İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat sərhəd rayonlarının sosial-iqtisadi inkişafından DANIŞDI

558 15.03.2024 14:26 Sosial A A

Deputat Musa Qasımlı hökumətin hesabatı ilə bağlı müzakirələrdə öncə Baş nazir Əli Əsədova və hökumət üzvlərinə ehtiramını ifadə edib.

Musavat.com-un xəbərinə görə, “Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi xətti uğurla yerinə yetirən hökumətin 2023-cü ildə keçdiyimiz yolu özündə əks etdirən hesabatı mükəmməl hazırlandığı üçün lehinə səs verəcəyəm” deyən deputat bildirib ki, 2022-ci ilin hökumət hesabatı müzakirə olunarkən söylədiyi təkliflərin nəzərə alınması və görüləcək işlər barədə indiki hesabat kitabında məlumat verilməsi qanunverici və icraedici orqanlar arasında səmərəli əməkdaşlığın olduğunu göstərir:

“Müstəqillik illərində hər il hökumətin hesabatı bu salonda dinlənilib və müzakirə edilib. 2023-cü ilin hesabatı əvvəlkilərdən fərqlidir. Ona görə ki, ilk dəfə olaraq dövlət suverenliyimizin bütün ölkə ərazisində tam bərqərar edildiyi bir şəraitdə hökumətin hesabatını müzakirə edirik. Bu hökumət müstəqillik tariximizin ən uğurlusudur. Ən başlıcası odur ki, iqtisadiyyatımız, milli müdafiəmiz, təhlükəsizliyimiz gücləndirilib, millətimiz üçün vacib olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının heç bir xarici yardımlar olmadan dirçəldilməsi və vətəndaşlarımızın planlı şəkildə köçürülməsi davam etdirilib. İşğaldan azad edilmiş rayonlarla yanaşı, ölkənin digər ərazilərində də tikinti-quruculuq işləri aparılıb. Millətimizin gələcəyi olan təhsil və elm sahəsində ciddi işlər görülüb. Yeni məktəb binaları tikilib. Peşə təhsilinə xüsusi diqqət yetirilib. Təhsilin bütün vətəndaşlar üçün əlçatan olmasından ötrü dövlət büdcəsi hesabına ali məktəblərə qəbul planı yerlərinin artırılması cənab Prezidentimizin strateji məqsədlərinin təzahürlərindən biridir.

Əlbəttə, hökumətin fəaliyyəti haqqında çox müsbət fikirlər söyləmək olar. Ancaq bəzi təkliflərimi hökumət üzvlərinin diqqətinə çatdırmağı vacib hesab edirəm. Birincisi, elm və təhsilimizdə fundamental islahatlara getmək, tədqiqat universitetlərinin yaradılması zamanı gəlməyibmi? Cənab Prezidentimizin bir neçə il əvvəl bəzi tədqiqat institutlarının Təhsil Nazirliyinin tabeliyinə verilməsinə, Elm və Təhsil Nazirliyinin yaradılmasına dair sərəncamları aydın hədəflər güdsə də, bu işin yaxşı götürülməməsi müvafiq qurumların səriştəsi barədə bəzi suallar doğurmurmu? İkincisi, bütün elmlərin gərəkli olduğu kimsədə şübhə doğurmamalıdır, lakin hansı elm sahələrinin ölkəmizin ümumi inkişafına, dövlətimizin ehtiyaclarının ödənilməsinə daha çox lazım olduğuna, bundan ötrü hansı təşkilati strukturun, nə qədər kadrın, tədqiqatçının və maliyyənin lazım olduğunu planlaşdırmaq fayda verməzdimi?

Özümüzə sual verməylik ki, bizə qonşuları öyrənmək daha çox lazımdır, yoxsa məsələn, Andorranı? Məncə, cavab aydındır. Üçüncüsü, elm və təhsilimizi sağlamlaşdırmaqdan, ona sağlam rəqabəti gətirməkdən ötrü bəlli standartların tətbiq edilməsinə, alim əməyinin nəticəsinə görə qiymətləndirilməsinə keçmək ədalətli, xeyirli olmazdımı? Dördüncüsü, ən yaxşı məktəb binaları tikilsə də, təhsilimizdə keyfiyyətin bir problem olaraq qalması sirr deyil. Alternativ təhsil şəbəkələrinin yaradılmasının və repetitorluğun səbəblərinin, təhsilimizə ziyanlı, yoxsa faydalı olmasının dərindən araşdırılması və addımların atılması zamanı gəlməyibmi?”

Musa Qasımlı ardınca seçildiyi Yardımlı-Masallı rayonu seçki dairəsi seçicilərinin xahişini çatdırıb:

“Vətəndaşlar qaz, su, yol problemlərinin həll edilməsini və kənd yerlərindən sakinlərin köçməsinin qarşısını almaq üçün iş yerlərinin açılmasını xahiş edirlər. Yardımlı şəhər stadionunun təmiri də əhalinin istəklərindən biridir. Nəhayət, dağ, xüsusən sərhəd rayonlarının sosial-iqtisadi inkişafına dair xüsusi proqramların qəbul edilməsi həm də strateji baxımdan faydalı olmazdımı? Buna dair hələ ötən əsrin 70-ci illərinin yaxşı təcrübəsi var”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR