İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransanın yeni səfiri ”könlümüzü almaq üçün" Şuşaya gedə bilər" -Tofiq Zülfüqarov

2299 12.11.2022 08:10 Müsahibə A A

“Ermənistan nə qədər qonşularla düşmənçilik aparsa, bir o qədər onun “dostları” üçün yaxşıdır”

Fransa Azərbaycana yeni səfir təyin edib. Prezident Emmanuel Makron noyabrın 9-da bununla bağlı müvafiq sərəncam imzalayıb. Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək. O bu vəzifədə Zakari Qrossu əvəzləyəcək. A.Boillon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.

Bəllidir ki, Zakari Qross şəxsi planda iki ölkə arasında münasibətlərin yaxşı olması üçün əlindən gələni etdi. İşğaldan azad edilmiş Ağdama da getdi, lakin Şuşaya ayaq basmadı. Təbii ki, hər şey ondan asılı da deyildi.

Bəs yeni səfir “boşluqları” doldura biləcəkmi? Bakıdakı səfirini dəyişən Fransa anti-Azərbaycan siyasətini də dəyişəcəkmi, heç olmasa ona pozitiv korrektələr edəcəkmi? Nəhayət, təzə rəsmi elçi Şuşaya gedəcəkmi?

Bütün bu suallarla bağlı sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarova müraciət etdik. Yeri gəlmişkən, 3 gün sonra - noyabrın 15-də Fransa parlamentində Azərbaycan əleyhinə olduqca təxribatçı və fitnəkar bir qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Layihədə ermənilərə görə Azərbaycan neft-qazından imtina ilə bağlı Avropa İttifaqı ölkələrinə çağırış da yer alır.

- Tofiq bəy, Fransanın bundan öncə ermənilərin “əlinin çatdığı” Sidneydə çalışmış yeni səfir təyinatından nələr gözləyirsiniz? Parisin ənənəvi siyasətini davam etdirəcək, yoxsa yeniliklər olacaq?

- Ümumiyyətlə, Fransa xarici siyasətdə olan ənənəni, təcrübəsini nəzərə alaraq, Avropada ən güclü diplomatiyaya sahib ölkələrdən hesab olunur. Mən də o fikirdəyəm ki, bunlarda yüksək peşəkarlıq mövcuddur. Bu baxımdan fərq eləmir, yeni səfir hardan gəlir. Onun fəaliyyəti birbaşa təlimatlara bağlı olacaq. Səfirin şəxsən bu və ya digər mövqedə olması əsas məsələ deyil. Nə təlimat alacaqsa, həmin siyasəti həyata keçirəcək. Yenə deyirəm, onlar peşəkarlıq baxımdan böyük ənənəyə malik olan xidmətdədirlər. Burda biz Fransanın siyasətindən danışsaq, görərik ki, onların indiki mərhələdə bizim məsələdə mənfi mövqedə olmasının əsas səbəbi Türkiyəyə qarşı olan münasibətdir. Bu da ondan irəli gəlir ki, Türkiyə Aralıq dənizində və xüsusən Şimali Afrika ölkələrində bir çox istiqamətlər üzrə fəaldır. Bu da Fransanı narahat edir. Ələlxüsus ona görə ki, Fransa indi enerji böhranından ən çox zərər çəkən ölkələrdən biri olacaq. Onların fəallığı məhz bununla bağlıdır. Ona görə gəlin bizim təhlildə vacib amillərdən istifadə edək. Yəni yeni səfir Parisdən gələn təlimatları əsas tutacaq. Hesab edirəm ki, Azərbaycana qarşı olan və bir neçə il çox kəskin forma alan bu xətt, sərt münasibət, təəssüf ki, davam edəcək.

- Necə bilirsiniz, yeni səfir sələfinin keçə bilmədiyi səddi keçib, Şuşaya gedə biləcəkmi?

- Mən istisna etmirəm ki, gedəcək. Çünki Fransanın indi əsas maraq və istəkləri var. Bu maraq və istəklər noyabrın 15-də Senatda açıq şəkildə müzakirə olunacaq qətnamələrdə göstərilir. Onların məqsədi bu və ya digər formada o bölgəyə soxulmaqdır. Azərbaycan dəfələrlə bildirib ki, onların bizim ərazimizdə fəaliyyəti biz tərəfdən dəstəklənmir və biz ona imkan verməyəcəyik. Ona görə istisna etmirəm ki, bizim “könlümüzü almaq üçün” Şuşaya da gedə bilər. Yenə də deyirəm, o, çox təcrübəli və yüz illərin ənənələrinə malik olan xarici xidmətin təmsilçisidir. Yol axtarıb, bu və ya digər şəkildə bizə də reveranslar edəcəklərini istisna etmirəm.

- Fransa parlamentində müzakirəyə çıxarılacaq təxribatçı və fitnəkar qətnaməyə toxundunuz. Bəs indiki durumda Paris Azərbaycanla düşmənçilik xəttini davam etdirmək kursunu yürüdəcəkmi? Qətnamənin qəbulu nə qədər real görünür?

- Doğrusu, mən bunu çox real görürəm. Onlar ənənəvi olaraq deyəcəklər ki, xarici siyasətdə qanunverici orqanın rəyi əsas deyil və xarici siyasəti həyata keçirən icraçı orqanlardır. Bu baxımdan ənənəvi ifadədən istifadə edəcəklər ki, qətnamə parlamentarların rəyidir, bizim rəsmi mövqeyimiz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdir.

- Bundan əvvəl də Fransa Senatının bənzər qərarları olub.

- Bəli. “Soyqırımı” ilə bağlı Türkiyəyə qarşı qərarı olub, həmçinin 2020-ci il müharibədən sonra Azərbaycana qarşı qətnamə qəbul olunmuşdu.

- Faktiki olaraq bu, yeni səfirin “siftəsinin korlanması” demək olacaq, deyilmi?

- Təbii... O ki qaldı Fransanın qazdan imtina etməsi, bu, heç də onların qərarı deyil. Çünki biz Fransaya qaz ixrac etmirik, İtaliyaya ixrac edirik. Elə Fransanı ən çox narahat edən bu məsələdir. Çünki qonşuluqdakı ölkələrin bir çoxu enerji problemlərini həll ediblər. Almaniyanı götürsək, onun bir il yarım, iki ilə yaxın ehtiyatları var. Yəni Rusiyadan qaz gəlməsə də ehtiyat yığıblar. Azərbaycan qazı artıq İtaliyada mövcuddur və İtaliyanın digər mənbəyi də var, səhv etmirəmsə, Liviyadan gələn xətdir. Bu baxımdan Fransanın ətrafında olan ölkələr demək olar ki, özlərini sığortalayıblar. Fransa isə qalıb, onun enerji balansında nüvə elektrik stansiyaları böyük paya malikdir. Amma təbii qaz da vacib elementdir. Ona görə Makron bəyan edib ki, bu, ədalətli deyil. Çünki deyir ABŞ-dan gələn maye qazını daxillə müqayisədə 4 dəfə baha satırlar. Ədalətdən başqa, hamı başa düşür ki, indiki mərhələdə əgər enerji baha olsa, deməli, istehsal Fransadan qaçacaq. Elə fransız şirkətləri özləri o yerlərdə istehsal müəssisələri quracaqlar ki, orda enerji daha ucuzdur. Burda biz Avropa İttifaqı-ABŞ qarşıdurmasının fərqini görürük. Görürük ki, Rusiya sanksiyalarında mövqelər göstərilir. ABŞ sanksiyalara qoşulmaq üçün hətta Avropa İttifaqına təzyiq göstərir. Amma bəzi ölkələr buna getmirlər. Onlar yaxşı başa düşürlər ki, Rusiya qazı olmasa, onlar məcburən Qətər maye qazını, ya da ABŞ qazını alacaqlar. Ona görə də hər yerdə maraqlar var. Bizdə belə rəy formalaşıb ki, fransızlar elə sinov gedirlər ermənilərindən ötrü. O da var, amma onların əsas məqsədi ermənilərin yaxşı olması yox, başqa maraqlardır.

- Fransa Azərbaycandan nə qopartamaq istəyir? Şübhəsiz ki, burada hansısa iqtisadi maraqlar da olmamış deyil, razılaşırsınız?

- İqtisadi maraqlar bundan qabaq da var idi. Azərbaycan həmişə çalışıb ki, Fransada ölkəmizə maraq olsun. Məsələn, biz kontraktların bir hissəsini Fransa şirkətlərinə etibar edirdik. O cümlədən hərbi avadanlıqla bağlı. Baxın, Fransa Avropa İttifaqında bizə ən çox hərbi avadanlıq satan ölkədir: bizə 340 milyon avroya yaxın hərbi avadanlıq satıb. Deyirlər ki, erməniləri sevirlər, amma alver olanda bizimlə qəşəng alış-veriş edirlər, hətta hərbi avadanlıq satırdılar (gülür). Yaxud biz istənilən yerdən avtobus ala bilərdik. Amma Azərbaycan həmişə çalışırdı ki, siyasi elitada ölkəmizə qarşı ənənəvi və dayanıqlı maraq olsun. Yəni ermənilər orda güclüdürlər ki, bu və ya digər nümayəndələrə səs verirlər. Onlar öz səslərini satırlar - maraqlarını təmin etmək üçün. Biz isə biznes maraqlarını yaradırdıq. Makronun davranışı onu göstərir ki, bu, biznes maraqlarına da zərbə vuracaq, həmçinin siyasi və iqtisadi elitada istər-istəməz Makrona qarşı narazılıq olacaq. Bizimlə iqtisadi əlaqələr quran, mənfəət götürən şirkətlər də narazı qalacaq. Mənfəət nə deməkdir: iş yerləri. Bu baxımdan oyun daha mürəkkəbdir. O cümlədən Türkiyə baxımından burda təzyiqlər var. Çünki Fransanın Türkiyəyə qarşı siyasəti ona gətirib çıxarır ki, Türkiyə də iqtisadi baxımdan Fransanın iqtisadi biznesinə marağını azaldır.

“Fransa Zəngəzur dəhlizinin açılmasını istəməz”

Bu baxımdan mürəkkəb siyasətdir, bir günlük deyil. Səfirinin kim olub-olmamasından asılı olmayaraq, bu siyasət davam edəcək. Bəziləri deyirlər ki, gəlin Fransa ilə əlaqələri qıraq. Siyasətdə belə davranış düzgün deyil. Cavab vermək lazımdır, sərt cavablar da olmalıdır. Cənab Prezident demişkən, banlayanda cavabını vermək lazımdır. Amma eyni zamanda hər bir mərhələdə gərək öz maraqlarını güdəsən və bu maraqların təmin olunması üçün qüvvələr yaradasan.

- Necə bilirsiniz, qondarma “soyqırımı”nı inkar edənlərə cəza qanununu tətbiq edən Paris Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını, sərhədlərin açılmasını istəyirmi?

- Yox, təbii ki. Bəyanatlar verə bilərlər, amma istəmir. Çünki hesab olunur Ermənistan nə qədər izolyasiya vəziyyətində olsa, bir o qədər Türkiyənin təsirindən uzaq olar. Qapıların, sərhədlərin açılmasının iki nəticəsi ola bilər. İstər-istəməz Türkiyə öz iqtisadiyyatına, nüfuzuna görə Ermənistanda mövqelər qazanacaq və Fransa ilə rəqabət aparacaq. Söhbət Ermənistana yaxşılıq etməkdən getmir axı. Əsas məsələ kimin məqsədinin nə olmasıdır.

- Yəni Ermənistanın ən böyük düşməni elə onun “bacısı” imiş. Deyilmi?

- Əlbəttə. Ermənilər indi-indi başa düşüblər ki, Rusiya bunlara neyləyib. “Soyqırımı” ilə bağlı Fransada saxlanılan həm Baş Qərargahın, həm də XİN-in sənədləri sirli şəkildə gizli saxlanılır, indiyəcən açıqlanmır. Çünki onlar bilirlər ki, 1915-ci ildə onların yürütdüyü siyasəti açıqlasalar, ermənilər aldadıldıqlarını başa düşəcəklər. Yəni erməniləri üsyana qaldırıblar ki, Türkiyəni zəiflətsinlər. Deməli, erməniləri qurban veriblər, bunu həm ruslar, həm fransızlar bilirlər.

- Bəs Fransa Zəngəzur dəhlizinin açılmasına necə baxır, sizin fikrinizcə?

- Fransa Zəngəzur dəhlizinin açılmasını istəməz. Bilirsiniz, Ermənistan nə qədər izolyasiyada olsa, qonşularla nə qədər düşmənçilik aparsa, bir o qədər onun “dostları” üçün yaxşıdır. Çünki onlara ehtiyac olacaq. Gedib normal yaşasalar, onda Fransaya turist kimi gedərlər də. Amma normal münasibət yaransa, alış-verişi gedib Türkiyədə edəcəklər. Bu baxımdan Fransanın mövqeyi bəllidir. 

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR