İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağdakı layihələr ermənilər üçün seçim yolu qoymur”

1082 17.05.2023 08:00 Media A A

Aqşin Kərimov: “Azərbaycanın sərhədlərlə bağlı baxışı başadüşüləndir və...”

“Böyük Qayıdış” proqramı çərçivəsində bu yerlərin əsl sakinləri öz dədə-baba torpaqlarına qayıtmağa davam edirlər. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq və abadlıq işləri də çox sürətlə aparılır. Məcburi köçkünlərimiz illərdir həsrətində olduqları doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar.

Müharibədən, sadəcə, iki il yarım keçməsinə baxmayaraq, Qarabağın necə dirçəldiyini bütün dünya izləyir. Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı Qarabağda şəhərlərin baş planının hazırlanması, kənd və qəsəbələrin salınması ilə işğaldan azad olunan torpaqlarımıza həyat yenidən qayıdıb. Xüsusilə son bir həftədə Ali Baş Komandanın qayıdışla bağlı verdiyi önəmli açıqlamalar diqqətləri bir daha özünə çəkdi.

“Müharibədən cəmi iki il yarım keçəndən sonra artıq keçmiş köçkünlərimizi iki kəndə qaytarmışıq. 10 kəndin bünövrəsi son günlərdə qoyulubdur. Bütün şəhərlərin baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır”.

Bu fikirləri dövlət başçısı İlham Əliyev mərhum prezident Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xalqa müraciətində deyib. “Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda quruculuq-bərpa işləri aparırıq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik”, - deyə ölkə başçısı bildirib.

Vətən müharibəsinin iştirakçısı, siyasi şərhçi Aqşin Kərimov “Yeni Müsavat”a açıqlamasında Qarabağda həyata keçirilən layihələrin ermənilərə seçim buraxmadığını qeyd etdi: “Qarabağ və Şərqi Zəngəzurda iqtisadi layihələrin həyata keçirilməsi, infrastrukturun yaradılması və həmin regionların Azərbaycanın böyük iqtisadi potensialları içərisinə daxil edilməsində hərbi-siyasi hədəflər mövcuddur. Bir ərazidə təhlükəsizliyi beynəlxalq qarantiya altına almaq üçün orada mütləq şəkildə mülki infrastruktur qurulmalı, aeroportlar tikilməli, nəhəng xab formalaşdırılmalıdır. Görülən işlər Qələbənin mühafizə edilməsi üçün lazım olan iqtisadi-siyasi təməllərdir, sərhəd təhlükəsizliyinin və Qarabağdakı təhlükəsizliyin mülki özüllərini təşkil edir. Bu cür mülki layihələri hərbi təyinatlı hədəflər müşayiət edir, məsələn, tikilən aeroportların mülki məqsədləri ilə yanaşı hərbi xüsusiyyətləri də var. Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsi terrorçuluq, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsinə şərait yaradır. Bu mənada Şərqi Zəngəzur və Qarabağdakı layihələr Qarabağda yaşayan ermənilər üçün seçim yolu qoymur. Azərbaycan separatçılar üzərində hərbi mühasirə ilə yanaşı iqtisadi bloklama yaratmaqla məqsədlərinə tam şəkildə nail olacaq”.

Müharibə veteranı təhlükəsizlik məsələsinə də toxundu: “İşğaldan azad edilən ərazilərin Ermənistanla sərhədə düşən hissələrindəki təhlükəsizlik də vacibdir, çünki sərhəddəki təhdidlər Azərbaycanın enerji layihələrinin, indiki və perspektiv nəqliyyat dəhlizləri üçün problem yarada bilər. Ona görə də Azərbaycanın sərhədlərlə bağlı baxışı başadüşüləndir və onun sərhəddə bufer zona yaratmaq istəkləri böyük strateji komponentlərin tərkib hissəsidir. Ona görə də Şərqi Zəngəzur boyunca uzanan sərhədlər Azərbaycan Respublikasının ümumi sərhəd təhlükəsizliyi sisteminə daxil edilir. Həmin ərazilərdə təhlükəsizlik tədbirləri ən müasir şəkildə həyata keçiriləcək və o, islahat və quruculuq prosesində müvafiq şəkildə nəzərə alınacaq. "Böyük Qayıdış" konsepsiyası işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı şəklində hazırlanmalı, yəni paytaxtdan və digər regionlardakı düşünən beyinlərin ora da sirayət etdirilməsi prioritet olmalıdır”.

 

Yazını hazırladı: Cavanşir ABBASLI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR