İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il 123 milyard manatlıq ÜDM istehsal olunub

525 15.03.2024 12:51 İqtisadiyyat A A

“Bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova hökumətin hesabatına həsr olunmuş iclasda söyləyib.

Spiker qeyd edib ki, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdıqdan sonra hökumət üzvləri ilk dəfədir, Milli Məclisin iclasında iştirak edirlər:

“Xatırladım ki, fevralın 16-da Baş nazirin təyinatına razılıq məsələsinə baxılarkən biz hörmətli Əli Əsədovu təbrik etmişdik. İndi isə fürsətdən istifadə edərək, hökumətin bütün üzvlərini səmimi-qəlbdən təbrik edirik və onlara yeni uğurlar arzulayırıq”.

Spiker vurğulayıb ki, 2023-cü il milli inkişaf tariximizə “Heydər Əliyev İli” kimi daxil olub:

“Bununla birlikdə, ötən il möhtərəm cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü qeyd edilib. Keçdiyimiz tarixi dövrün təhlili göstərir ki, Ulu Öndərin rəhbərliyi ilə ölkə iqtisadiyyatında bərqərar edilmiş inkişaf dinamikası möhtərəm cənab Prezidentin rəhbərliyi ilə ildən-ilə daha da möhkəmlənib və 2023-cü ilin uğurlu göstəricilərində yeni ifadəsini tapıb. Mən yalnız bir neçə rəqəmi qeyd edəcəyəm və bilirəm ki, bu haqda ətraflı məlumat veriləcək. Sadəcə onu qeyd edim ki, ötən il ölkədə 123 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2022-ci illə müqayisədə 1,1 faiz çoxdur. Sevindirici hal odur ki, artım qeyri-neft-qaz sektorunun hesabına təmin edilib. Diqqəti çəkən məqamlardan biri də dövlətin strateji valyuta ehtiyatlarının 17 faizdən çox artması və 68,5 milyard ABŞ dolları təşkil etməsidir.

2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 20 milyard manatdan çox investisiya qoyuluşu həyata keçirilib. Bu isə əvvəlki illə müqayisədə 9,8 faiz çoxdur.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ildə 5,6 milyard manatadək vəsait xərclənib. Ötən üç ildə isə bu vəsait 12 milyard manatdan çox olub. Bütün bunlar dövlət başçısı möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığın azaldılması, infrastrukturun inkişafı və digər sahələrdə hökumətin fəaliyyətinin səmərəli qurulduğunu söyləməyə əsas verir”.

Sahibə Qafarovanın sözlərinə görə, əminliklə söyləmək olar ki, bu gün ölkəmizin malik olduğu zəngin resurslar qarşıya qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır:

“Mən bu il fevralın 14-də möhtərəm cənab Prezidentin andiçmə mərasimində söylədiyi nitqdən bir fikri xatırlatmaq istəyirəm. Cənab Prezident demişdi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Bu yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.

Biz həmişə məmnunluqla qeyd edirik ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Onu da deyim ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilib. Eyni zamanda, artıq 4 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə Milli Məclis deputatlarının təkliflərinin icrası barədə məlumat da daxil edilir.

Düşünürəm ki, deputatlar bu gün aparacağımız müzakirələrdə fəal iştirak edəcək və səmərəli təkliflər irəli sürəcəklər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR