İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD Parisi hədələdi - azərbaycanlıların da qatılacağı olimpiadaya terror təhdidi

665 02.04.2024 09:49 Gündəm A A

Arzu Nağıyev: “Olimpiya Oyunları kimi oyunlara ev sahibliyi edən dövlət təhlükəsizliyi də təmin etməlidir”

İŞİD-in sosial şəbəkələrində bu yay Olimpiya Oyunlarının keçirilməsi planlaşdırılan Parisə hücumdan bəhs edilib. Bu yarışlar qlobal arena və böyük auditoriya səbəbilə böyük hədəf hesab olunur. Belə bir təhlükə barədə ABŞ ordusunun istefada olan polkovniki Co Buçinon Fox Business telekanalına verdiyi açıqlamada danışıb. 

Qeyd edək ki, İŞİD indiyədək Fransada bir neçə terror aktı törədib. Rusiyadakı 22 mart qanlı olayından sonra isə hədəfdə həm də Parisin olduğu haqda informasiyalar artıb. Bu arada məlum olub ki, Parisdə keçiriləcək 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı təhlükəsizlik məlumatlarının olduğu USB itib. Fransanın BFMTV kanalının məlumatına görə, şəhərin Şimal vağzalında Paris bələdiyyəsinin əməkdaşının çantası qatarda oğurlanıb. Çantanın içində 2 USB disk və bir iş kompüterinin olduğu bildirilib. Qatardan düşən zaman çantasının oğurlandığını görən bələdiyyə işçisi şikayət edib. Sözügedən USB disklərdən birində 2024-cü il Paris Olimpiadası üçün təhlükəsizlik planları olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Yerli mətbuat bu vəziyyətin olimpiada üçün təhlükəsizlik zəifliyi yaradıb-yaratmayacağı məsələsini gündəmə gətirib. Olimpiada zamanı Paris Bələdiyyəsinə bağlı 2000-ə yaxın bələdiyyə polisinin xidmətdə olacağı gözlənilir.

O da məlum olub ki, Paris 2024 Olimpiya Oyunlarının təhlükəsizliyini təmin edəcək kadrlar arasından 250 nəfər uzaqlaşdırılıb. Bu məlumatı Fransa daxili işlər naziri açıqlayıb. Onun sözlərinə görə, Olimpiya Oyunlarının təhlükəsizliyini təmin edəcək məsul işçilərin monitorinqi aparılır. Monitorinq könüllülərə də tətbiq ediləcək. Hər kəs oyunların müxtəlif mərkəzlərinə giriş nişanlarına sahib olacaq. Buna görə də onların hamısı Milli İnzibati Təhlükəsizlik Təhqiqat Xidməti (SNEAS) tərəfindən yoxlamadan keçməlidir. Ümumilikdə, yoxlama bir milyon insan arasında aparılmalıdır, ancaq hələlik onlardan yalnız 89 min nəfər yoxlamadan keçib. Qarşıda hələ 900 min nəfərin yoxlaması dayanır. Fransalı nazir qeyd edib ki, təhlükəsizlik işçiləri ilə yanaşı, hazırda kəşfiyyat xidmətləri 20 min insanı izləyir və onların hamısı Fransada deyil. Gündəlik olaraq 800 nəfər fiziki nəzarətdə saxlanılır. Buraya “radikal islamçılar”, irqi müharibəni sürətləndirməkdə maraqlı olan ultra sağçı və solçular, habelə Rusiyadan gələn xarici müdaxilə riskləri də daxildir. Daxili işlər naziri Fransada təhlükəsizlik baxımından “annus horriblis”dən (təhlükəli il) qorxduğunu göstərib. Olimpiya Oyunlarından əvvəl Almaniyada futbol üzrə Avropa Çempionatı 2024, Tur de Frans (Tour de France) və Normandiyaya desant çıxarma əməliyyatının ildönümü ilə əlaqədar bir çox tədbirlərin təhlükəsizliyi təmin edilməlidir. Bütün bunlarla yanaşı, olimpiada zamanı ölkədə etiraz nümayişlərinin keçirilməsi də istisna deyil. Fransa olimpiyasında isə Azərbaycan da idmançılar daxil, öz nümayəndə heyəti ilə təmsil olunacaq. 

Fransa bu qədər sayda idmançının və qonağın təhlükəsizliyini təmin etmək iqtidarındadırmı? Hansı ön tədbirlər görülməlidir? 

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

 Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, böyük tədbirlər zamanı təmsil olunan dövlətlərin təhlükəsizliyi təmin edən orqanları ilə tədbir təşkilatçısı olan yerli dövlətin təhlükəsizlik, hüquq-mühafizə orqanları əlaqəli şəkildə çalışmalıdır: “Məhz İŞİD-in belə bir tədbir öncəsi təhdid bəyanatı ilə çıxış etməsi onu göstərir ki, çox ciddi rejimli təhlükəsizlik, mühafizə tədbirləri görülməlidir. Bütün şübhəli qurumlar, İŞİD-lə əlaqəsi olma ehtimalı olan şəxsləri yenidən yoxlamaq və ciddi şəkildə nəzarətdə saxlamaq, bütün hərəkətliliklərini qeydə almaq vacibdir. Bundan başqa, sosial şəbəkələrdə, mətbuatda gedən və digər mənbələrdən əldə olunan məlumatlar da ciddi şəkildə təhlil olunmalıdır”.

Arzu Nağıyev bildirib ki, belə tədbirlər bir şəhərdə, bir arenada deyil, müxtəlif ərazilərdə keçirilir: “Fransada baş verən hadisələr, iqtidar-müxalifət münasibətlərindəki kəskin çəkişmələr belə tədbirlərin təhlükəsizlik məsələsinə də təsirsiz ötüşməyə bilər. Bununla belə, Olimpiya Oyunları kimi oyunlara ev sahibliyi edən dövlət təhlükəsizliyi də təmin etməlidir. İdmançıların özləri də, vətəndaşlar da təhlükəsizlik məsələlərinə laqeyd yanaşmamalıdırlar”. 

Qeyd edək ki, Paris 2024 Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR