İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Məsud Aşina: “10-20 il sonra azərbaycanlılar tam başqa olacaqlar”

7267 18.04.2018 09:10 Müsahibə A A

Dünyanın ən xoşbəxt 3 ölkəsindən birində yaşayan azərbaycanlı tibb professorundan maraqlı açıqlamalar

Mənim qəhrəmanım 1965-ci ildə Bakıda doğulub. 20 saylı məktəbdə oxuyub. Həndbolla məşğul olub və hətta bədən tərbiyəsi üzrə məktəb şurasının sədri olub. 1982-ci ildə Məsud Aşina Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Tibb Universiteti - red.) müalicə-profilaktika fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib. Təcili Yardımda internatura keçib və 1989-cu ildə o vaxt 16 yaşı olan qardaşı Səidlə birgə Danimarkaya köçüb.

Kopenhagendə yarımillik təkrar internaturadan sonra Məsud Aşina sıx surətdə elmlə məşğul olmağa başlayır. Elmə özünün növbəti 5 illik həyatını sərf edir. Nəticə etibarilə 2000-ci ildə PhD dərəcəsi üzrə dissertasiya müdafiə edir və 2003-cü ildə doktorluq dərəcəsi alır. 2006-cı ildə Kopenhagen Universiteti yanında nevrologiya üzrə assosiativ professor olur və universitet klinikasının bazasında işləməyə başlayır. 2014-cü ildə Danimarka Milli Hospitalı və Kopenhagen Universitetinin nevrologiya professoru adına layiq görülür. 2017-ci ildə Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin (International Headache Society) növbəti prezidenti seçilir. “Miqrenin patofiziologiyası” kitabının, beynəlxalq tibbi nəşrlərdə baş ağrıları və miqrenlə bağlı getmiş 400-dən çox məqalənin müəllifidir.

Xanımı Kəmalə Aşina stomatoloq işləyir və rəsmlə maraqlanır. Oğlu Xaqan tibb fakültəsini bitirəcək. Qızı Sara gimnaziyanın birinci kursunda oxuyur. Qardaşı Səid Aşina - Nyu-York Universitetinin assosiativ professorudur. Səid yayda Harvard Universitetinə, daimi işə keçmək istəyir. O, həmçinin baş ağrıları üzrə mütəxəssisdir. Ancaq daha çox epidemiologiyaya köklənib.

Məsud Aşina ilə söhbət zamanı qürbətdə inteqrasiyanın çətinliklərindən, tibb elminin inkişafından, habelə Vətən və optimizmdən danışdıq:

- Sizin Danimarka cəmiyyətinə inteqrasiya təcrübənizdən danışmaq istərdim. Ola bilsin, o, inteqrasiya çətinlikləri yaşayan emiqrantlarımız üçün faydalı olsun. Siz axı sovet dövründə, Sovet İttifaqından köç eləmisiniz. Ölkəniz - Azərbaycan SSR sizin üçün qəfildən müstəqillik qazananda siz artıq burada idiniz və qısa müddətdə çox şeyə nail oldunuz. Əlbəttə ki, geriyə qayıtmaqdan söhbət gedə bilməzdi. Vətəninizdə dəhşətli hadisələr baş verirkən siz belə uzaq diyarlarda necə kök sala bildiniz? Bütün bu proseslər qəliz adaptasiya dövründə sizə necə təsir elədi?

Mesud Ashina -  muellif eli ekberle.jpg (248 KB)

 “Danimarkada uğurun əsas rəhni kritik düşüncə və debatlardır”

- Ən birinci, mən başa düşdüm ki, istənilən cəmiyyətə açar - yerli dili bilməkdir. İkincisi, gərək öz qarşına məqsəd qoyasan və belə bir suala aydın cavab tapasan ki, mən bu cəmiyyətdən nə gözləyirəm, özümü illər sonra necə təsəvvür edirəm? Mənim mücərrəd hisslər, həyəcan və düşüncələr üçün yetərincə zamanım olub. Anlayırdım ki, ilk işim yeni mühitdə oturuşmaq olmalıdır və yalnız bundan sonra özünə, yaşayacağın yeni ölkəyə və həmçinin, tarixi vətəninə faydalı ola bilərsən. Ona görə də mən dərhal peşəmə uyğun gələn istənilən bir işi axtarmağa başladım. Tezliklə onu tapdım və fəal şəkildə yerlilərlə ünsiyyətdə olmağa, dili inkişaf etdirməyə, adamların mentalitetini öyrənməyə başladım.

Danimarka dili tələffüzcə mürəkkəbdir. Odur ki, tələffüz və yazılı danışıq kurslarına yazılası oldum. Gündüz işləyir, axşamlar isə məşğələlərə gedirdim. İlk olaraq könüllülük əsasında, heç bir əməkhaqqısı olmayan iş seçdim: hər gün xəstəxanaya gəlir, iclaslarda iştirak edir, xəstələrə baş çəkirdim, mənə tapşırılan bütün işləri görürdüm. Tibbi mühitdə Danimarka dilini öyrənmək mənim üçün əlavə üstünlük idi, nəinki əməkhaqqı. Bir il sonra mən artıq imtahan verdim. İmtahan sirrozun başlı-başına buraxılan formasından əziyyət çəkən pasiyentin qəbulu, müayinəsi, müalicənin təyinatı və onun uçotu ilə bağlı idi. İmtahandan sonra əlimdə dəstə-dəstə sənədlər həkim qəbulu otaqlarına başçəkmələr başladı. Təmaslara girmək, özünü göstərmək, işəgötürənlərdə pozitiv təəssürat yaratmaq lazım gəlirdi. Axı mənim adım, diplomum onlara heç nə demirdi. Onlar namizəd haqda əlavə informasiyaya, onlarla canlı təmasa  ehtiyac duyurdular  - hansı təmaslar ki, “gəlmə” haqda bütün stereotipləri, ştampları kənara atmağa, məni ciddi şəkildə qiymətləndirməyə kömək elədi.

Yeri gəlmişkən, mənə ilk işi yarım il qabaq məndən həmin o imtahanı qəbul edən həkim verdi. Bir ay sonra artıq başqa bir professorun qapısını döydüm və cərrahiyyədən imtahan verdim. Mənim elmi karyeramın ilk illərində üst-üstə düşən iki maraqlı məqam budur. Ancaq harda işləyirdimsə işləyim, məni bir an belə bu fikir sakit buraxmırdı: mən nevrologiya ilə məşğul olmalıyam, məndə yalnız buna dərin həvəs vardı. Milli Hospitalda nevrologiya professoru ilə söhbət ömürlük yaddaşımda qaldı. Professor ilk olaraq mənə bunu dedi: “Mən sizi elə görmək istəyirdim ki. Ona görə sizi söhbətə dəvət eləməli oldum”. Sən demə, onu mənim cavanlığım və karyerada sürətli yüksəlişim heyran edibmiş. “Danimarkada tibbə 16 yaşında gəlmirlər və belə tez həkim olmurlar. Burada nəsə var və siz qəbul edildiniz,” - demişdi.

- Nə vaxtsa özünüzə qarşı, tutaq ki, peşəkar həyatınızda diskriminasiya hiss etmisizmi?

- Nəinki hiss eləməmişəm, ümumiyyətlə, görməmişəm. Ancaq mən məişət diskriminasiyasını həmişə iqnor eləmişəm və çox tez də yaddan çıxarmışam.  Bunların hamısı həyatın xırdalıqlarıdır. İnsan həmişə özününkülərə - ailə üzvlərinə, qohumlarına, xalqına daha yaxın olur. Bu, tamamilə təbiidir və belə şeylərdə ilişib qalmağa dəyməz. Azərbaycanda kimin xoşuna gələr ki, kimsə kənardan öz nizamnaməsi ilə gəlsin və öz qaydalarını bərqərar eləmək istəsin? Biz buna avropalılardan daha sərt reaksiya verərik, burası dəqiqdir.

Peşəkar həyatımda diskriminasiya ilə rastlaşmamışam. Hələ karyeramın əvvəlində mənimçün çox mühüm bir söhbət olmuşdu - hansı məsələ ilə bağlı ki, yalnız bir iddiaçı var idi, o da özüm idim. Yerdə qalanların hamısı yerli adamlar idi. Komissiya seçimi mənim üzərimdə elədi. Bu da yalnız o demək idi ki, bu ölkənin tibb camiyəsində mövhumata yer yoxdur. Danimarka gerçəkdən də hər kəsə inkişaf eləmək, artmaq şansı verir.

mesud ashina ve aailesi.jpg (119 KB)

“Bu sistemin tərkib hissəsi olmaqdan qürur duyuram”

Anlaşılmazlığın daha bir səbəbi bilirsizmi nədir? Bu - Şərq insanının subordinasiya anlayışına münasibəti və ya onun iyerarxik dünya görüşüdür, hansı üstünlüklər ki, Danimarkada, sadəcə, işləmir. Burada işləməyə başlayanda dərk eləmək lazımdır ki, kiçik tibb personalı - ora-bura qaçan oğlan və qız uşaqları deyil ki, onlara əmr edə və nazları ilə oynamaya biləsən. Belə münasibət burada, sadəcə, mümkünsüzdür. Əgər sən hər halda özünü məqbul aparmamaq qərarı verirsənsə, o zaman etiraz aktı ilə üzləşirsən və bunu özünə, gəlmələrə qarşı diskriminasiya kimi qələmə verirsən. Hətta kiçik tibb personalına əmr verməyə vərdiş eləmiş alman həkimləri burada və ya İsveçrədə vəzifəsindən, mövqeyindən asılı olmayaraq həmkarlar arasında bərabərlik dozasından rahatsız olurlar. Hamı bir-birinə “sən” deyir.

- Bizim insanın emiqrasiyaya qədərki gündəlik həyatında adətən spontanlığa, boş-bekarçılığa çox yer verilir və birdən sərt struktur çərçivələrinə düşəndə bizim insanın öz-özü ilə, cəmiyyətlə konflikti başlayır, məyusluq özünü göstərir. İdentikliklə bağlı tez-tez şüuraltı da olsa, üzücü düşüncələrə yol açılır. “Hər halda biz başqayıq” deyirlər. Vətən xiffəti düzgün seçimdə şübhələri didib-dağıdır. Mən bir neçə gənc tanıyıram ki, məhz məişət fərqliliklərinə dözməyərək Azərbaycana qayıdıblar. Avropa onlardan ötrü oriyentir ola bilmir, onlar məyusdurlar və orada özlərini tapa bilmirlər. Bu, sanki müasir dövrün epidemiyasıdır...

- Onlar tələsiblər. Çünki Azərbaycan da tezliklə başqa olacaq. O, artıq başqadır. Bir çox şeylər ki, bütün həyatımız boyu bizə “təmiz azərbaycansayağı” görünüb, artıq yoxdur. Di gəl, inersiya üzrə biz Bakıya inanmağa davam edirik ki, orada adamlar qapını qıfıla bağlamır, bütün qonşular bir-birinə inanır və Çinar altında çay içirlər. Dəfədən-dəfəyə həmin o spontanlıq, boş-bekarçılıq azalır. Başa düşmək lazımdır ki, biz də dəyişir, zamanla ayaqlaşırıq. Azərbaycanlılar tədricən daha mütəşəkkil olurlar. Hətta avtobuslar cədvəl üzrə hərəkət edəndə beyinlərdə inqilab baş verir. Addım-addım, 10-20 il sonra azərbaycanlılar tam başqa, yəni daha yaxşı olacaqlar. Nə qədər radikal olsa belə, müxtəliflikdən qorxmaq lazım deyil. Biz özümüz də Avropada öz ətrafımıza təsir edirik. İş yerində ünsiyyət zamanı mənim azərbaycanlı temperamentim çoxlarına xoş gəlir, həmkarlar bunu qiymətləndirirlər. Onlara elə gəlir ki, mən onların cəmiyyətlərinə yeni, əlavə nəsə bəxş edirəm - lap olsun ki, ekzotik xarakterli. Əsas odur ki, yenilik işləyir və sistemə harmonik şəkildə uzlaşır. Onlar bunda pozitiv görürlər.

- Yadıma gəlir ki, 3 il qabaq Kopenhagendə söhbət zamanı siz belə bir ifadə işlətmişdiniz: “Danimarkalıların kritik düşüncə tərzi məni valeh edir”. Fürsətdən istifadə edib soruşmaq istərdim: Sizcə, Danimarkanı Avropada və Skandinaviya ailəsində fərqli edən nədir? Onun “fişka”sı nədir?

- Danimarka - unikal ölkədir, xüsusən də ictimaiyyət elmi ilə məşğul olanlar üçün. Sosioloqlar bu ölkənin özəlliklərini öyrənməkdən zövq alardılar. Şübhəsiz ki, suallara cavablar var - necə olub ki, onlar belə güclü inkişaf ediblər, xoşbəxtlik reytinqlərində daima birinci üçlükdə qərar tuturlar? Fikrimcə, izah mədəni radikallıqda axtarılmalıdır. Məsələ ondadır ki, onlar öz mentalitetlərini inqilabi yolla dəyişdilər, onu sındırdılar.

Sizin təbirinizcə desək, Danimarkanın fişkası - onun ictimai debatlar ənənəsindədir. Onlar həmişə və hər yerdə debat edir və inanırlar ki, həqiqət mübahisələrdən doğulur. Onlar bundan qorxmurlar. Çünki bu, bütün sahələr üzrə inkişafa təkan verir. Sayı 6 milyona çatmayan əhali və hər şeydə belə fantastik inkişaf səviyyəsi! Danimarkada uğurun rəhni məhz kritik düşüncə və debatlardır. Əlbəttə ki, onların qabarıq şəkildə özünü göstərən həmrəylik hissi kimi özəlliyini də unutmaq olmaz. Danimarkalılar prinsip etibarilə razılaşa bilmirlər ki, kimsə kasıbçılıq həddindən aşağı yaşaya bilər. Sosial müdafiə nəhəng xərclər, müvafiq olaraq böyük vergilər tələb edir. Ancaq danimarkalılar deyinsələr belə, onlar üçün sevimli olan bu sistemin fəaliyyət göstərəcəyi düşüncəsi ilə onu ödəməyə hazırdırlar.

Belə bir situasiya təsəvvürə gətirin. Mən miqrenlə bağlı eksperimentlər keçirirəm və bundan ötrü kənardan könüllülər cəlb edirik, onlarda süni başağrıları yaradırıq. Mən onlardan soruşuram: nədən belə eksperimentlərə razı olursunuz, axı, mən sizdə başağrısı yaradıram? Cavab verirlər ki: “Biz bura ona görə gəlirik ki, başqaları əzab çəkməsin, bizim uşaqlar belə şey yaşamasınlar. Ona görə istəyirik, siz bu bəlaya qarşı vasitə tapasınız”.

Mən bunu yüksək dərəcədə altruizm (başqalarının rahatlığı naminə özünə əziyyət vermək - red.) adlandırıram. Həmrəylik və cəmiyyət qarşısında məsuliyyət hissi. Etiraf edim ki, belə bir sistemin tərkib hissəsi olmaqdan qürur duyuram.

(Davamı olacaq)

Söhbətləşdi: Ələkbər Əliyev,
yazıçı, İsveçrə

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR