İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yolu budur ki, Dini Komitə...”

1167 26.05.2023 08:53 Media A A

İranda məsciddən qaçırlar, bizdə Xameneyiyə biət edirlər...

Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam edir. İranın molla rejiminə xidmət edən, Azərbaycan ərazisində molla rejimini təbliğ edən xeyli sayda şəxs artıq saxlanılıb. Saxlanılan şəxslərin evlərində, ofislərində və ibadət yerlərində aparılan axtarışlar zamanı molla rejimini təbliğ edən xeyli sayda materiallar, özlərinin “rəhbəri” kimi təqdim etdikləri Xameneyinin və digər ağalarının şəkilləri maddi sübut kimi götürülüb. Maraqlıdır ki, Azərbaycanda xeyli casus şəbəkəsi olan İrana qarşı öz ölkəsində etirazlar səngimək bilmir. Dini alət kimi istifadə edən “Kərimə” ölkəsində insanlar dindən yan qaçır.

Bizimlə söhbətdə iranşünas Vidadi Mustafayev bildirib ki, İranın orta təbəqələri yaşamaq hüququnun tanınması və təmin edilməsi uğrunda aylarla mübarizə aparsa da, hakimiyyət xalqa orta əsr qaydalarını  qəbul etdirməyə  cəhdlər edir: “Hakimiyyətə qarşı  xalqın son etirazlarının mərkəzində məcburi hicaba qarşı etiraz dayansa da, ölkənin aparıcı, müasir düşüncəli "beyin mərkəzləri" xalqın tələbinin ədalətli olduğunu ifadə edir. Hakimiyyətin xalqın rəyi və mövqeyini nəzərə alaraq ona xidmət etməli olduğunu elmi cəhətdən əsaslandırsa da, hakimiyyət öz bildiyindən əl çəkməyərək, xidmətçi deyil, hökmran olduğunu nümayiş etdirmək üçün qız və qadınların məcburi hicaba əməl etməsinə nail olmaq istiqamətində hərəkət edir. Artıq məlum olduğu kimi, geniş etirazlar zamanı İran polisinə təyin edilmiş yeni və etibarlı komandan təşəbbüs göstərərək polisin hicabsızlara və onlara şərait yaradanlara qarşı müasir texnika və texnologiyanın köməyi ilə geniş mübarizəsinə start verib. Yeni komandanın rəhbərliyi altında polisin hicab sahəsində fəaliyyətini qanuniləşdirmək üçün onun artıq tətbiq etdiyi cəza tədbirlərini özündə əks etdirən qanun layihəsi məhkəmə hakimiyyəti tərəfindən hazırlanaraq hökumətə, hökumət də onu nəzərdən keçirib qanun halına salınması üçün məclisə göndərib".

Ekspert qeyd edib ki, İranda dini hakimiyyətin ən mühüm “nailiyyətlərindən” biri də əhalinin məscidlərdən uzaq düşməsidir: “İslam dinini və məscidi öz ədalətsiz, talançılıq fəaliyyəti ilə gözdən və nüfuzdan salan teokratik hakimiyyət nəinki əhalinin məscidə getməməsinə nail olub, eləcə də dini təhsil almış şəxslərin cümə imamı vəzifəsini yerinə yetirməsindən imtina etməsinə səbəb olub. Rəsmi məlumata görə, ölkədə olan 63 min məscidin yarısından çoxunda cümə imamı və camaat namazı qılan da yoxdur. Aparılan sorğular göstərir ki, ali dini təhsil almış şəxslər cümə imamı vəzifəsində işləmək istəmirlər. Bunu özünə dərd edən hakimiyyət yaranmış vəziyyətin səbəblərindən biri haqqında maraqlı açıqlama verib. Guya araşdırmalar göstərir ki, dini təhsil alan tüllabların cümə imamı vəzifəsində çalışmaq istəməmələrinin səbəblərindən biri təhsil sistemində məscid menecerliyi ixtisasının olmamasıdır. Deməli, iffət və hicab haqqında kompleks qanun qəbul edilərsə və dini təhsil sistemində məscid menecerliyi ixtisası əlavə edilərsə, hicab, cümə imamlığı və namaz qılanların problemləri həll olunar.  Ancaq hakimiyyətin insanların fərdi azadlığına qarşı çıxmaq siyasətinin nəticələri zamanla özünü göstərəcək”.

O ki qaldı İranın Azərbaycandakı casus şəbəkəsinə və insanlara bu cür təsirinə, Vidadi Mustafayev qeyd etdi ki, Azərbaycanda İrana meyl edənlərin sayı o qədər də çox deyil: “Müəyyən bir kəsimdə meyl var. Bu da bizdə dini dünyagörüşlə bağlı aparılan təbliğatın zəifliyi ilə bağlıdır. Bunu da maarifləndirmə yolu ilə aradan qaldırmaq olar. Təşkilati baxımdan dövlətin gördüyü tədbirlər, digər sahələrdə isə maarifləndirmə işləri gücləndirilməlidir. Eyni zamanda təhsildə azərbaycançılıq ideologiyasının daha geniş təbliğinə diqqət ayrılmalıdır. Ümumiyyətlə, Azərbaycanda müstəqillik dövründə bütün xarici ölkələrin dini təşkilatlarının hamısının burada müəyyən fəaliyyəti olub, təşkilatlar yaradılıb. Onlara qarşı tədbirlər görülüb. Bəzilərinin fəaliyyəti zəiflədilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin əsasında belə fikir söyləmək olar.  Bir yolu budur ki, Dini Komitə  bu istiqamətdə fəaliyyəti daha da genişləndirsin, maarifləndirmə işini artırsın. O təşkilatları daim nəzarətdə saxlamaq lazımdır. Eləcə də sosioloqlar müəyyən etməlidir ki, kimlər, hansı kateqoriya insanlar daha tez təsirə düşür, onlarla daha çox təbliğat aparılmalıdır”. 

HAZIRLADI: Afaq MİRAYİQ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR