İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli qızların evdən qaçması...- sosioloqdan SOS!

1108 24.05.2023 09:02 Media A A

Əhməd Qəşəmoğlu: “Bundan da iyrənc hadisələr ortaya çıxacaq, çünki...”

İki gün öncə Tovuz rayonunda 13 yaşlı məktəbli qızın ərə getmək üçün evdən qaçdığı məlum oldu. Əvvəl qızın Cəlilabaddakı sevdiyi oğlana qaçdığı ehtimal olunsa da, sonradan Xaçmaz rayonunda 44 yaşlı, ailəli, üç övladı olan kişiyə qaçdığı ortaya çıxdı.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov mətbuata açıqlamasında bildirib ki, qızın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

“Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, son vaxtlar bu cür hadisələr tez-tez baş verir.  Belə ki, cəmi bir neçə gün öncə 13 yaşlı qızın 37 yaşlı oğlanla nişanlandığı, ondan əvvəl isə 16 yaşlı qızın 48 yaşlı evli kişiyə qoşulub qaçdığı məlum olmuşdu.

Mütəxəssislər tərəfindən son günlər cəmiyyətimizdə baş verən bu cür neqativ hadisələrin əsas səbəbi kimi xüsusən kənd yerlərində təhsilə marağın azalması, nəticədə qızların təhsildən yayınmasının kütləvi hal alması, məktəblərdə şagirdlər və gənclərlə maarifləndirici söhbətlərin aparılmaması, həmçinin televiziyalarda mədəni-maarif verilişlərinin, təhsil proqramlarının azlığı, sosial şəbəkələrin yaratdığı fəsadlar göstərilir.

Əhməd Qəşəmoğlu: “Nazirlərimiz sadə hərəkətləri ilə deyil, tapşırılmış  işləri görməklə məşhurlaşsınlar...” Pravda.az

Əhməd Qəşəmoğlu

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, hazırda ölkədə bu sahədə ciddi boşluq yaranıb: “Məktəbli qızların erkən yaşda ailə qurması və yaxud öz istəyi ilə ərə qaçması, qızların təhsildən yayınması  cəmiyyətimizin ağrılı məsələlərindən biridir. Qeyd edim ki, ölkədə bu sahə başlı-başına buraxılıb. Ciddi şəkildə bu məsələlərlə məşğul olmaq lazımdır. Lakin bununla məşğul olacaq qurum yoxdur. Bir dəfə belə bir qurum yaratmağa çalışırdıq, sonradan ləğv edildi. Məsələ odur ki, cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşırsa, onu başlı-başına buraxmaq olmaz, bu çox təhlükəlidir. Bunu dünyanın ən nəhəng alimləri, sosioloqları da deyir. Beləliklə, mövcud elmi mərkəzlər bu kimi problemləri təhlil etməli, bununla bağlı Prezident Administrasiyasında, Milli Məclisdə, ictimai təşkilatlarda, nazirliklərdə və KİV-də tövsiyələr hazırlanmalıdır.

Burada ən əsas məsələ - təhsil sistemində ciddi dəyişikliklər edilməli, proqramlar hazırlanmalıdır. Bu barədə beş ildir ki, az qala hər ay danışıram. Bizim təhsil sistemimiz indi çalışır ki, hansısa xarici modelləri təhsilimizə tətbiq etsin. Bu, gülüncdür. Biz çalışmalıyıq ki, təhsil sistemimiz elə olsun ki,  orada yetişən yeni nəsil arzu etdiyimiz şəkildə olsun. Yəni yeni nəsil həm fiziki, həm də mənəvi baxımından sağlam yetişə bilsin. Daha bir məsələ, məktəblər indiki zamanda ailələr ilə mütəmadi işləməlidir. Yəni indiki cəmiyyət bunu tələb edir. Bu zaman məktəbin də xəbəri olacaq ki, şagirdlərin ailələrində nə baş verir, onlarla necə işləmək lazımdır. Bunun üçün məktəblərdə geniş sosial iş şəbəkəsi yaradılmalıdır. Bu barədə mənim modellərim, proqramım var, amma bunu eşidən yoxdur".

Sosioloq qeyd edib ki, problemin qarşısı indidən alınmasa ildən-ilə vəziyyət daha da qorxunc olacaq: “Bəziləri elə anlayır ki, 30 il bundan əvvəlki kimi hansısa qərarlar qəbul etməklə, tədbirlər keçirməklə məktəb yaşda qızların ərə getməsinin qarşısını almaq olar. Amma hər birimiz şahidi oluruq ki, məhdudlaşdırıcı tədbirlər, maarifləndirmə heç bir effekt vermir. Bundan sonra da hansısa qanunlar qəbul olunsa, qarşısını almaq mümkün olmayacaq. Bunun üçün bir daha qeyd edirəm ki, kompleks tədbirlər həyata keçirmək lazımdır. Bu isə elmi təminat tələb edir. Çox təəssüf ki, Azərbaycanda elmi təminat ya lazımi şəkildə dəyərləndirilmir, ya da ondan istifadəni bacarmırlar. Qərbdə isə uzun illərdir ki, bununla bağlı xüsusi elmi sahələr yaranıb və cəmiyyətdə hansısa neqativliklər baş qaldıranda prosesləri məhz elmi metodlarla idarə edirlər.

Bəzən jurnalistlər mənə sual verir ki, “indi niyə tez-tez qadınlar evdə kişiləri döyür?” Əvvəllər belə hadisələr yox idi və yaxud çox nadir hallarda rast gəlinirdi.  İndi isə qadınlar kişiləri döyür, hətta başını da yarır, 13 yaşlı məktəbli qızlar evli kişiyə qaçır və sairə. Yəni bundan da iyrənc hadisələr ortaya çıxacaq, çünki cəmiyyətdə baş verən prosesləri elmi olaraq öyrənmir, təmir etmirik, idarəedici orqanlar tövsiyələr hazırlamır".

Yazını hazırladı: Xalidə GƏRAY 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR