İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən ismarış: “Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir”

735 12.05.2023 11:02 Media A A

Ceyhun Məmmədov: “Azərbaycan tolerantlıq, multikulturalizm mərkəzlərindən birinə çevrilib”

“Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan demokratik ölkədir. Azərbaycanda insanlar azad yaşayırlar. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayır. Bu da dünyada bir nümunədir və bunu təkcə mən yox, bir çoxları, yəni bu məsələ ilə yaxından məşğul olan ekspertlər, siyasətçilər, dövlət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri qeyd edirlər”.

Bu fikirləri mayın 10-da Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib. Ölkə başçısı əlavə edib ki, bu unikal ab-hava bu gün ölkəmizi gücləndirir: “Bax, bu gün durduğum Şuşa şəhərinin mərkəzində bunu bir daha demək istəyirəm ki, Azərbaycanda yaşayan bütün xalqların qanı, canı bahasına biz bu gün burada dayanmışıq. Bu, böyük sərvətdir. Amma elə ölkələr var ki, orada milli, dini zəmində qarşıdurmalar baş verir, toqquşmalar baş verir. Elə ölkələr var ki, orada heç bir başqa xalqın nümayəndəsi yaşaya bilmir, elə Ermənistanı misal göstərək. Əhalisinin 99,9 faizi ermənilərdən ibarət Ermənistan bax, bu rəqəmlə faktiki olaraq öz faşist siyasətini göstərir. Ancaq vaxt var idi indiki Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi. İndi Avropanın bəzi ölkələrində, Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir, qanunlar qəbul edilir, dinimizə qarşı çirkin əməllər törədilir, Qurani-Kərim yandırılır və buna da biganə yanaşırlar. Yəni mən bu sözləri söyləməklə bir daha demək istəyirəm ki, bizdə mövcud olan ab-hava unikaldır. Bu, bizim həyat tərzimizdir və eyni zamanda bu, bizim siyasətimizdir, bu, bizim gücümüzdür. Bu gün belədir, bundan sonra da belə olacaq. Ancaq belə olan halda, biz bundan sonra da rahat yaşaya bilərik, öz gələcəyimizi özümüz qura bilərik".

Ölkə başçısının “Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir, dinimizə qarşı çirkin əməllər törədilir, Qurani-Kərim yandırılır və buna da biganə yanaşırlar" fikri diqqət çəkir. Halbuki həmin ölkələr dünyaya tolerant olmağı təlqin edirlər. Bəs nəyə görə müsəlman ölkələrinə qarşı bu qədər dözümsüzlük nümayiş etdirirlər.

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

Millət vəkili Ceyhun Məmmədov da “Yeni Müsavat”a dedi ki, bu gün Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin sülh və anlaşma şəraitində birgə yaşadığı unikal nümunədir: “Bu gün bütün dinlərin, bütün xalqların nümayəndələri azərbaycanlılarla birgə yaşayaraq ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün Azərbaycanda yaşayan heç bir xalqa dövlət tərəfindən ayrı-seçkilik qoyulmur. Bu gün Azərbaycanın Vətən müharibəsində qələbəsində bu ölkədə yaşayan rusların da, yəhudilərin də, digər xalqların da payı var. Bu gün Azərbaycan bu baxımdan bütün dünya ölkələri üçün unikal bir nümunə sayılır. Bu gün bizim ölkəmizdə dövlət bütün dinlərə, xalqlara bərabər şəraiti yaradıb. Azərbaycan bu baxımdan tolerantlıq, multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün ayrı-ayrı dövlətlər, ayrı-ayrı xalqlar da Azərbaycanın əldə etdiyi bu uğur barədə öz fikirlərini bölüşərək Azərbaycanın ən dəyərli sərvətlərindən birinin məhz tolerantlıq və multikulturalizm olduğunu hər zaman vurğulayırlar. Bu gün demokratiyadan davamlı bəhs edən, özünü demokratiyanın mərkəzi hesab edən bir çox Avropa ölkələrində islamafobiya geniş yayılıb. Bu gün Ermənistanın özündə ermənilərdən başqa xalq yaşamır. Zaman-zaman Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmağa cəhdlər var. Buna baxmayaraq, Azərbaycan inkişaf edir, öz ənənələrini qoruyur. Azərbaycan bu baxımdan dünyanın ən unikal nümunəsi sayla bilər”.

Deputat əlavə edib ki, bu gün Azərbaycanda 30 minə yaxın erməni yaşayır: “Bu gün Bakının mərkəzində içərisində 5 min kitab olan erməni kilsəsi Azərbaycan Dövləti tərəfindən qorunur, saxlanılır. Bu bir daha xalqımızın digər dinlərə, xalqlara nə dərəcədə tolerant yanaşdığının göstəricisidir. Prezident də bu məsələyə geniş toxundu. Onu da qeyd etmək lazımdır ki, bu ənənənin möhkəmlənməsində həm ulu  öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin çox müstəsna xidmətləri olub. Bu gün də bu ənənələr dövlət tərəfindən qorunur”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb. 

HAZIRLADI: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR