İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmək pensiyasının minimum məbləğinin artırılması təklif edilir

1245 15.03.2024 17:22 Sosial A A

Deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında çıxış edərkən bildirib ki, hesabatdan da göründüyü kimi, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz bütün sahələrdə, o cümlədən, təhsil, mədəniyyət, iqtisadiyyat, sənaye və təhlükəsizlik istiqamətində böyük uğurlara imza atıb.

Musavat.com-un məlumatına görə, o bildirib ki, ötən ilin ən mühüm hadisələrindən biri də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsidir:

“Ölkəmiz çoxsaylı təxribatlara baxmayaraq, bütün ərazilərini azad etdi. Bu gün biz tarixdə heç zaman olmadığı qədər güclü və müstəqilik. Bu gün dünyanın əksər bölgələrində müharibələrin getdiyi, yeni münaqişə ocaqlarının, ərzaq böhranının yarandığı bir dövrdə Azərbaycan dünyada təhlükəsizlik adasına, bir çox mötəbər tədbirlərin keçirildiyi məkana çevrilib. Onu da qeyd etmək lazımdır ki, son illər ölkəmizdə təhsil sahəsinə diqqət daha da artırılıb. Bu sahəyə ayrılan büdcə vəsaitinin bir neçə dəfə artırılması bu fikri bir daha təsdiq edir. Ötən dövrün təhsil sahəsində ən mühüm hadisələrindən biri Qarabağ və Azərbaycan – Türkiyə birgə universitetinin yaradılmasıdır. İnanırıq ki, hər iki universitet ən qısa vaxtda təhsilimizin inkişafına mühüm töhfələr verəcək”.

Ceyhun Məmmədov qeyd edib ki, bu gün ölkəmizdə “Böyük Qayıdış” prosesi uğurla davam etdirilir:

“Artıq bir çox rayonlarımızda insanlarımız bayramları öz isti ocaqlarında qeyd edirlər. Bu gün hər bir məcburi köçkün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğı və diqqətini üzərlərində hiss edirlər”.

Deputat bütün bunlarla yanaşı, aşağıdakı təkliflərini səsləndirib:

“1. Ali məktəb müəllimlərinin, elm sahəsində çalışan insanların maddi təminatının, həyat şəraitinin yaxşılaşdırlması istiqamətində tədbirlərin davam etdirilməsi. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə bu istiqamətdə mühüm addımlar atılsa da, bu məsələyə yenidən baxılmasına ehtiyac var. Bu gün bu məsələ gənc nəslin elmə marağına çox ciddi təsir göstərir.

2. Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq əmək pensiyasının minimum məbləğinin artırılması məsələsinə baxılması. Son illər bu sahədə dövlətimiz çox mühüm tədbirlər həyata keçirib. Ancaq imkan daxilində bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac var.

3. Son illər ölkəmizdə maliyyə və bankçılıq sahəsində dövlətimiz tərəfindən bir çox mühüm tədbirlər həyata keçirilib, qanunvericilik bazası daha da təkmilləşdirilib. Əvvəlki illərlə müqayisədə kredit faizlərində azalma olsa da xüsusilə istehlak və biznes kreditlərinin faizlərinə yenidən baxılmasına ehtiyac var.

4. Məcburi köçkün şəhərciklərinin bir qismində müvafiq binaların olmasına baxmayaraq hələ də bağça və tibb məntəqələri fəaliyyət göstərmir. Bəli biz Böyük qayıdış prosesini uğurla icra edirik. Ancaq bu da reallıqdır ki, insanlar bir müddət hələ orada yaşayacaqlar. Onların fəaliyyətinin təmin olunması üçün müvafiq addımların atılmasına ehtiyac var. Məsələn bir neçə ildir istifadəyə verilməsinə baxmayaraq Kürdəmirdə məcburi köçkünlər üçün salınan qəsəbədə hələ də tibb məntəqəsi fəaliyyət göstərmir.

5. İşğaldan azad olunmuş ərazilərdə qəbirstanlıqların bərpası prosesinə başlanılması. Bəzi qəbirstanlıqlarda sümüklər açıq-aydın ortada qalıb. Bu prosesi mümkün qədər sürətləndirməliyik.

6. Çoxsaylı müraciətlər nəzərə alınaraq mərhələli şəkildə dünyasının dəyişmiş məcburi köçkünlərin öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə dəfninə şərait yaradılması.

7. Cocuq Mərcanlıda Lələtəpə yüksəkliyində muzeyin yaradılması işinə başlanılması. Bu məkanın Azərbaycan tarixində özünəməxsus yeri var. Bu tarixin əbədiləşdirilməsi baxımından bu məsələ çox önəmlidir.

8. Respublikanın ayrı-ayrı bölgələrində müxtəlif səbəblərdən bağlı olan məscidlərin fəaliyyətinin mərhələli şəkildə bərpası. Ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği baxımından bu məscidlərin fəaliyyəti xüsusi önəm daşıyır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR