə Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəkdir. Amma hesab etmək olar ki, artıq bunun məqamı yetişib; yenə də elə ötən həftə ABŞ Konqresinin yuxarı palatası - Senat F-35-lərlə bağlı müqavilənin qüvvəsini dayandırmaq haqqında qərar qəbul etdi.

Maraqlıdır ki, bütün bunlar G-20 sammitinin fonunda baş verirdi, hansının ki, kuluarlarında böyük dövlətlərin liderlərinin, o cümlədən də Rusiya və ABŞ, Türkiyə və ABŞ prezidentlərinin görüşləri baş tutmuşdu.

Aydın məsələdir ki, hal-hazırda Vaşinqton üçün Rusiya ilə dialoq Venesuela problemi, xüsusən də İran məsələsi baxımından aktualdır. Bu dialoqdan bir az əvvəl Yerusəlimdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Boltonun, İsrailin baş naziri B.Netanyahunun və bir də Rusiyanın Təhlükəsizlik Şurasının katibi general N.P. Patruşevin iştirakı ilə də məsləhətləşmələr aparılmışdı. Di gəl, ən azı son məlumatlara inansaq, tərəflər nə G-20 sammiti, nə də ki, Qüdsdəki görüş çərçivəsində heç bir razılığa gələ bilməyiblər.

Rusiyanın zenit-raket komplekslərinə gəldikdə, prezident Ərdoğan bildirdi ki, ola bilsin, iyul ayında ABŞ prezidenti D.Tramp Türkiyəyə də rəsmi səfər edəcək. Düşünürük ki, bu, dövlətlərin münasibətlərində anlaşma yaratmaq üçün bir fürsət olardı, çünki bu halda məsələləri tet-a-tet müzakirə etmək, ortaq məxrəcə gəlmək daha asan olardı.

Bəzi informasiyalara görə, konqresmenlərdən fərqli olaraq prezident D.Tramp məsələyə daha loyal yanaşır və məsələnin daha ətraflı şəkildə öyrənilməsi üçün xüsusi komissiyanın yaradılmasına etiraz etmir.

Həm də bir sıra mənbələrə görə, prezident Tramp Ərdoğanla görüşdən sonra ölkəsinin vaxtilə Ankaraya qarşı ədalətsiz davrandığını və hər şeyin bu məsələdən başlanğıc götürdüyünü deyib - onun fikrincə, Vaşinqton öz Patriotlarını Türkiyəyə satsaydı Ankara Rusiya silahlarını almaq məcburiyyətində qalmazdı. Üstəlik, Trampla dialoqdan sonra elə Türkiyə prezidenti də nikbin danışmağa başlayıb və ABŞ-ın ölkəsinə heç bir sanksiya tətbiq etməyəcəyini deyib -fəqət, bir azacıq əvvəldə Senatın qərarını xatırladıq: bəllidir ki,  prezident Trampın çox istəkləri Konqres tərəfindən bloklanır...     

Yazının əvvəlində Hindistanı da misal çəkdik. Düşünürük S-400-lərin probleminə bir qədər fərqli prizmadan da yanaşmaq lazımdır.

Birincisi, silah bazarında ciddi rəqabət var, çünki söhbət böyük kontraktlardan, deməli böyük də pullardan gedir. İkincisi, Tramp özü də etiraf edib ki, hər şey ondan başladı ki, Vaşinqton özünün Patriot-larını Ankaraya satmaq istəmədi. Təbii sual yaranır: axı niyə?

ABŞ ən yaxın silah tədarükçülərinə silahları şərtlərlə satır. Məsələn, səhv etmiriksə, Səudiyyə Ərəbistanına şərt qoyulur ki, bu silahlardan İsrailə qarşı istifadə edilməyəcək.

İkincisi, hazırda Ştatlar Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturası qurur və burada ilk yerlər Ankaraya yox, Yerusəlimə və bir də ər-Riyada ayrılır.

Prosesin özəlliyi ondadır ki, ər-Riyad bütün gücü ilə regionun lideri olmaq istəyir, amma bu yolda onun iki rəqibi var - Tehran və Ankara...

Tehranla hər şey “aydındır”. Artıq üçüncü on illikdir ki, ABŞ Tehrana qarşı gərgin soyuq müharibə aparır və ən qəribəsi də budur ki, İranın cəmiyyətinin bu həlqədən çıxmaq üçün təpəri yoxdur, çünki siyasətə nabələd adama da aydındır ki, bu qarşıdurmanın bir gələcəyi yoxdur və Tehran gec-tez ağ bayraq qaldırmalı olacaq.

Ankara ilə məsələ daha qəlizdir, axı Türkiyə NATO-nun üzvüdür və qismən də olsa, Avropaya inteqrasiya etmiş ölkədir. Odur ki, ona islam rejimi, ələlxüsus da terrora dəstək verən ölkə yarlığı taxmaq elə də asan deyil. Hətta son munisipal seçkilər də göstərdi ki, Türkiyə yetərincə demokratik bir ölkədir - əlbəttə, heç də hər şey ideal deyil, amma islam dünyasında hələ ki ikinci belə bir demokratik ölkə yoxdur.

ABŞ-la ziddiyyətlərə gəldikdə, bu hələ B.Obamanın vaxtında başlamışdı. “Ərdoğan yaxşı müsəlman idi” - Obamanın bu sözləri hələ də yadımızdadır.

Məsələ onda da deyil ki, Ərdoğan dövründə Türkiyə siyasətinin sükanı bir az siyasi islama tərəf əyildi. Yox, məsələ bunda deyil, bütün hallarda ABŞ-ın himayə etdiyi F.Gülən daha “islamlaşmış” fiqurdur, nəinki Ərdoğan. Üstəlik, bir çox türk sosioloqlarının və politoloqlarının rəyincə Ərdoğanın artıq ciddi rəqibi meydana çıxıb - bəli, söhbət CHP təmsilçisi və daha qərbyönümlü, daha dünyəvi siyasətçi olan Ə.İmamoğludan bəhs edir.

Bütün problem ondadır ki, ABŞ-ın ən yeni planlarına görə, Yaxın Şərqdə müsəlman dünyası, Vaşinqtonun ən böyük silah tədarükçülərindən olsa da, həm də daha başıaşağı olan və ərəb-İsrail, ərəb-Fələstin  məsələlərində daha prinsipsiz olan Səudiyyə Ərəbistanı ilə təmsil olunmalıdır. Regionun əsas gücünə isə İsrail çevrilməlidir...

YAZARIN DİGƏR YAZILARI

07 Mart 2022

05 Mart 2022

01 Mart 2022

26 Fevral 2022

22 Fevral 2022

19 Fevral 2022

15 Fevral 2022

12 Fevral 2022

08 Fevral 2022

05 Fevral 2022

01 Fevral 2022

29 Yanvar 2022

25 Yanvar 2022

22 Yanvar 2022

18 Yanvar 2022

15 Yanvar 2022

11 Yanvar 2022

08 Yanvar 2022

03 Yanvar 2022

01 Yanvar 2022

28 Dekabr 2021

25 Dekabr 2021

21 Dekabr 2021

18 Dekabr 2021

14 Dekabr 2021

11 Dekabr 2021

07 Dekabr 2021

04 Dekabr 2021

30 Noyabr 2021

27 Noyabr 2021