İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana “Yola davam” mesajı verildi - Bəs sonra?

1396 04.05.2024 17:59 Siyasət A A

Nikol Paşinyan hökumətini erməni kilsəsinin əli ilə yıxmaq cəhdləri də iflas oldu. Artıq bunu əminliklə söyləmək olar. Ermənistan əhalisinin mütləq əksəriyyəti yenə avantüristlərin küyünə uyub onların arxasınca getmədi. Passiv də olsa, hakimiyyətin sülh gündəliyini üstün tutdu.

Bu, baş nazirə faktiki “Yola davam” siqnalıdır. Ancaq maraqlıdır ki, həmin əhalinin 75,7%-i “Gallup International” şirkətinin təzəcə keçirdiyi sorğu zamanı azərbaycanlılarla birgə yaşamağa hazır olmadığını bildirib. Respondentlərin yalnız 16%-i sualı pozitiv cavablandırıb.

Bundan əlavə, “erməni soyqırımı” qurbanlarının ad və soyadlarının dəqiqləşdirilməyin zəruriliyi haqda iqtidar təmsilçilərinin bəyanatını rəyi soruşulanların 53,9%-i “soyqırımı” faktını şübhə altına almaq məqsədi güdən “Türk proqramı” adlandırıb. Nonsens?

Həm “hə”, həm də “yox”. Nə demək indi bütün bunlar?

Ən əvvəl o ki, erməni cəmiyyəti nə istədiyini deyəsən heç özü də dəqıq bilmir. Guya daha müharibə arzulamır, Azərbaycanla barışıq tərəfdarıdır, o səbəbə Paşinyana ümidini bağlayıb, amma eyni zamanda, Türkə nifrəti də “fontan” vurmaqdadır.

Qəribədir, deyilmi? Sən kin bəslədiyin qonşu xalqla sülhü, dinc birgə yaşayışı necə təsəvvür edirsən? Unutmayaq, “Türk” sözü erməni leksikonunda günü bu gün də hansısa ermənini təhqir etmək, ona xain damğası yapışdırmaq üçün vasitə kimi istifadə olunur. Ksenofobiyanın buynuzu olmur ki...

Əlbəttə, dəniz suyunun dadını bilmək üçün damla da yetərli. Ona da şəkk-şübhə yox ki, Qarabağı könüllü tərk etmiş erməni əhali arasında da analoji sorğu keçirilsəydi, rəqəm 75,7-dən də yuxarı olardı.

Belə olan halda onlar Azərbaycan qanunları altında necə yaşaya bilərlər? Ondansa elə geri qayıtmasınlar. Çünki heç kim onlara “ikinci erməni” dövləti qurmaq, yaxud yüksək statuslu muxtariyyət vermək fikrində deyil. Qatar çoxdan gedib...

Əslində erməni xalqının da, Paşinyan hakimiyyətinin də ən qorxulu düşməni nə radikal-revanşistlərdir, nə də erməni kilsəsi, şarlatan keşişlər və ya separatçı ünsürlər. Qərb, Rusiya da deyil. Ən təhlükəli düşmən bu toplumun şüurunda yaşayan və “Dəmir yumruq”dan sonra da ciddi dəyişikliyə uğramayan Türkə nifrət hissi, “çəhrayı arzular”dır.

Günahkar isə əlbəttə ki, özləridir. Özlərinin yaratdığı miflər, uydurma “tarixi Ermənistan”, saxta qəhrəmanlıq tarixi və uydurma qəhrəmanlardır. Hələ də bu tarixin əsiri olmaqlarıdır. Türkə kin-küdurət ermənilərdə hətta irsi xəstəliyə çevrilib, nəsildən-nəslə ötürülür...

Sözsüz ki, bu heyvani nifrətin izləri qandan tam çəkilməyincə iki xalqın barışığı çətin olacaq. Bəlkə heç mümkün olmayacaq. Doğrudur, zaman amili önəmli. Ötə yandan, erməni lobbisi var gücü ilə barışıq prosesinə qarşı çıxır.

Amma gerçək həm də belədir ki, İkinci Qarabağ savaşından keçən 3 il yarımlıq müddətdə erməni toplumunun şüurunda gözlənilən köklü müsbət dəyişiklik baş verməyib. Sonuncu sorğu buna növbəti sübutdur.

Axı qonşu ilə dinc-yanaşı yaşamaq üçün müharibə arzulamamaq kifayət deyil. Gərəkdir ki, bu müharibəni günün birində yenə qaçılmaz edəcək axmaq vərdişdən, absurd iddiadan da əl çəkəsən.

Həmin iddialardan biri də Ermənistan konstitusiyasıdır. Görək Paşinyan hakimiyyətinin onu beynəlxalq hüquqa uyğunlaşdırmaq təşəbbüsünə erməni xalqı yekunda hansı reaksiyanı göstərəcək. Bax onda dəqiq biləcəyik ki, ermənilər gerçəkdən sülh istəyir, yoxsa müharibə? Əgər seçim hərbin xeyrinə olacaqla, onda gərək bədəlinə hazır olsunlar.

Hər halda, Paşinyana “Yola davam” mesajı verilib. Sonra nə olacaq, bu il hamı biləcək...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR