İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın QANDONDURAN ƏMƏLLƏRİ: Hamilə qadınlar belə edam edilir, uşaqlar isə... - Göytürk danışdı

2408 26.11.2022 13:28 Müsahibə A A

İranda mövcud rejimə qarşı artıq üçüncü aydır ki, xalq etirazları davam edir. "Şübhəsiz, etirazlar yığışdırılacaq" deyə bəyan edən İranın ali rəhbəri Ayətullah Əli Xameneini prezident İbrahim Rəisi hökumətin iclasındakı çıxışı ilə kölgədə qoyub. O bildirib ki, hökumət etirazı və müxalif sözü eşitməyə hazırdır. İğtişaşlar həm dialoqa mane olur, həm də hər cür inkişafa əngəl törədir.

Bəs vəziyyət hansı istiqamətdə dəyişə bilər? Bu və digər suallarımıza güneyli soydaşımız, siyasi şərhçi Çingiz Göytürklə cavab tapmağa çalışdıq.

2022-09-26_172746.jpg (87 KB)

Musavat.com Çingiz Göytürklə müsahibəni təqdim edir:

- Çingiz bəy, Güney Azərbaycandakı olayları necə dəyərləndirirsiniz? Sizcə, güneydəki milli hərəkat nə vaxtsa bu qədər effektli olub?

- 10 həftədir ki, İran adlanan coğrafiyada sosial tələblərlə başlayan və sürətlə siyasiləşən proseslərin şahidiyik. Eyni zamanda bu proseslərdən öncə də var olan qeyri-fars millətlərin milli-azadlıq hərəkatlarının bu proseslərə qoşulması ilə proseslər daha da güclü bir şəkildə irəliləməyə başladı. İran İslam Respublikası hər hansı bir istəyə cavab verməkdə, bu problemlərin həllinə yönəlik hər hansı bir siyasət yürütməkdə tamamilə aciz olduğunu açıq şəkildə göstərdi. Proseslərə sadəcə şiddət göstərməklə, cinayət törətməklə, hədə-qorxu gəlməklə, insanlara qarşı atəş açmaqla, edam hökmləri ilə qarşılıq verməyə çalışdı. Sözügedən rejim 43 il müddətində dəfələrlə bu metodlardan istifadə edərək insanların etirazlarını yatırmağa çalışıb. 43 il müddətində saysız-hesabsız cinayətlər, edamlar törədərək, işgəncələr edərək, insanları həbsə ataraq yaratdıqları bir "qorxu maşını" var idi ki, bu proseslərdə onun işləmədiyi açıq şəkildə göründü. İnsanlar artıq İran və onun "qorxu maşını"ndan qorxmurlar. Biz insanların geri oturmaq niyyətində olmadığı gerçəkliyinə baxsaq, açıq şəkildə görmək mümkündür ki, proseslər nəticəsində rejim dəyişikliyi labüd və qaçılmazdır. Ancaq burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır, bu proseslərdən öncə də var olan milli hərəkatlar gerçəkliyi mövcuddur. Güney Azərbaycanda türklərin başlatdığı milli hərəkat, İranın cənub-qərbində - Əhvaz bölgəsində ərəblərin başlatdığı milli hərəkat, İranın cənub-şərqində bəlucların başlatdığı milli hərəkat gerçəkliyi və digər qeyri-fars millətlərin milli hərəkat gerçəkliyi İranda açıq şəkildə cərəyan edən proseslərdir. Bu proseslərdə millətlər açıq şəkildə görüblər və bəyan edirlər ki, rejim dəyişikliyi onların problemlərinin həllinə yetərli deyil. Çünki millətlərin problemləri məhz bu dövlətin mahiyyətindən qaynaqlanır. İran fars dövlətçiliyinin mahiyyəti digər millətləri yox edərək fars kimliyi təməlində bir İran və yaxud fars milləti yaratmaqdan ibarətdir. Bu dövlətin mahiyyətində ciddi dəyişikliklər olmadıqca rejim dəyişikliyi təklikdə hər hansı bir problemin həllinə yetərli olmayacaq. Milli hərəkatlar və onların fəalları, o cümlədən Azərbaycan türkləri İran adlanan məkanda milli-azadlıq hərəkatlarına ciddi şəkildə təsir və öncüllük etmə imkanına sahibdir. Bu milli hərəkatlar açıq şəkildə ifadə edirlər ki, sadəcə dövlətin mahiyyətində ciddi dəyişikliklər olunması durumunda bu millətlərin istəkləri və tələbləri yerinə yetirilə bilər. Yəni İran adlanan məkanda millətlərin öz milli dövlətlərini yaratması durumunda sadəcə millətlərin istəkləri və tələbləri öz əksini tapmış olar, bunun xaricində yalnız rejim dəyişikliyi millətlərin problemlərinin həllinə yetərli olmayacaq.  

FotoJet - 2022-11-25T174319.823.jpg (39 KB)

- Güney Azərbaycan dövləti yaradıla bilər?

- Bu gün şərti olaraq İran adlanan coğrafiyada Azərbaycan türkləri min illərlə öz dövlətlərini formalaşdırıb. 19-cu əsrin əvvəllərində Azərbaycanın parçalanması nəticəsində Qacar dövlətinin zəif düşməsi ucbatından 20-ci əsrin əvvəllərində bu dövlət ortadan qaldırıldı və 1925-ci ildə rəsmən proje dövləti olan, qlobal güclər tərəfindən formalaşdırılan İran fars dövləti hakimiyyətin başına gətirildi. Azərbaycan xalqı Azərbaycanın güneyində öz dövlətçiliyini itirdikdən sonra dəfələrlə öz milli hərəkatlarını formalaşdırdı və bu hərəkatların ana məqsədi məhz Azərbaycan türkünün öz milli dövlətçiliyinin bərpası olub. Qısamüddətli olsa da, 2 dəfə öz dövlətçiliyini bərpa etməyə nail olub - 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin, 1945-46-cı illərdə isə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə. Dövlətlərimiz yıxıldıqdan sonra da Azərbaycan xalqının öz milli dövlətini yaratma əzmi və iradəsində ən kiçik səhv belə olmayıb. Azərbaycan xalqı öz dövlətçiliyinin bərpası uğrunda hər mərhələdə, hər fürsətdə ciddi mübarizələr başladıb və bu mübarizələr nəticəsində böyük fədakarlıqlar göstərərək ciddi nailiyyətlər əldə etməyi bacarıb. Məsələn, İran inqilabı qələbə çaldıqdan dərhal sonra Azərbaycanın güneyində xalq müsəlman hərəkatında biz Azərbaycan xalqının iradəsinin, öz milli dövlətçiliyinin bərpası uğrunda göstərdiyi əzm və iradənin nə qədər güclü olduğunu bir daha görə bildik. Bu gün Güney Azərbaycanda cərəyan edən hərəkatda isə yeganə hədəf var, bu da Azərbaycan dövlətçiliyinin bərpasından ibarətdir. 20-ci əsrin əvvəllərində qlobal güclərin proje dövləti olaraq ortaya qoyduqları İran fars dövlətinin nə qədər eybəcər bir dövlət olduğunu artıq beynəlxalq güclər də anlayırlar və bunu ifadə etməkdən çəkinmirlər. Qarşımızda 20-ci əsrin əvvəllərində olduğu kimi hər hansı bir beynəlxalq maneə də yoxdur. Beynəlxalq iradə də Azərbaycan xalqının iradəsinin yanındadır. Dolayısı ilə Azərbaycanın güneyində Azərbaycan dövlətinin yaradılması həm labüddür, həm də tarixi ədalətsizliyin ortadan qaldırılmasının zərurətidir.

- İranda həbs edilən etirazçılar cinsi istismara məruz qalırlar. Hətta günahsız uşaqlar da vəhşicəsinə qətlə yetirilir. İran nə vaxt susacaq?

- İran fars dövlətçiliyinin 100 illik tarixinə baxdıqda bu tarixin qan, vəhşət, edamlar, qətliamlar və cinayətlərlə dolu olduğunu açıq şəkildə görmək olar. Bu, istər Pəhləvi dönəmində olsun, istərsə də İslam Cümhuriyyəti dönəmində olsun. İran İslam Respublikası 43 il öncə hakimiyyətə gəldikdə ilk icraatları məhz Azərbaycan xalqının üzərində gerçəkləşdi. Azərbaycan xalqına qarşı cinayətlər, qırğın törədərək Xəlq Müsəlman Hərəkatını yatıra bildilər. Bu proses davam etdi. Bu proseslərin hədəfi ondan ibarət idi ki, öz hakimiyyətlərini davam etdirmək üçün bir "qorxu maşını" yaratmağa ehtiyac var və onu yaratmaq üçün hər hansı bir sərhəd tanımadan cinayət törətməkdən çəkinmədilər. 1981-ci ildəki kütləvi edamlar, 1984-85-ci illərdəki kütləvi edamlar. Özlərinin ifadələrinə görə, qız uşaqlarını edam etmək dini baxımdan haramdır, ona görə də onları öncə pasdarın nikahına keçirərək səhəri gün edam ediblər. 1981-ci ildən bu günə qədər İranda yüzlərlə belə hadisələr cərəyan edib. İran İslam Respublikası hamilə qadınları edam etməkdən çəkinməyib. İran-İraq müharibəsində azyaşlı uşaqları minaların üzərinə göndərməkdən çəkinməyib. Yəni bu dövlətin cinayət törətməkdə hər hansı bir sərhədi, qırmızı xətti yoxdur. Cinayət törətməkdə özlərini sərbəst hiss edirlər. Son törədilən cinayətlər də bunların sadəcə bir nümunəsidir, hamısı deyil. Xiyabani demişkən, zülm ayaq tutar, yeriməz. İran da artıq yeriyə bilmir və son mərhələlərini yaşamaqdadır. Bu dönəmdə də mümkün olduğu qədər cinayət törətməyə cəhd göstərməkdədir. Yəni İran İslam Respublikasının susacağı məqam məhz İran fars dövlətçiliyinin ortadan qaldırılacağı gün gerçəkləşəcək. Bu da uzaqda deyil.

cb2e63dd-5a91-3b44-86aa-305674d4416b_850.jpg (35 KB)

- İran ali rəhbərinin müşaviri bildirib ki, Azərbaycan xalqı bizim gözümüzün nurudur. İran səfiri isə Azərbaycan XİN-in sözçüsü ilə görüşüb. Sizcə, İranın bu addımları nəyə hesablanıb?

- Son 30 ildə İran Azərbaycana qarşı öz düşmənçilik mövqeyini nümayiş etdirməkdən heç bir şəraitdə çəkinməyib. Azərbaycanın daxilində terror və casusluq şəbəkələri formalaşdırmaq, iğtişaş, hərc-mərclik ocaqları yaratmaq, narkotik maddə qaçaqmalçılığı şəbəkələrini formalaşdırmaq, din adı altında hər cür fəsad-fitnə gerçəkləşdirə biləcək qurumları təşkilatlandırmaq, xaricdə isə Azərbaycanın düşmənlərini dəstəkləmək, hər vasitə ilə, hər fürsətdə Azərbaycanın düşmənlərini dəstəkləmək və onlarla birlikdə Azərbaycanın ərazi bütövlüyünə göz dikmək – bunlar İranın son 30 ildə Azərbaycana qarşı apardığı siyasətin tərkib hissəsidir. Bu müddət ərzində İran Azərbaycanın yaxşı niyyətindən, səmimi qonşuluq münasibətləri formalaşdırma istəyindən sui-istifadə etməkdən çəkinməyib. Nəhayət, bıçaq sümüyə dayandı və Azərbaycan dövləti özünü müdafiə etmək məqsədilə İrana qarşı öz imkanlarını, potensialının kiçik bir hissəsini nümayiş etdirməyə başladı. Bu, İranın yetərincə panik vəziyyətə düşməsinə kifayət etdi. Dünənə kimi Azərbaycanı öz parçası olaraq göstərməkdən, bunu hətta televiziyalarında səsləndirməkdən çəkinməyən İran birdən-birə panik vəziyyətə düşdü. Çünki Azərbaycan Respublikasının İran adlanan coğrafiyada 40 milyonluq bir potensialının bu şəkildə fəallaşa biləcəyini təsəvvür etmirdilər. Onlar bu faktoru ciddi hesablaya bilməmişdilər. Son proseslər nəticəsində gördülər ki, Azərbaycan Respublikası demokratik, siyasi, iqtisadi, hərbi baxımdan inkişaf etdiyi qədər, həm də İran adlanan məkanda 40 milyonluq bir potensiala sahibdir ki, bu gücü istədiyi zaman hərəkətə keçirmə imkanı var. İran ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin son bəyanatı bir tərəfdən məhz İranın Azərbaycanın təpkisindən nə qədər təsirləndiyinin və bundan nə qədər çəkindiyinin açıq şəkildə ifadəsidir. Digər tərəfdən, biz Vilayətinin bəyanatının sətiraltına baxdığımız zaman bunu görərik ki, onlar düşmən mövqelərindən qətiyyən əl çəkməyiblər, yenə də özlərinin imperialist arzularından və tələblərindən vaz keçmirlər, sadəcə qorxduqları üçün bir sıra məsələləri bu şəkildə ortaya qoyurlar.

637a492d996d0637a492d996d11668958509637a492d996cc637a492d996ce.jpg (124 KB)

- BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Folker Türk bildirib ki, İranda dəyişiklik qaçılmazdır. Dəyişiklik gözlənilir?

- Bu rejim artıq millətin istəklərinə cavab verə bilmir, problemlərin həllinə yönəlik siyasət aparmaqda tamamilə acizdir. Dolayısı ilə rejim dəyişikliyi labüd və qaçılmazdır. Lakin sadəcə rejim dəyişikliyi qalıcı təhlükəsizliyin zəmanətçisi ola bilməz. İran fars dövlətçiliyinin ortadan qaldırılması və tarixi ədalətin bərpası ilə qalıcı səbata varmaq mümkündür.

- Etirazlarda öldürülənlərin sayı 500-ə yaxınlaşır. Cənubdakı soydaşlarımız isə öldü var, döndü yoxdur deyir. Bu prinsip hansı nəticəni verə bilər? 

- Öldürülənlərin sayı rəsmi rəqəmlərdən qat-qat artıqdır. İnsanların ölümünü gülünc bəhanələrlə izah etməyə çalışırlar. Məsələn, 15 yaşlı uşaq haqda deyirlər ürəyində problem var idi, ona görə öldü. Digəri haqda deyirlər pilləkəndən yıxılaraq ölüb və s. Bu rejim öz cinayətlərini ört-basdır etmək üçün yalan danışmaqdan heç zaman çəkinməyib, bu mərhələdə də çəkinmir. Hətta ailələri məcbur edirlər ki, onlar desinlər bizim övladlarımız bu proseslərdə ölməyib, xəstəlikdən həyatını itirib. On minlərlə həbs olunan var. Harada saxlandıqları, sağ olub-olmadığı bilinməyən çoxsaylı fəallar var. Bunlar rəsmi statistikalarda görünmür. Azərbaycan milli hərəkatı öz hədəflərini gerçəkləşdirənə qədər bu proses davam edəcək, bunun geridönüşü yoxdur.

6SEDGOEIX5IGDMBYPBHS2S4PM4.jpg (73 KB)

- Azərbaycan lideri İlham Əliyevin cənubdakı soydaşlarımıza mesajlarını necə xarakterizə edərdiniz?

- İranda bu proseslər başlayanda xaricdəki qüvvələr elə bir ab-hava yaratmağa çalışdılar ki, artıq hər kəs bu proseslərə qeyd-şərtsiz qoşulmalıdır, bunun xaricində hər hansı bir yol yoxdur. Bu proseslərdə hamı bir olmalıdır, ondan sonra millətlərin istəklərinə baxılar. Bu şəkildə panik vəziyyət yaratmağa və insanlara təzyiq göstərməyə çalışdılar. Belə bir mərhələdə başda Azərbaycan türkləri olmaqla hər kəs bəyan etdi ki, biz bu proseslərdə sadəcə öz istəklərimizlə, şüarlarımızla, hədəflərimizlə var olacağıq. Öz istəkləri və arzuları ilə meydanlara çıxdılar. Belə bir mərhələdə - 21 oktyabrda cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının sabiq baş katibi Bağdad Amreyevlə görüşündə ən doğru zamanda, ən doğru şəkildə Azərbaycanın güneyinə yönəlik verdiyi mesajlar Azərbaycan milli hərəkatının tək olmadığını, bu hərəkatın arxasında bölgənin lider dövləti Azərbaycanın olduğunu hər kəsə xatırlatdı. Eyni zamanda bu hərəkata çox ciddi bir təkan verdi. 21 oktyabr Azərbaycanın güneyində cərəyan edən milli hərəkatda bir dönüş nöqtəsidir. 2 gün sonra insanlar küçələrə çıxdılar, Prezident İlham Əliyevin fotolarını əllərinə götürdülər, divarlara vurdular, pankartlar açdılar və dedilər ki, cənab Prezident, mesajınızı aldıq, əmrinizdəyik. O mərhələdən bu günə qədər Azərbaycan milli hərəkatı bir qat daha böyümüş oldu. Xüsusilə Səmərqənd sammitindən sonra bütün dünya gördü ki, Azərbaycanın güneyindəki insanlar tək, arxasız deyil. Bunu İran da gördü. Prezidentin çıxışı İranın kifayət qədər əl-ayağını yığışdırmasına və Azərbaycan xalqına qarşı zorakılıq tətbiq etməkdə müəyyən mənada özünə sərhəd qoymasına əsas verdi. Bu gün Güney Azərbaycanda hər kəs Azərbaycanı öz dövləti, onun başçısını öz prezidenti olaraq qəbul etməkdədir. Çünki cənab Prezident bu tarixi missiyanı öz üzərinə götürdü və ən doğru zamanda, ən doğru şəkildə, ən ciddi formada bu missiyanı yerinə yetirəcəyini, geri çəkilməyəcəyini açıq şəkildə ifadə etdi. Biz güney azərbaycanlılar olaraq cənab Prezident İlham Əliyevə sonsuz minnətdarıq.

edb37724-593a-3ee1-ac2b-5c987a1b02b6_850.jpg (114 KB)

- Türkiyənin güney azərbaycanlılara dəstəyi hansı formada ola bilər?

- Azərbaycanın, Türkiyənin və digər türk dövlətlərinin varlığı Azərbaycanın güneyində cərəyan edən milli hərəkat üçün çox ciddi bir mənəvi dayaqdır və bu hərəkatın təkanverici güclərindən biridir. Özəlliklə güclü Türkiyə dövlətinin və bölgənin lider dövləti olan Azərbaycanın güneydəki hərəkata yaratdığı mənəvi dəstək həddindən artıq önəmli və diqqətəlayiqdir. Bu hərəkatda Azərbaycan cəmiyyətinin, Türkiyə cəmiyyətinin varlığını inkar etmək mümkün deyil. Ümumiyyətlə, bu proseslərdə türk dünyasının varlığını inkar etmək qətiyyən mümkün deyil. Çünki türk dünyası düşüncə olaraq bu proseslərin tamamilə içərisindədir və bu proseslər məhz ümumtürk milli məfkurəsinin təməl prinsiplərinə söykənərək davam edir. Yəni güneydəki milli hərəkat türk dünyasında cərəyan edən milli proseslərin ayrılmaz tərkib hissəsidir, eyni düşüncələrdən bəslənir. Eyni düşüncələri özünün prinsiplərinə çevirməyi bacarıb. Fikri olaraq türk dünyası Azərbaycanın güneyində də yaşayır, burada türk milli məfkurəsi Azərbaycan milli hərəkatının aparıcı prinsiplərini təşkil edir. Xüsusilə son dönəmlərdə türk dünyasının inteqrasiyası prosesi Türkiyə və Azərbaycanın timsalında çox ciddi bir mərhələyə daxil olub. Dövlətçilik uğrunda mübarizə aparan və türk dünyasının ümumtürk milli məfkurəsini özünün təməl prinsipinə çevirən Güney Azərbaycanın bu inteqrasiya prosesindən kənarda qalmaması günümüzün ən vacib məsələlərindən biridir. Bölgədə böyüməyimizin və təhlükəsizliyimizin ən böyük zəmanətçilərindən birinə çevriləcək Güney Azərbaycanın bu proseslərin birbaşa içərisində olması, bu proseslərdə digər türk toplumları ilə bərabər var olması olmazsa olmaz şərtdir deyə düşünürəm. Bu prosesin içərisində Azərbaycanın güneyinin fəal iştirakının təmin edilməsində şübhəsiz ki, Azərbaycanla yanaşı, Türkiyənin də üzərinə düşəni gerçəkləşdirəcəyinə şübhə etmirəm. Biz Türkiyə və Azərbaycanın ittifaqını milli hərəkatımızın arxasında duran bir dağ kimi görürük və bu dağa arxayınlıqla söykənirik.

dc752c46-9c84-329e-80a9-3efb3e0ac0c0_850.jpg (77 KB)

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR