İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Məsud Aşina: “Azərbaycan cilalanmaya ehtiyacı olan almazdır”

3146 19.04.2018 09:10 Müsahibə A A

“Biz hələ xalq olaraq tarixdə hər şeyi etməmişik”

Danimarkada yaşayan azərbaycanlı tibb professoru Məsud Aşina ilə müsahibənin ikinci, sonuncu hissəsini təqdim edirik.

(Əvvəli burada)

- Danimarkada keyfiyyət və kəmiyyət baxımından Azərbaycan faktorunun mövcudluğu haqda nə deyə bilərsiniz? Bizim ölkəmizdə tez-tez haqqında danışılan lobbizm nədir və o, Avropada azərbaycanlı diasporun azsaylı olması şəraitində yarana bilərmi?

- Bizim diasporumuz həqiqətən də azsaylıdır. Mən Azərbaycan Respublikasından gələnləri nəzərdə tuturam, İran əsilli etnik azərbaycanlıları yox - hansılar ki, Danimarkada yetərincə çoxdur. Danimarkada birinci nəsil azərbaycanlıların inteqrasiyasını müsbət işarə ilə qiymətləndirmək olar. Amma bizimkilərin hansısa dərin inreqrasiyasından, tutaq ki, tibbi məkana, hüquq və ya siyasi sistemə inteqrasiyasından danışmağa dəymir. Burada nüfuzlu azərbaycanlılar, demək olar, yoxdur. Ona görə də stavkalar növbəti nəsillərə, uşaqlarımıza edilməlidir, hansıları ki, yönəltməyə, inkişaf etdirməyə, onlarda maksimal professionalizm tərbiyə eləməyə borcluyuq. Ki, öz sahələrində onlar zirvələrə nail olsunlar. Yalnız bundan sonra hansısa effektli diaspordan danışmaq mümkündür. Lobbiyə gəlincə, o yalnız o vaxt yaranır ki, diasporun çoxsaylı üzvləri ölkənin bütün ictimai-siyasi sferalarında, mədəni və iqtisadi həyatında təmsil olunsunlar. Necə ki, ABŞ-ın yəhudi və ya yunan diasporu təşkilatlanıb.

- Bizim bir ümumi tanışımız necəsə mənə demişdi ki, “Məsud Aşinanın tək özü elə Danimarkada böyük bir lobbi deməkdir”. Bu iddia ilə razısınızmı?

- - Bizim ümumi tanışımıza şişirtmək vərdişi xasdır. Yəqin ona görə belə deyib ki, mən Azərbaycanı bütün dünyada təmsil eləməkdən böyük zövq alıram. Bütün tibbi karyerama görə Danimarkaya borcluyam. Ancaq mənim üçün bioqrafiyamda “İlk tibbi təhsilini Azərbaycanda alıb” frazası çox mühüm əhəmiyyət daşıyır. Mənə beynəlxalq konfranslarda yaxşı mənada təəccüblənən həmkarlarımı görmək xoşdur - hansılar ki, suallar verir, Azərbaycanla maraqlanırlar. Onlara özümüz haqda, bizim istedadlı, gənc həkimlərimiz haqda, ölkənin intellektual potensialı haqda danışmağın özü bir zövqdür. Azərbaycan gəncliyi bizim sərvətimizdir və bu sərvətlə düzgün, bacarıqlı və ehtiyatla istifadə eləmək gərəkdir.

- Həmkarlarınız ən çox sizə hansı sualları verirlər? Siz bütün dünyanı gəzir, çoxlu sayda adamlarla, necə deyərlər, tibb elminin nəhəngləri ilə görüşürsünüz. Onları ilk növbədə nə düşündürür? Azərbaycanın problemləri haqda bilmək istəyirlərmi, yoxsa onları yalnız pozitiv gündəm maraqlandırır?

- Xarici həmkarlarla Azərbaycan siyasi həyatına baş vurmaq kimi hal yadıma gəlmir. Bu, heç kimi maraqlandırmır. Bu da anlaşılandır. Çünki söhbət elmi elitadan gedir. Bu elitanı da tamamən ayrı aspektlər ilgiləndirir, nəinki siyasət. Onlar böyük həvəslə ölkənin tarixinə diqqət yetirir, Azərbaycanda tibbi məktəb haqda, bizim elmi ənənələrimiz barədə soruşurlar. Hər fürsətdə mən onları bizim gənc mütəxəssislərlə tanış edirəm, onlar arasında təmas olmasına çalışıram - hansı təmaslar ki, elmi dairələrdə vacibdir. Ona görə bakılıların tıxaclarda ilişib qalan narazılığını anlasam da, mən cəsarət edib hakimiyyətin ölkəni hər cür beynəlxalq tədbirlər üçün meydançaya çevirmək siyasətini dəstəkləyirəm. Ancaq düşünürəm ki, zamanında kommersiya layihələri öz yerini beynəlxalq səviyyəli elmi layihələrə verməlidir. Bu - ümumdünya elmi cəmiyyəti tribunasından özünü tanıtmaq imkanıdır.

Mesud Ashina -  muellif eli ekberle.jpg (248 KB)

Məsud Aşina və yazının müəllifi Ələkbər Əliyev

“Mən hakimiyyətin ölkəni hər cür beynəlxalq tədbirlər üçün meydançaya çevirmək siyasətini dəstəkləyirəm”

- Keçən il dünya nevrologiya elitası sizi Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin (International Headache Society) prezidenti seçdi. 2019-cu ildən bu vəzifəyə başlayacaqsız. Bu münasibətlə sizi təbrik edirəm. Siz həm də Baş Ağrıları Avropa Federasiyasının katibi və əlbəttə ki, Danimarka Baş Ağrıları Cəmiyyətinin prezidentisiniz. Yəni dünya tibb elmində çox mühüm personasınız və mən bizim çoxillik dostluğumuzla hədsiz qürur duyuram. Ancaq söhbətimizə bir az intriqa qatıb belə bir şey haqda da soruşmaq istəyirəm. Düşünürəm ki, bu müsahibəni minlərlə adam oxuyacaq və kimdəsə mütləq belə bir sual doğacaq: niyə sizin kimi şəxsiyyət Azərbaycanda deyil və öz ölkəsinə fayda gətirmir? Bu kimi suallara adətən necə cavab verirsiniz?

- Əsas odur ki, dilxor olmayasan və istəməyəsən ki, fiziki olaraq hər şey “yanında” olsun. Azərbaycanda baş ağrıları üzrə çoxlu gözəl həkimlər, mütəxəssislər var - hansılara ki, ürəklə müraciət eləmək olar. Bunu bütün məsuliyyətimlə deyirəm. Mən Bakıda çoxlu sayda gözəl, bacarıqlı və istedadlı həkimlər tanıyıram və bu gənc mütəxəssislər bizim fəxrimizdir.

Zənnimcə, Azərbaycanda yeganə problem bu problemlə məşğul olan mərkəzlərin olmamasıdır. Belə mərkəzlər bizim əsas şəhərlərimizdə, məsələn, Bakıda, Qubada, Gəncədə, Lənkəranda fəaliyyət göstərməlidir. Axı, bizim mütəxəssisləri hazırlamaq və vətəndaşlara xidmət sistemi işləyib hazırlamaq  tamamilə mümkündür. Bu sistem dövlət sığortası əsasında işləyəcək, yoxsa özəl olacaq, bilmirəm. Əsas odur ki, əhali düzgün müalicə alsın.

Son vaxtlar ölkədə ən son texniki avadanlıqlarla təchiz edilmiş yeni xəstəxanaların sayı hissediləcək dərəcədə artıb. Bu, yaxşı tendensiyadır. Ancaq problem ondadır ki, bütün bu klinikalar, demək olar, özəldir. Orada kim və necə müalicə alacaq - özəl əsasda, yoxsa sığorta ilə? Tutaq ki, xəstənin stend qoyulmasına kəskin ehtiyacı var. Bu əməliyyata o, sığorta olmadan necə nail ola bilər? Tibbi sığorta mütləq şərtdir və bu problemi həll eləmək lazımdır. Eyni zamanda dövlət, universitet klinikalarının nüfuzunu qaldırmaq lazımdır. Onlar özəl klinikalarla rəqabət aparmalı və daima yüksək səviyyədə olmalıdır.

mesud ashina ve aailesi.jpg (119 KB)

- Sizdən öz sahəniz olan miqren barədə soruşmaq istəyirəm. Azərbaycanda adətən istənilən davamlı baş ağrısını miqren sayırlar. Dünya və Azərbaycan üzrə real statistika necədir? Məlumdur ki, siz elmin bu sahəsinin inkişafı üçün beynəlxalq miqyasda  çox şey etmisiniz. Bu bəlanın mahiyyəti və müasir nevrologiyanın imkanları haqda danışardınız.

- Miqrendən başlayım. Vaxt var idi miqreni qadınla assosiasiya edirdilər, pasiyentləri isterik adlandırır, onlara preparat qəbul eləməyi və uzanmağı təklif edirdilər. Guya ki, keçəcək. Buna ciddi yanaşılmadı. Bu gün dünya stereotiplərdən qurtulub və miqren beynin fərd üçün böyük önəm daşıyan ciddi xəstəliyi kimi qəbul olunub. Xəstəlik bədxassəli olmasa da, yəni öldürməsə də, xeyli dərəcədə şəxsiyyəti şikəst edir, insanın işgüzarlığına ziyan vurur, onu əldən salır, fəaliyyətini məhdudlaşdırır. Həyatın ən produktiv illərində, gücün, enerjinin aşıb-daşdığı dövrdə miqren çox tez-tez qadınlarda rast gəlinir. 20-50 yaşda qadın, təsəvvür edin, hansı ki, hər ay bu ağrını bir neçə gün ərzində yaşayır. Bu günləri təqvimdən silmək olar. “Lancet” jurnalında dərc olunan son tədqiqatların nəticələri göstərir ki, miqren insanı ən çox əldən salan xəstəliklər siyahısında ikinci yeri tutur.

Azərbaycana gəlincə, statistikaya görə, əhalinin 12%-i miqrendən əziyyət çəkir. Bu, böyük rəqəmdir. O insanların əksəriyyəti ayda minimum 1-2 gün işə çıxmır, özü də xatırladım ki, həyatının ən enerjili çağında. Bəs bütün bunlar cəmiyyətə neçəyə başa gəlir? Azərbaycanı deyə bilmərəm, Avropa Birliyində bu rəqəm ildə 27 milyard avro təşkil edir. Xəstələrin əzabları da öz yerində.

Miqrenin bioloji mexanizmi var. Bioloji kökü ilə yanaşı, o, genetik əsasa malikdir. Əfsus ki, bu sahənin öyrənilməsində elm, hələ ki, geri qalır. Miqren - gəlib-qayıdan xəstəlikdir. Heç kim deyə bilməz ki, tutmalar nə vaxt başlayacaq.  Qadınların 25 faizində aybaşı zamanı rast gəlinir. Orqanizmin ona reaksiyası güclüdür - güclü pulyasiyalı ağrı, ürəkbulanma, səsdən və işıqdanqorxma. Pasiyent yalnız passiv oturmaq və uzanmadan savayı heç nə edə bilmir. Heç kimi eşitmək və görmək istəmir. Mənim təcrübəmdə hətta həftədə bir dəfə belə hala düşənlər olub. Dünya əhalisinin 2-3 faizi bu ağrıları həftədə bir dəfə keçirir.

Amma yaxşı xəbərlər də var. Bu il biz ABŞ-da preparatı qeydə aldıracağıq. Fikrimcə, bir aydan sonra artıq o, hazır olacaq, ilin sonuna kimi isə, ümid edirəm, bütün Avropada əlçatan olacaq. Bu, miqren üçün əhəmiyyət daşıyan molekullara qarşı bioloji antitellərdir. Ayda bir dəfə inyeksiya ilə müalicə edəcəyik. Çünki preparatın təsiri biraylıqdır. Bəli, bu - prosesdir. Ancaq başa düşmək lazımdır ki, bu preparat müalicə eləmir, yalnız miqrenin qabağını alır və təəssüf ki, yalnız 60-70% xəstəyə kömək edə biləcək. Ancaq biz başqa preparatları da sınaqdan çıxarırıq. Onların da effektli olacağını gözləyirik.

- Doktor, bu gün vətənpərvərlik postmodernə məğlub olub. Bu gün yalnız siyasətçilər onu yada salmağı və “vətənpərvər ruhda tərbiyə”nin inzibati tətbiqini xoşlayırlar. Sizcə, ümumiyyətlə, məsələn, valideynləri necə sevmək və dəyərləndirməyi öyrənmək olar? Məgər aid olduğun coğrafiyaya bağlılıq hissi təbii deyil ki? Niyə söz çox, iş azdır? Sizdən ötrü vətənpərvərlik nədir?

- Məhz yuxarıdakı səbəbdən mən də bu sözü sevmirəm. Həddən ziyadə o, gözdən salınıb, sıradan çıxarılıb. Azərbaycanı necə görmək istəyirəm? Cavab sadədir: öz xalqına xeyir vermək istəyən, ona yaxşılıq arzulayan adamlar öz plan və ideyalarını həyata keçirmək üçün imkanlara malik olmalıdır. Belə şəraiti yaratmaq isə dövlətin vəzifəsidir - bax, o vaxt iş görüləcək, patriotizm haqda az danışılacaq. Gəncliyə inkişaf etməyə imkan vermək və kömək eləmək lazımdır. Gəncliyi incitmək yox, əzizləmək və motivasiya eləmək gərəkdir. O zaman dövlətə, vətənə sevgi öz-özünə yaranacaq.

Mənə görə vətənpərvərlik, bir alim olaraq, öz xalqım qarşısında borcumdur. Bunu mənə heç kim öyrətməyib, izah eləməyib. Biliyimi, təcrübəmi paylaşmaq və həmvətənlərin biliklərini zənginləşdirmək ehtiyacı mənim özümdə sakitcə köks salıb. Tam ciddi deyirəm: Azərbaycan - yaxşı, ağıllı adamların ölkəsidir. Azərbaycanlıların əksəriyyəti düzgün düşünür, düzgün şeyləri deyir. Mən onların bu səmimiyyətini, işləmək və topluma fayda vermək istəyini müşahidə eləmişəm. Biz öz vətəndaşlarımızı müdafiə eləməli, İsrail nümunəsindəki kimi həvəsləndirməliyik. Fikrimcə, bu, bizim üçün yaxşı oriyentirdir. Bizim kompakt ölkəmizdə tərəqqi üçün hər cür şərait yaratmaq olar. Bundan ötrü insanların istəyi, bütün digər ilkin şərtlər də var.

- Siz belə bir şey demişdiniz ki, “Azərbaycan 20-ci əsrin layihəsi kimi baş tutub və 21-ci əsrə möhkəm qədəm basıb”. Amma bilirsiniz, Azərbaycanın prinsipcə bir dövlət olaraq mövcudluğu ilə razılaşmayanlar da var. Onlar bunu “anlaşılmazlıq”, “Stalinin səhvi”, nə gəldi adlandırırlar. Azərbaycanlılara isə özlərini müasir, gənc, perspektivli millət kimi göstərmək əvəzinə, müdafiə olunmaq, əks arqumentlər gətirmək, tam yad, lazım olmayan müstəvilərdə oynamaq, qədimliyə istinad eləmək zorunda qalırlar, sanki yalnız qədimilik bu ərazilərdə yaşamaq haqqı verir. Sizcə, Azərbaycanda haqqında ən çox danışılan yolumuz nə olmalıdır? Bizə unikal, öz yolumuz gərəkdirmi, öz həyatımızı qəlizləşdirmirikmi?

- Nəyə işarə etdiyinizi anladım. Məni əsla ilgiləndirmir ki, başqaları haqqımızda nə düşünür. Biz azərbaycanlılar özümüzü səfərbər eləmişik və dövlət qurmuşuq. Bu fakt intellektual potensialdan, quruculuğa can atmadan və bizim xalqın iradəsindən xəbər verir. Biz, hələ ki, özümüzün axtarışındayıq və tarixdə hələ hər şeyi deməmişik. Ura-vətənpərvərlik lazım deyil, konkret işlə məşğul olmaq lazımdır. Azərbaycan cilalanmaya ehtiyacı olan almazdır, ondan brilyant düzəltməliyik. Əlbəttə ki, bu yolda obyektiv çətinliklər - mürəkkəb geosiyasi situasiya, bizi əhatə edən dövlətlərin oyunları, fitnə-fəsadları, bədniyyətlilər və s. problemlər var. Amma biz ruhdan düşməməliyik. Heç bir halda heç kim qarşısında əyilməməli, alçalmamalıyıq. Biz bütün qonşulara hörmətlə yanaşırıq, balanslı xarici siyasət aparırıq, daxili potensialımızla məşğul oluruq, neytrallığımızı bəyan edirik və qarşımıza məqsəd qoyuruq ki, gələcəkdə dünyaya innovasiyalar, “beyin” ixrac edəcəyik. Bizim yolumuz elə budur və ondan bizi döndərə bilməzlər. Bu ideyaların və məsələlərin həyata keçməsi üçün nə lazımdır? Ərazi, iqtisadiyyat, intellektual ehtiyat və istək. Hamısı da bizdə var və ən başlıcası - istənilən azərbaycanlı heç vaxt durğunluğun yox, inkişafın tərəfdarıdır.

Söhbətləşdi:
Ələkbər ƏLİYEV,
yazıçı, İsveçrə

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR