İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbin təzə zəngi

1342 10.05.2024 00:24 Yazarlar A A

“Avroviziyon”a göndərdiyimiz duet uduzub geri qayıtdı. İndi millətin bəzisi onları, bəziləri də onları seçib göndərənləri qınayır. Lakin heç kim özümüzü qınamır.

Ona görə ki, biz Avropanın pisini atıb, yaxşısını götürməliyik. Yolumuz sivil dünya, inkişaf yoludur, lakin milli mentalitetimizdən gərək uzaqlaşmayaq. Mənə ən çox xoş gələn şərhi kimsə yazmışdı: “Avtobus şoferinə oxşayan iki nəfəri yarışmaya göndəriblər, hələ ümid edirdilər qalib gələcəyik”.

Açığı, çoxdandır bu manıs yarışmasını izləmirəm, ancaq doğrudan da nümayəndələrimiz sərt, brutal, Türkiyədə deyilən kimi, “taşfırın erkək” görkəmində idilər. Koroğlu haqda kino çəksən, biri əsas qəhrəmanı, o biri də Giziroğlu Mustafa bəyi oynamağa layiq idi.

Koroğludan söz düşmüşkən, burada Elm və Təhsil Nazirliyimizə, başda hörmətli Emin müəllim olmaqla, öz acizanə xahişimi, şikayətimi çatdırmaq istəyirəm. Evimiz məktəbə yaxındır.

Bunu yazarkən qəfil ağlıma gəldi ki, bütün ömrüm boyu, harda olsam məktəblərin qonşuluğunda mənzil salmışam. Görünür bu, mənim elm, təhsil fədaisi, aşiqi olmağımın növbəti isbatıdır. Mənim üçün istənilən, hətta ən pis məktəbin də binası ibadət yeridir, qutsal ocaqdır, pirdir, canım sənə desin, ziyarətgahdır.

Qabaqlar məktəbin zənginin səsi adi, şablon zəng idi. Tırıldayırdı, vəssalam. Uşaqlar da qaçıb sinifə doluşurdular. Son bir-iki ayda məktəbin direktoru guya yenilik edib, zəngin səsi üçün Üzeyir bəyin “Koroğlu” üverturasından populyar parçanı yazdırıb. Nəticədə şəxsən mən iki aydır yaşaya bilmirəm. Gün ərzində dəfələrlə üvertüra səslənir. Bu isə bizi yeni qələbələrə səsləyir! Mən Meydan hərəkatında iştirak etmişəm, o zaman biz tələbələr həmin musiqi səslənəndə yumruğumuzu göyə qaldırırdıq. Tribunadan Əbülfəz bəy, İsa bəy, Nemət bəy və başqaları bizə baxıb sevinərdi. İndi də mən hər dəfə o üvertüranı eşidəndə ayağa durub yumruğumu qaldırıram. Nəticədə yeyib-içmək çəhənnəm, yazı da yazmağım çətinləşibdir. Xahiş edirəm bu işə bir əncam çəkəsiniz, məktəbin zəngi keçmiş formasına bərpa edilsin.

Müşahidələrimə görə “Koroğlu” üvertürasının zəngə salınması məktəbdə uşaqların iştirakına, necə deyərlər, dərsə davamiyyətinə də öz mənfi təsirini göstəribdir. Uşaqların qanı qaynayır, bu mahnını eşidəndə alovlanır, bir-birini döyür, hasardan hoppanıb dərsdən qaçırlar. Təsərrüfat müdiri hasarı bir neçə metr qaldırmış, üstünə maşın yağı sürtmüş, tikanlı məftillər, butulka qırıqları yapışdırmış, hasarın dibindən su dolu arx maneəsi çəkmişdir, lakin xeyri yoxdur, uşaqlar yenə dərsdən qaçır.

Çünki “Koroğlu” üvertürasına qulaq asandan sonra sinifdə sakitcə oturub Məşədixanım müəllimənin ifasında felin məsdər formalarını əzbərləmək olduqca çətindir. Gəlin bunu etiraf edək.

Bəzən zavuç və kimya müəllimi boş sinifləri dolaşır, acı göz yaşları axıdır. Buna son qoyulmalıdır. Hörmətli nazir güman edirəm bu yazını oxuyacaqdır. Mütləq zəng səsi mahnıdan ibarət olmalıdırsa, bunu heç olmazsa sakit templi bir muğam parçası ilə etsinlər. Ya da böyük tənəffüs muğam olsun, o birilər üvertüra.

Elə əzik-büzük, kişiyə oxşar qızların, qıza oxşar kişilərin yarışması olan yerə sərt erkəkləri göndərib yer tutmağa ümid eləmək də bizim səhv qərarımız idi. İqtisadi baxımdan da, yaxşı oldu. Bu işdə qələbə qazansaq altından çıxa bilməzdik. Təsəvvür elə, bu ilə ən azı 3 dənə zırpı tədbir gözlənilir (seçki, iqlim, maşın). Onların dərhal ardıyca manıs yarışı da keçirməli olsaq gərək ayağımızı uzadıb acından öləydik. Böyük ehtimal dövlətimiz bizi fikirləşib, qəsdən uduzacaq adamları göndərib.

Sözgəlişi, heç keçən dəfəki “Avrovizion” qalibiyyətimizin xərcindən hələ çıxmamışıq. Bir nəhəng musiqi salonu tikmişdik, xərci borcunu ödəmir. O cür yerləri saxlamaq az qala tikmək qədər bahalıdır. Belə yerlərdən Olimpiya stadionunu da göstərmək olar. Otsulayanların maaşını verə bilmək üçün bir ara orda hətta toyxana açılmışdı. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR