İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbyaşlı qızını nişanlayanların cəzası - Valideynlərin diqqətinə!

943 20.05.2023 09:20 Media A A

Bir neçə gün öncə Bakıda 13 yaşlı qızın 37 yaşlı kişi ilə nişanlanması xəbəri cəmiyyətdə ciddi narahatlıq doğurdu. “Xəzər Xəbər”in hazırladığı reportajdan məlum olur ki, 13 yaşlı qız 3-cü sinifdən sonra məktəbə getməyib, valideynləri buna icazə verməyib. Bu azmış kimi, 13 yaşında məcburi olaraq özündən dəfələrlə böyük kişi ilə nişanlandırılıb.

“Nişanlanmaq istəmirəm, oxumaq istəyirəm. Onlar istədilər, məndən icazə almadılar. Heç oğlanla danışmıram, istəmirəm”, - deyə qız bildirib.

Qızın anası isə “Həyat yoldaşımın psixoloji problemi var və həbsxanadadır. Hər zaman deyir ki, həbsdən çıxan kimi onu öldürəcəyəm. Anam da xəstədir, uşağa kim baxacaq? Bilirəm ki, cinayət işi daşıyıram” sözlərini söyləyib.

Qadın deyib ki, nişan indi olsa da, toy üçün övladının yaşının tamam olmasını gözləyəcəklər.

Oğlanın anası isə “Nişanlanmaq evlənmək deməkdir? Gözləyəcəyik yaşı tamam olsun sonra toy edək. Yiyəsi, anası və nənəsi verdi, mən də aldım. Dedilər ki, sahibsiz qızdır, başqası aparıb başına bir iş açar. Başqası nəsə edincə, ad olsun sizinki. Anası baldızımdır. Oğlumun bir arvadı olub, beşi olmayıb ki... Arvadı oturmadı, qaçıb getdi” sözlərini əlavə edib.

Hadisə ictimailəşdirilən kimi aidiyyəti orqanlar dərhal hərəkətə keçdi. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə ilə söhbət aparıb, baş tutan nişan pozulub, 13 yaşlı qız azyaşlı bacısı ilə birlikdə Sosial Xidmətlər Agentliyin sosial xidmət müəssisəsinə yerləşdirilib. Qurumdan bildirilib ki, uşaqlara sosial-psixoloji və digər xidmətlər göstəriləcək.

Qeyd edək ki, bu cür hadisə paytaxt Bakı və digər böyük şəhərlərdə nadir hallarda baş versə də, rayon və uzaq kəndlərdə tez-tez müşahidə olunur. Hadisə ictimailəşdiriləndə aidiyyəti orqanlar məsələyə müdaxilə edib, onun qarşısını ala bilsə də, bir çox hallarda erkən nikah artıq baş verib, körpə doğulanda hər kəs bu hadisədən xəbər tutur.

Bəs övladlarını erkən, hətta uşaq yaşda nikaha yönləndirən, buna məcbur edən valideynləri hansı məsuliyyət gözləyir? Qanunvericilikdə bununla bağlı cinayət maddəsi varmı?

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu” -  05.08.2017, Sputnik Azərbaycan

Mehriban Zeynalova: “Toy olmasa belə, məcburiyyət varsa, deməli...”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu kimi hadisələrdə valideynlər məsuliyyətə cəlb oluna bilər: “Əlbəttə ki, ortada toy olmasa belə, məcburiyyət varsa, deməli, cinayət əməli var. Bu hadisədə qızın 13 yaşı var, bu o deməkdir ki, ortada artıq erkən deyil, uşaq nikahı var. Uşaq nikahı isə məsuliyyəti daha da artırır. Yaxşı ki, kimlərsə bu cür faktları aşkarlayır. Yoxsa ki, uşağı dini nikaha salıb, evdə otuzdurardılar, bir uşaq dünyaya gələndə artıq hamı xəbər tutardı ki, erkən nikah baş verib. Bu məsələdə cəmiyyətin rolu, aktiv iştirakı çox mühümdür. Çox yaxşı haldır ki, kimsə bu cür faktlardan xəbər tutanda ictimailəşdirir və qurumlar dərhal məsələdən agah olur, hərəkətə keçirlər”.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev: “Valideyn o halda cinayət məsuliyyəti daşıyır ki...”

Tanınmış vəkil Əsabəli Mustafayev isə mövzuya bu cür şərh bildirdi: “Qeyd edim ki, nikah deyəndə artıq ailənin formalaşması nəzərdə tutulur. Azərbaycanda məcburi nikaha cəlb edilməsi ilə bağlı məsuliyyət var. Hətta erkən nikahla bağlı ayrıca cəlb etmə var. Yəni azyaşlını məcburi nikaha cəlb etmə ağır məsuliyyət deməkdir. Lakin qanunvericiliyimizdə məcburi nişanlanma və yaxud erkən yaşda nişanlanma ilə bağlı hər hansı maddə, anlayış yoxdur. Başqa sözlə, nişanlanma nikaha aid edilmir. Ola bilsin ki, praktikada bu cür hallar az təsadüf edir deyə, qanunvericilik buna diqqət etməyib. Məsələn, bildiyim qədər Türkiyədə nişanlanmağa məcbur etmə məsuliyyəti də var. Çünki bu artıq evləndirmə ərəfəsi, ona yönləndirmədir. Görünür, qanun da o zaman qəbul olunur ki, praktikada bu baş verir.

Ola bilər ki, Konstitusiya Məhkəməsi qərar qəbul etsin ki, nişanlanmanın özü də nikahdır. Amma indiki halda bunu güman etmirəm. Ona görə də yaxşı olardı ki, mətbuat bu sahədə maarifləndirmə, məlumatlandırma işi aparsın ki, belə hadisələr baş verir və qanunvericiliyə əlavələr edilsin. Çünki 13 yaşlı qız hərəkətlərini idarə edə bilmir, həm psixoloji, həm maddi təsir altındadır. Amma onu nişanlanmağa, gələcəkdə evlənməyə yönləndirən şəxsi isə məsuliyyətə cəlb etmək olmur, çünki qanun buna imkan vermir.

Amma bir məsələ də var, əgər uşağa psixoloji təzyiq varsa, bu artıq zorakılıqdır, özü də məişət zorakılığı. Məlum olduğu kimi, məişət zorakılığına həm fiziki, həm də psixoloji, iqtisadi zorakılıq da daxildir, onun tərkib hissəsidir. Bu hadisədə məişət zorakılığı açıq-aydın görünür. Beləliklə, hüquq-mühafizə orqanları bu hadisəni məişət zorakılığı kimi qiymətləndirib, uşağı buna məcbur edən şəxsi və ya şəxsləri məsuliyyətə cəlb edə bilər. Yəni qanunda nişanlamaya görə məsuliyyətə cəlb etmək imkanı yoxdursa, bunu məişət zorakılığı kimi qiymətləndirib məsuliyyətə cəlb etmək mümkündür".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb.

Hazırladı: Xalidə GƏRAY 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR