İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirin nəticəsi Teymur Əmrahdan DANIŞDI: “Mən razılıq versəm də...” - FOTOLAR

2985 23.11.2022 09:05 Müsahibə A A

“Mirzə Ələkbər Sabir irsinin qorunmasında əsas işi anam Sevda Tahirli görür”

“Yeni ev-muzeyi Sabirsevərlərə çatdırmaq üçün onun 360° turunu təşkil etməyi planlaşdırıram”

“Azərbaycanda olmaq mənə uğur gətirir”

Musavat.com Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin Türkiyədə yaşayan nəticəsi, peşəkar fotoqraf Nurlan Tahirli ilə müsahibəni təqdim edir.

287487878_10161985618718452_6574797814165467036_n.jpg (284 KB)

- Nurlan bəy, oxucularımıza özünüz haqda ətraflı məlumat verərdiniz...

- 16 mart 1988-ci ildə Bakıda anadan olmuşam. Orta və ali təhsilimi Bakıda almışam. Magistratura təhsilinə Türkiyədə davam etmişəm. O zamandan bəri Türkiyədə yaşasam da, mütəmadi olaraq Azərbaycana gəlirəm. Bakalavr təhsilim iqtisadiyyat sahəsi üzrə olub. Magistr dərəcəsinə marketinq üzrə davam etdim. Eyni zamanda bir illik peşə kursunda fotoqrafiya dərslərinə yazıldım. 2-ci semestrin əvvəli və sonunda qrup sərgisi təşkil olunmuşdu. Orada işlərimin sərgiləndiyini gördükdə çox sevinmişdim. Elmi işimi də marketinq və fotoqrafiyanı birləşdirərək müdafiə etdim. Aldığım təhsil və iş fəaliyyətim fotoqrafiyadan tam uzaq olsa da, məşğuliyyət olaraq çəkməyə davam edirdim. Bir neçə il iqtisadiyyat sahəsində fəaliyyətdən sonra fotoqrafiyaya keçid etdim. Bu keçid çox yumşaq və asta olub. Tam olaraq fikrimi buna yönləndirdiyim zamanı nəzərə alsam - 7 il. Lakin onun ilk illərini də yeni başlamış kimi sayıram.

Accordion Players.jpg (224 KB)

40-dan çox festival və müştərək sərgilərdə iştirak etmişəm. Qran Pri, 2 qızıl, 1 gümüş, 1 bürünc medal, 50-dən çox diplom, fəxri fərmanım var. İşlərim “Global Photo Awards”, “35 Awards”, “Urban Awards” və bir sıra digər beynəlxalq təşkilatların kataloq və jurnallarında dərc olunub. Avropa Fotoqraflar Federasiyasının (FEP) “European Photographer” kvalifikasiyasını, Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) “Excellence of FIAP”, Gürcüstan Fotoqraflar Assosiasiyasının (APG) “Excellence of APG” və Sille Sanat Sarayının (SSS) “SSS/AIR” fərqlənmə dərəcələrini almışam. Hazırda sərbəst fəaliyyət göstərirəm.

- Sabir nəslinin nümayəndəsi olmağın hansı özəllikləri var?

- Bu, hər anlamda daha çox məsuliyyət tələb edir.

- Nəsliniz haqda ətraflı məlumatı kimdən, yaxud kimlərdən almısınız?

- Anamdan almışam. Bəzən heç nə soruşmuram - o, digərləri ilə, yaxud bir sıra tədbirlərdə mövzuyla bağlı maraqlı hadisələrdən danışarkən mən də oradakı dinləciyilər kimi maraqla qulaq asıram. Mirzə Ələkbər Sabirin “Cütcü” şeirinin yazılmasının maraqlı tarixçəsi var. Sabir sonbeşik övladı Məmmədsəlimin dünyaya gəlməsi ilə bağlı qurbanlıq kəsməyə gedərkən səhər tezdən cütcüləri görür. Şeiri də onlardan ilhamlanaraq yazır.

- Mirzə Ələkbər Sabir irsini necə qoruyursunuz?

- İrsin qorunmasında əsas işi anam Sevda Tahirli görür. Onun təşəbbüsü ilə Mirzə Ələkbər Sabir Fondu yaradılıb. Sabir yaradıcılığının gənclər arasında daha geniş yayılmasında, onların maariflənməsi ilə bağlı bir çox işlər həyata keçirib. Sabirə aid virtual muzeyin yaranmasında, şeirlərindən audio kitabxana yaratmaq kimi işlərin həm fikir müəllifi olaraq, həm də həyata keçməsində anamın geniş fəaliyyəti var. Bu işlərin bir hissəsində onunla birgə çalışmışam. Bunlar arasında gördüyüm işlərin başlıcası Mirzə Ələkbər Sabirə aid virtual muzeyin, eləcə də ev-muzeyinin virtual turunun və “Hophopnamə” audio saytının hazırlanması olub.

- Sabirin ev-muzeyinə hansı töhfəniz var?

- Onun virtual turunu yaratmışam. Əvvəlki ev-muzeyi artıq mövcud olmasa da, virtual tur ilə orada gəzmək, baxmaq olur.

Sabir Ev Muzeyi 7206.jpg (148 KB)

Yeni ev-muzey təhvil verildikdən sonra onu dünyanın bütün bölgələrində yaşayan Sabirsevərlərə çatdırmaq üçün yeni 360° turunu təşkil etməyi planlaşdırıram.

- Sabirlə bağlı sərgi planlaşdırırsınız?

- Belə bir fikri müzakirə əsnasında rəssam dostlarımdan biri vermişdi. Plan olaraq tam formalaşmayıb, lakin o zamandan bəri ağlımdadır.

Sabir Bagi (2015 Sərgi).jpg (142 KB)

- Yaradıcılığınızda hansı yaşda insanlara üstünlük verirsiniz və buna səbəb nədir?

- Az hallarda seçim edirəm. Bu o səbəbdəndir ki, portretlərə az yer verirəm. Üstünlüyə gəldikdə - daha çox gənc yaşlara.

- Peşəkar fotoqrafın hansı xüsusiyyətləri olmalıdır?

- Həssas gözü, geniş təxəyyülü.

- İlk sərginiz nə vaxt olub və hansı janrlı fotoları sərgiləmişdiniz?

- İlk sərgim 2015-ci ildə Bakıda olub. Fotoların janrları qarışıq idi. Şəhər mənzərələri, makro, art, küçə fotoqrafiyası. 

- Hansı mövzulara üstünlük verirsiniz?

- Əsasən şəhər mənzərəsi, arxitektura və son zamanlar qismən idman fotoqrafiyası.

Azohra.jpg (89 KB)

- Fotoqrafiyada hansı çətinliklər var? 

- Fotoqrafiyanın janrları arasında bəzi çətinliklər özünəməxsusdur. Fotoqrafların qarşılaşdıqları çətinliklər də bir-birindən fərqlənir. Öz işimdən bir misal gətirim. Arxitektura və idman üçün lazımi obyektivlərin fokus məsafəsi əsasən biri qısa, digəri isə uzundur. Bu, tamam fərqli obyektivlər deməkdir. Xüsusilə uzun olanlar adətən həm iri, həm də ağırdır. Diafraqma dəyərləri və məsafələri yüksəldikcə daha da ağırlaşırlar. Mən isə daha çox səyahət edərək çəkirəm deyə həcm və çəki faktoru əhəmiyyət kəsb edir. O səbəblə texniki göstərici və qiymətdən əlavə, həmçinin çəki və ölçüsünü də nəzərə alıb seçməli oluram. Üçünün də ideal olduğu məqamlar çox nadirdir. Bu, bir çox halda könlümcə olmayan seçimi etməyə vadar edir.

- Ən bahalı əsəriniz hansıdır və qiyməti nə qədərdir?

- “Sommiar”, 600 avro civarında. 

Sommiar (Şah əsər, Divardakı şəkil).jpg (110 KB)

- Hansı ölkədə sərgi ilə çıxış etmək istərdiniz?

- Məni sərgidən çox onun necə olacağı, hansı əsərləri sərgiləmək istədiyim daha çox düşündürür. Mənə yaxın 3 ölkədə artıq sərgim keçirilib. Növbəti Şərq, yaxud Qərb ölkəsində də ola bilər.

- Azad olunan hansı ərazilərdə olmusunuz və nələri lentə almısınız? Təəssüratlarınız necədir?

- Diasporla İş üzrə Dövlət Komitəsi ötən il Şuşa səfərinə məni də dəvət etmişdi. Bununla onların məni həm də diqqətdə saxladıqlarını öyrəndim. Səfərə dəvət aldığım üçün çox sevindim. Onlara böyük təşəkkürlərimi bildirirəm. Vətəndən uzaq olsaq da, vətənin uzaq olmadığını göstərirlər.

Şuşada məhdud bir zaman və ərazidə gəzmək imkanım olub. O səbəblə gördüklərimi düşündüyüm, istədiyim şəkildə lentə ala bilməmişəm. Amma ən azından Cıdır düzünün 360° panoramasını edə bildim.

Cidir Duzu 360 Panorama (Şuşa).jpg (123 KB)

Şuşa mənə əvvəlcə uzun zaman yaşanmayan ev kimi, yəni soyuq gəldi. Sonra orada bar verən meyvə ağaclarını gördükdə, daddıqda sevindim. Düşündüm ki, biz burada uzun müddət yaşamasaq da, təbiət yaşayaraq davam edib.

- Qarabağın hansı hissəsində olmaq istərdiniz?

- Xankəndidə olmaq istərdim. Şuşada olanda oranı uzaqdan görə bilmişdim. Fikrimcə, yaxından görmək bir ayrı olar.

- Şah əsəriniz var?

- Mən “Sommiar”, “Elisabeth Bridge”, “Sleeping baby in my hands” deyərdim.

Elisabeth Bridge (2015 sergi, Divardan asilan, Şah əsər).jpg (143 KB)

Bunların hər biri bir sıra beynəlxalq mükafatlar alıb.

Sleeping baby in my hands (Şah əsər).jpg (106 KB)

2021-ci ildə aldığım Qran Pri mükafatının nəticəsinə görə isə jürilər “Quartet”i şah əsər seçiblər. Bir çox mükafat alan “Run Spiral”ı da şah əsər saymaq olar.

Run Spiral (Şah əsər).jpg (94 KB)

- Sizi nə xoşbəxt edir?

- Səyahət və uçmaq. Bol enerji verir.

- Hobbiniz var?

- Aviasiya, təyyarələr marağımdadır. Vaxtım olduqca bu sahədə xəbərləri, yenilikləri izləyirəm. Pilot kabinələrində olmağı sevirəm.

Airbus 320 251N (Pilot kabini).jpg (123 KB)

Fotoqrafiya ilə hobbimi birləşdirəndə xüsusilə sevinirəm. Bir neçə təyyarənin kabinə pilotlarının 360° fotolarını yaradaraq bu sevinci yaşamışam. 2 il öncə bu fotoların bəzi mərkəzlərdə aviasiya üzrə tədris vəsaiti olaraq istifadə olunduğunu təsadüf nəticəsində bildim. Bu, bir növ qürurlandırıcıdır.

- Fotoqrafın konkret yaşı olur?

- Belə bir yaş eşitməmişəm.

- Hansı məşhurlar əsərlərinizə maraq göstərir, yaxud fotolarınızdan alıb?

- İlk sərgim zamanı Teymur Əmrah bir şəklimi almaq istəyirdi. Bunu qalereyanın sahibi söyləmişdi mənə. Mən razılıq vermişdim. Lakin növbəti gün sərgi davam edərkən onun Türkiyədə də olması barədə təklif gəldi və bitdikdən sonra təcili olaraq əsərlərlə bərabər getməli idim. O, sərgidə favori şəkillər arasında idi, ona görə də mütləq aparmalı idim. Satmış olsam, oraya getdikdə təcili olaraq onu çap edə biləcəyimə, sərgiyə yetişəcəyimə əmin olmadığımdan, satışdan məyusluqla imtina etməli oldum. Ümid edirəm inciməsinə səbəb olmamışam.

- Fotolarınızı istədiyiniz qiymətə sata bilirsiniz? Qiymətlər necədir?

- Satış kanallarında yeniyəm. Əsərlərin qiymətləri daha çox onun müəllifi ilə əlaqədardır deyə düşünürəm. Sənətdə ad çox önəmlidir. İstədiyim qiymətə sata bilmək üçün daha çox tanınmalıyam.

Perlas.jpg (114 KB)

- Toy fotoqrafiyasına marağınız var?

- Bilirsiniz, o, fərqli bir janrdır. Çox gözəl, estetik işlər var toy fotoqrafiyasında. Eləcə də çox məsuliyyətlidir. Marağım olsa da, bu sahədə ustaların çəkdiklərinə baxmaqla və zövq almaqla kifayətlənirəm. O janrın ayrı incəlikləri, tələb və xüsusiyyətləri var.

- Fotoqrafların əksəriyyəti şəkillərini çəkdikləri insanların kaprizlərindən gileylənir. Bəs siz?

- Məncə, insanlarla bilavasitə çalışan bütün sahələrdə bunu eşitmək olar. Olsun ki, bəzi rejissorlar aktyorlar haqda belə deyir, ya da əksinə. Fotoqraflar da insanlarla fərdi olaraq daha çox zaman keçirdiklərindən bununla daha çox rastlaşırlar. İşlərimin az hissəsi insanlarla birbaşa təmaslı olduğundan kaprizlərlə də az qarşılaşıram. Bəzən avtoportretlərimi çəkirəm. Bu halda iki tərəfdən kaprizlə qarşılaşıram. Hər iki rolda özüm olduğumdan dözmək rahat olur. İkisi arasında məncə, fotoqraf tərəfim daha tələbkar və kaprizlidir.

WhatsApp Image 2022-11-23 at 22.52.36.jpeg (77 KB)

- Azərbaycanda işləmək istərdiniz?

- Bəli. Azərbaycanda olmaq mənə uğur gətirir. Mükafat aldığım fotoların demək olar yarısını Azərbaycanda çəkmişəm.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR