İnsanlara hürriyət, millətlərə istiqlal!

" "Qarabağa qayıdış" prosesi istədiyimiz şəkildə gedir"

9539 14.09.2022 09:20 KİVDF layihələri A A

Mətləb Aslanov: “Təcavüzkarların dağıtdığı o yerləri sürətlə qurub-yaratmaq da asan məsələ deyil”

Ötən həftə Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin növbəti mərhələsinə start verildi. Abşeron rayonunun Masazır kəndindəki Zəngilan şəhərciyindən növbəti köç karvanı yola salındı. 63 nəfərdən ibarət 12 ailə artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Hazırda onlar kəndədirlər və evlərinə yerləşiblər.

 “Ağalı müharibədən əvvəl də gözəl idi. İndi daha gözəl olub. Burada yaşayacağıq, qurub-yaradacağıq”.

Bunu Ağalıya qayıdan kənd sakini Şahin Mahmudov bildirib. O qeyd edib ki, Ağalını tərk edəndə 14 yaşı olub: “Əvvəl Beyləqanda, sonra isə Bakıda məskunlaşmışdıq. İndi ailəmlə, övladlarımla kəndimizə qayıtmışam. Kiçik övladımın 6, böyük övladımın 16 yaşı var. Çox şükür olsun ki, kəndimizə qayıtdıq. Övladlarımızı doğma yurda sevgi ruhunda böyütmüşük. Hamımız sevinirik ki, yurdumuza dönmüşük”.

Şahin Mahmudovun böyük oğlu, 16 yaşlı Aqşin Mahmudov vurğulayıb ki, hər zaman ata yurduna gəlməyi arzulayıb: “Bu da səbəbsiz deyil. Mən Ağalını görməsəm də, nənəm, valideynlərim kənd haqqında çox danışıblar. Odur ki, Ağalı hər zaman mənim qəlbimdə olub, həmişə bura gəlməyi arzulamışam. Bu gün bu arzum gerçəkləşib. Sevinirəm ki, ana vətənimə gəlmişəm və burada yaşayacağam, təhsilimi kəndimizdə başa vuracağam”.

Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi də başa çatdı. Azərbaycanın ilk “Ağıllı kənd”ində məskunlaşma Böyük Qayıdışın başlanğıcıdır.Bu barədə deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, 1993-cü il işğalınadək bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci  Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Şərqi Zəngəzurla yanaşı, Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Təbii ki, 30 illik işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən ərazilərimizin tezliklə bərpası mümkün deyil və bu prosesin zaman tələb edəcəyi qaçılmazdır.

Deputat diqqətə çatdırıb ki, dağıntıların miqyası bunu daha aydın şəkildə göstərir: “Ermənistanın 30 illik işğalı zamanı Azərbaycan ərazisində 900 yaşayış məntəqəsi, 130 min 939 ev, 7 min ictimai bina, 1025 məktəb, 855 uşaq bağçası, 798 sağlamlıq ocağı, 927 kitabxana, 2389 obyekt tamamilə dağıdılıb. Bura nəqliyyat və digər infrastrukturun da dağıdılmasını əlavə etsək, o zaman ziyanın miqyası daha da böyüyür. Bu baxımdan, məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək. Digər tərəfdən, uzun müddət işğal altında qalan ərazilərimizdə minaların sayının kəskin çox olması prosesə təsir edən faktorlardandır. Yalnız Füzuli rayonunda 80 minədək minanın olduğu güman edilir. Ona görə də məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə ağıllı qayıdış formasında həyata keçirilir. Minadan təmizləmə işinin sürətlə aparılması da məhz əhalimizin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq”.

a3caeb36-cc62-46b1-9e27-c41ba76cb624.jpg (48 KB)

Mətləb Aslanov

Sonuncu dəfə Ağalı kəndinə səfər edən siyasətçilərdən olan AĞ Partiya başqanının köməkçisi Mətləb Aslanov orada gördüklərindən danışdı: “Möhtəşəm bir yaşayış kompleksi salınıb. Gördüklərimdən çıxardığım nəticə odur ki, Ağalı sakinləri bundan sonrakı həyatlarını azad və firavan şəkildə o gözəl yerlərdə keçirəcəklər. Bir daha indiyə qədər gördükləri çətinliklərlə üzləşməyəcəklər. Orada hər cür şərait var. Ola bilər ki, çoxları iş yerlərinin olmamasını düşünsünlər. Onu da hökumət düşünüb və sürətlə iş yerləri qurur. Ağalı kəndinə köçürülən sakinlərin daha üç il müddətində imtiyazlarının saxlanılması bu müddət ərzində orada olan bütün problemlərin aradan qaldırılacağı mesajıdır. Düşünürəm ki, Qarabağa qayıdış prosesi istədiyimiz şəkildə gedir. 30 ilə təcavüzkarların dağıtdığı o yerləri sürətlə qurub-yaratmaq da asan məsələ deyil. Bu həm də böyük maliyyə tələb edir və buna mərhələ-mərhələ nail olunur. Bir də Qarabağdakı problemlərimiz tam həll olunmayıb. Həmin problemlərin tez bir zamanda həll olunacağına inamımız tamdır. Ondan sonra Qarabağ Qayıdış prosesinə bu, həm də bir təkan olacaq. Məcburi köçkünlərimizin qayıdış həsrətini təbii ki, yaxşı anlayırıq. Amma burada səbir, dözüm nümayiş etdirmək də vacibdir”.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR