İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu məsələni AŞ-Azərbaycan arasında gərginliyə çevirmədən...” - Zahid Oruc rəqiblərinə cavab verdi

2011 21.12.2022 16:30 Müsahibə A A

Milli Məclisin komitə sədri: “Venesiya Komissiyası tərəfindən hər hansı müddəalara müəyyən bir baxışlar, əks münasibətlər və yaxud mənfi rəylər olacaqsa, onlar da cavablandırılacaq”

 Milli Məclisin bir neçə aylıq müzakirələrdən sonra qəbul etdiyi “Siyasi partiyalar haqqında” qanun ətrafında müzakirələr kəsilmir. Siyasi oppanentlər hesab edirlər ki, bu qanunun imzalanması prosedurunu gecikdirmək və Venesiya Komissiyasının rəyini gözləmək lazımdır. Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bu mövzuda “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Zahid bəy, “Siyasi partiyalar haqqında” qanunun qəbulunda sonra ortaya çıxan etirazların əsası varmı? Qanun layihəsinin hazırlnmasında birbaşa iştirak etmiş deputat, komitə sədri olaraq bu barədə nə deyə bilərsiniz?

- “Siyasi partiyalar haqqında” qanun layihəsi ictimailəşəndən və konkret olaraq parlamentin saytında dərc olunduqdan sonra üzərindən üç ay keçərək komitələrə və plenar iclasa çıxarıldı. Buna qədərki qanunvericilik tarixində oxşar hadisə, demək olar ki, baş verməmişdi. İkinci mühüm məqam ondan ibarət idi ki, burada 47, daha sonra 50-yədək partiyanın 350-dən artıq təkliflərinin nədən ibarət olduğu xüsusi təqdimatlarla, informasiyanın yol verdiyi bütün başqa kommunikasiya lövhələri ilə ifadə olundu. Burada hər bir maddə yalnız hakimiyyət maraqlarını ifadə edir, yaxud da iqtidar partiyasının mənafeləri naminə yazıldığı barədə iddialar qarşı da ən güclü cavab idi. İkincisi, əvvəlki məsələlərdən biri 13 sentyabr tarixində bir neçə partiyanın məsələ ilə bağlı kəskin etirazları fonunda ikinci yerə qoymaq olardı. Keçirilən brifinq zamanı Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan, böyük itkilərdən sonra bu xarakterli, qanunvericilik hüququna aid məsələyə yanaşmamız da öz qüvvəsində qalır. O etirazlara reaksiya verərkən söyləmişdik ki, bu ictimai müzakirələrin bütün partiyalara, hərəkatlara, üçüncü sektora, sadə vətəndaşlara açıq olmasının mənası ondan ibarətdir ki, həqiqətən də burada mühüm dəyişikliklər yenə də konsensusla, birgə rəylə istənilir. Əks halda, heç onun bu şəkildə müzakirələri də düşünülməzdi.

Bir neçə statistik məlumatlar layihənin nə qədər demokratik prosedurlardan, müzakirələrdən keçdiyini sübut edir. Dinləmələrdən biri Milli Məclisdə üçüncü sektor nümayəndələrinin, politoloqlarun, blogerlərin iştirakı ilə təşkil olunmuşdu. Orada da səslənən onlarla rəylər var idi. Hər bir partiya rəhbərinə yetərincə vaxt verilmişdi ki, layihənin işıq üzü görməsindən sonrakı mühitdə yaranan yeni baxışları, yanaşmaları təzədən hansısa bir hüquqi dəlillərə, arqumentlərə çevirmək istəyirlərsə, bu yolda addımlar ata bilərlər. İkinci mühüm addım ondan ibarət idi ki, parlament tarixində, qanunvericilik sahəsində ilk dəfəydi ki, bir layihə həm də vətəndaşlarımızın, belə demək mümkündürsə, ictimai rəyin, xalqın mövqeyinin alınması şəraitində getçəkləşirdi. Ona görə də biz layihəni yalnız parlament partiyaları, Milli Məclis çərçivəsində, yaxud orada təmsil olunan bütün siyasi qüvvələrin iştirakı ilə deyil, həm də millətimizin iradəsini və mövqeyini ifadə elədiyini tam məsuliyyətlə söyləyə bilirdik. Mənim təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzinə tapşırılmış bu iş Milli Məclisdə və digər tribunalarda təqdim olunmuşdu. Ən kəskin müxalif mövqe göstərənlər də o rəylərlə hesablaşdılar və ona bir dənə də olsun kontur mövqe göstərilmədi. Yeri gəlmişkən, orada layihənin ilkin versiyasında nəzərdə tutulmuş müddəaların vətəndaşlar, respondentlər tərəfindən dəstək almayan hissələri sonrakı dönəmdə layihədə çox ciddi, kardinal dəyişikliyə məruz qaldı. Bu, öz-özlüyündə onu sübut edir ki, işçi qrup bir tərəfdən partiyaların, digər tərəfdən vətəndaşlarımızın iradəsi ilə hesablaşdı. Bu da vacib bir məqamdır. Xüsusulə də beynəlxalq etiketlərə, prosedurlara, tələblərə, standartlara xitab edən, ondan həmişə iqtibaslar gətirənlər üçün bu arqumenti ayrıca söyləmək istəyirəm. Başlanğcdan sona qədər 4 aylıq bir zaman keçdi.

- Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Prezidentə müraciətlə “Siyasi partiyalar haqqında” yeni qanunun qüvvəyə minməsini Venesiya Komissiyasının rəyi açıqlanana qədər ertələməyi və qanunu imzalamamasını xahiş edib. Necə bilirsiniz, qəbul olunmuş qanun Azərbaycana qarşı müxtəlif bəhanələrlə təzyiq göstərmək istəyən çevrələrin əlində növbəti bəhanəyə, alətə çevrilə bilərmi? Obyektiv yanaşsaq, partiya sədrinin narahatlığının əsası varmı? Bəlkə qarşı tərəfi dinləmək, arqumentlərinə əsaslanıb, “ziyanın yarısından qayıtmaq” faydalı olar...

- Hörmətli İlqar bəy qeyd etdiyimiz dinləmələrin birincisində iştirak edirdi. O cümlədən rəhbərlik etdiyi partiyanın digər yetkililəri müxtəlif platformalarda öz rəy, mülahizə, mövqe, təkliflərini irəli sürmüşdülər. Hətta layihə işıq üzü görməzdən öncə də ayrı-ayrı məsələlər, tutaq ki, iki dəfə seçkilərdə iştirak etməyən partiyanın qeydiyyatının ləğvinin də məhz REAL partiyasına mənsubluğunu onların öz nümayəndələrinin dilindən biz eşitmişik. Digər tərəfən, dəyərli Erkin Qədirli Milli Məclisdə təmsil olunur və bu mənada REAL parlament partiyasıdır. Belə olan təqdirdə də yetərincə kommunikasiyaya, hörmətə, yaxşı işçi əlaqələrə malik bir insansdır, kifayət qədər qədər yüksək hüquqi təfəkkürə sahibdir və bizə işçi qrup kimi bu yöndə təqdim olunacaq hər bir sənədə hüquqi həssaslıq göstəriləcəyinə şübhə yox idi. Demokratik mövqeni burada ayrıca vurğulamalıyıq ki, düstura görə, çoxluğun səsi önəmlidir, əks halda, qərar qəbul etmək mümkün olmazdı, lakin siyasi azlığın da fikirləri nəzərə alınmalıdır. Formul belədir, biz yenisini kəşf etməli deyilik. O şəraitdə ki 50-dən artıq partiyanın siyasi iradəsi var və sadalıdığımız qüvvələr mövqe göstərirlər, biz yalnız, 1, 2, yaxud 3 partiyanın, hətta elan etmədikləri şəraitdə mövqelərini əsas götürüb, layihədən imtina etmək və yaxud qüvvədə olan qanunla yaşamaq da çox çətin olardı. Biz artıq siyasi zərurət, ölkənin köklü dəyişikliklər içərisində olması, Vətən Müharibəsi qələbənin yeni siyasi sistem formalaşması yönümündə mühüm, fundamental, dövlətçi, milli arqumentləri səsləndirmirik. Amma məsələnin önəmli tərəfinə gəldikdə, Venesiya Komissiyasının hər hansı layihələrə rəy verməsi praktikası getçəkdən də keçmiş sovet məkanı ölkələrinin həyatında geniş yer tapmaqdadır. Azərbaycan da bu mənada önəmli yer tutur. Lakin xatırladaq ki, 2001-ci ildə biz Avropa Şurasına qəbul olunarkən orada seçki qanunvericiliyi və ya media ilə hüquqi aktların ekspertizası ilə bağlı məsələlər nəzərdə tutulsa da, partiyalarla əlaqədar xüsusi tələb, öhdəlik müəyyənləşdirilməyib.

İkincisi, 2010 və 2020-ci ildə Venesiya Komissiyasının irəli sürdüyü tövsiyələr, yəni Demokratiya Naminə Hüquq adlı komissiya, əslində bir tərəfdən sadiq dövlət adamları, vəkillər, hüquqşünaslardan ibarət, sırf tövsiyəedici xarakterdə toplaşan bu qurum öz-özlüyündə parlamentüstü bir təsisat deyil ki, belə bir mənzərə yaransın: xalq öz iradəsini seçdiyi təmsilçilərə deyil, Brüsselə verməlidir, onlar da üstqurum şəraitində addımlar atmalıdırlar. Sanki ikipalatalı parlament modelində keçmişdə Moskvanın, indi isə Brüsselin iradəsi istənilən ölkənin üzərində hökmran olmalıdır. Belə bir yanaşma da yanlışdır.

Üçüncüsü, mən İşçi Komissiyanın üzvü kimi, 2000-ci ildən 2015-ci ilədək Ukrayna, Gürcüstan, Ermənistan və digər bir neçə ölkənin hansı layihələrlə bağlı rəylər alması ilə əlaqədar müəyyən statistikanı təqdim etmişdim, orada 15-20 layihələrlə bağlı məsələ əksini tapmışdı. Amma bir daha söyləyirəm ki, siyasi partiyalarla bağlı Azərbaycan parlamentinin hazırki beynəlxalq birliyin iradəsindən kənarda əlahiddə addım atması kimi bir vəziyyət yoxdur. O biri yandan, Venesiya Komissiyasının 230-dan artıq tövsiyələrinin yalnız 132-si partiyalar sisteminə aiddir. Onunsa 112-yə qədəri bu layihədə əksini tapıb. Beləliklə, faktiki olaraq Azərbaycan qanunvericilərin hansısa bir dialoqlardan, danışıqlardan, dəyərləndirmələrdən özünü kənarda saxlaması və bundan əlahiddə bir narahatlıq duyması doğru yanaşma deyil və xüsusi bir narahatlıq yoxdur. Yekun olaraq, hələ birinci ictimai dinləmə zamanı layihə parlament tarixində yenə də ilk dəfə 66 əlavə və dəyişiklik edilmişdi. Əksərən konsensus tapmayan, bir qədər ciddi reaksiyalar doğuran, hətta müxalif partiyaların özü tərəfindən irəli sürülən mövqelərin hamısı redaktə edilmişdi.

Məsələn, bu mövqelər hörmətli Pənah Hüseyn, Sərdar Cəlaloğlu və digər partiya rəhbərləri tərəfindən də razılıqla qarşılandığı ictimai fikrə çıxarılmışdı. Sonda layihənin digər müzakirələrdən keçdiyi dövr ərzində əlavə olaraq da 44 dəyişiklik edildi. Bununla da layihənin ilkin versiyası ilə müqayisədə ümumilikdə 110 dəyişiklik həyata keçirildi. Bu, özlüyündə o deməkdir ki, gerçəkdən də qəbul olunacaq qanun demokratik standartlara, partiyaların gələcək inkişafına, onların quruculuğuna, genişlənməsinə, hüquqi təminatlarına çox böyük hüquqi imkanlar yaradır. Mən o layihənin məziyyətlərini təkrar vurğulamaq istəmirəm. İlk dəfə həm Konstitusiya ilə bağlı, həm partiyaların fəaliyyətinə hər hansı bir qadağa və müdaxilələrə görə, partiyaların hüquqlarını genişləndirən onlarla müddəanı sadalamaq mümkün idi. Ona görə də mütərəqqi bir layihənin ətrafında yalnız Venesiya Komissiyasının mövqeyini bu şəkildə qabartmaq – rəy hazırlayacaqlar, buna görə də sənəd hazırlanmasın demək – düşünürəm ki, bu, hazırki anda Azərbaycanın apardığı 44 günlük müharibənin dinc vasitələrlə davamı kimi milli bir gündəliyin əleyhinə olan yanaşmadır. Digər tərəfdən, komissiya üzvləri yetərincə xoş məram və açıqlıq göstərməkdə hər zaman davamlı olublar, biz onu “Açıq qapı” kimi bəyan etmişik, Media haqqında qanun layihəsinin müzakirəsində də bu, az qala konstitusiya layihəsi qədər müzakirə edildi. Bu dəfə də belə bir reaksiyaları gördük. Ona görə də Venesiya Komissiyası məsələsini sanki hazırki anda parlamentin qapalı və ya gizli şəraitdə etdiyi kimi iddialarla “əsaslandırmaq” doğru olmaz.

- Zahid bəy, Pənah Hüseynə də istinad etdiniz. Pənah bəyin açıqlaması var ki, texniki xarakterli düzəlişlər edilsə də, qanunun mahiyyəti, konsepsiyası xeyli dərəcədə qadağanedicidir. O da Venesiya Komissiyasının rəyini gözləməyi faydalı hesab edir, həm də 2010-cu ildə qanuna edilmiş əlavə və dəyişikliklərə Komissiyanın mənfi rəyini xatırladaraq. Vətənpərvərliyinə şübhə etmədiyimiz insanlar sanki növbəti mənfi rəy gələcək deyə, ehtiyatlanırlar. Onların səsini eşitmək ümummilli maraqlar baxımından nə dərəcədə effektli olardı?

- Mən elə zənn edirəm ki, hörmətli Pənah bəyin istinad etdiyiniz reaksiyası layihənin ilkin versiyası üzrə səsləndirilib. Amma digər tərəfdən Pənah bəy hər zaman ona xas olan tələbkarlıq və bu cür məsələlərdə mühüm bir siyasi intizamı ortaya qoyaraq işçi qrupuna həm parlamentə, həm də fərdi qaydada görüşlərdə öz arzu, istək və təkiflərini yazılı və şifahi çatdırmışdı. Qeyd etdiyiniz məsələyə konseptual yanaşmada “bu, qadağanedicidir, müdaxilələrdir, partiya sistemini hansısa nöqtələrdə boğa bilər, bu, bizim fəaliyyətimizi faktiki olaraq durdurur” kimi və daha sərt istəklərini tribunadan söyləmişdi, həm də bizimlə görüşəndə danışmışdı. Ancaq bununla bərabər son dövrlərdə biz bu məsələ ilə bağlı həm Pənah bəyə, həm də digər məsələ ilə bağlı sərt mövqe tutan insanlara izahatlar verməyə, aydınlaşdırmalar aparmağa çalışmışdıq. Onların da bu məsələyə mövqeyinin müsbət olduğunu zənn edirik. Bir daha vurğulaya bilərəm ki, məsələ hətta ən çox vurğulanan “FİN nömrələr bizə birləşmək azadlığını pozan və ayrı-ayrı vətəndaşlar üzərində bir qorxu, basqı yaradan hadisədir, bu çıxarılsa, layihənin mahiyyəti tamamilə bizim nəzərimizdə daha da müsbətə dəyişəcək”-sözü əsas götürülərdisə, ardıcıl mövqe yanaşmasından çıxış etsək, gərək deyilsin ki, o çıxarıldı. Vurğulanırdı ki, partiyaların strukturları nə üçün birbaşa ali orqan qurultay, ondan sonra icra qurumları göstərilib? 20 məsələ il bağlı kəskin və bir-birinə zidd olan mövqelər üzərində dikusiyalar gedirdi, onlar tamamilə çıxarıldı. Seçkidə iştirak etməmə amili ortadan götürüldü. Seçkiyə qatılmış və barajı keçməyən partiyalar istənilən səs halında dövlət tərəfindən maliyyələşəcək, müddəası özünün əksini tapıb. Biz bunu Azərbaycanın siyasi tarixində partiyalar sistemi üçün ən mühüm addımlardan biri kimi dəyərləndirdik və siz də o brifinqdə iştirak edirdiniz, çox mühüm, vacib məsələlərə öz münasibətinizi bildirmişdiniz, şərhlərini, suallarınızı da səsləndirmişdiniz. Ona görə də mən hesab edirəm ki, əgər Venesiya Komissiyası tərəfindən hər hansı müddəalara müəyyən bir baxışlar, əks münasibətlər və yaxud mənfi rəylər olacaqsa, onlar da cavablandırılacaq. Dediyiniz 2010 təcrübəsi ilə əlaqədar sənədlər də bizdə toplanıb. Yeri gəlmişkən, ümumiyyətlə, 4 ay ərzində bütün rəylərin hamısının vahid bir informativ bazası yaradılıb. Əsaslı, ciddi hüquqi tələblərə dayanan təkliflər olduqda, biz qəti şəkildə ondan kənarda durmazdıq. Siz uzun illər parlament qanunvericilik praktikasını yaxından, strateji bir vestibül yüksəkliyindən müşahidə edən bir qələm adamısınız. İndiyəcən 4 ay müddətində bir layihədə 110-na qədər dəyişiklik nümunəsi varsa, onlar yazılsın. Bu, sadə bir statistika deyil. 3-4 qurum, müvafiq icra hakimiyyətləri, hər bir müddəanın tətbiqinin icra mexanizmləri və sairin kommunikasiyasından, ciddi müzakirələrindən keçərək bunlar baş verib. Bunlara yetərincə enerji, vaxt, konsensus tapılması üçün iradə istəyib. Bu, ölkə rəhbərinin mövqeyidir. Qalib Prezident, həm də Azərbaycanın Vətən Müharibəsində qələbə qazanmış partiya lideri yalnız hakimiyyətin, yaxud iqtidar partiyasının deyil, bütövlükdə xalqın lideridir, ideologiyasından yanaşdığımıza görə, hər hansı buxovlayıcı, bu məsələnin əleyhinə olanların təbirincə desək, totalitar yanaşma ilə yalnız bir-iki partiyanın yaranmasını, ayaqda qalmasını təmin edəcək layihəyə nə ehtiyac var idi ki? Zatən, sonda indi mövcud olan qanun saxlanardı. Partiyalar 90-cı illərdə, işğal reallığında Qarabağ məsələsini özlərinin fəaliyyətlərində birinci yerə qoymuşdular. İndi o milli problem həll olunub və yeni dönəmin çağırışları var. Bu gün hakimiyyət və dövlət sisteminin əsas institutu olan partiyalardan da yeniləşmək tələb olunur. Ona görə də hansısa bir ölkənin hədsiz liberal yanaşmasında hansısa bir müddəanı götürüb, onun üzərindən yanaşma etmək ki, Finlandiyada 0 üzvlük tələbi qoyulub, bizdə də olsun; o halda, üzvlük sayı tələb olunmasaydı, mən bilmirəm Azərbaycan cəmiyyəti üçün biz partiyaları hansı sayda saxlaya bilərdik. Ona görə də mən hesab edirəm ki, Azərbaycan Venesiya Komissiyası ilə bunaqədərki dövrdə müxtəlif hüquqi məsələlər ətrafında əlaqələrini davam etdirib. 2010-cu illə bağlı dediyiniz rəylərlə tanışıq, bilirik ki, onlar hansı məsələlərlə bağlı öz mövqelərini səsləndirmişdilər. O dövrdə də hakimiyyət rəsmiləri kontur mövqelərini səsləndirmişdilər. İndiki zamanda da bu məsələni siyasi qarşıdurmaya, Avropa Şurası-Azərbaycan arasında gərginliyə çevirmədən, əgər hər hansı rəy olacaqsa, hüquqi, əsaslandırılmış izahatı və aydınlatması olacaq.

- Hələ ki, Venesiya Komissiyasından belə demək mümkünsə, zəng gəlməyib, eləmi?

- Tamamilə doğrudur.

Elşad Paşasoy,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR