İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu dünyanın qara daşı Azərbaycanın xoşbəxtlk adasında göyərərmiş – Neft daşları”ndan reportaj + Fotolar

1047 27.05.2023 12:00 Media A A

“Neft var, çoxdur və çıxarmaq mümkündür”. 1947-ci ilin Azərbaycanında, Xuruşovlu, Bağırovlu ittifaqda bu tezisi söyləyən adam gərək şir ürəyi yeyəydi. Bəlkə də yemişdi. Böyük şair Rəsul Rza “Çinar ömrü” haqqında yazdığı əsərində bu dahi insanın məktəbə gedərkən özü ilə canavar balası apardığını qeyd edir. Yoxsa ki, Xəzər dənizinin “Qara daşlar” adlanan ərazisində neft olduğunu deyib, Bağırova kim həyacan yaşada bilərdi. Necə yəni neft var, çoxdur və çıxarmaq mümkündür... Dünyada bu faktın analoqu yoxdur. SSRİ-nin tərkibində  zülm çəkən Azərbaycan ilkə imza atmaq istəyir? Belə vəziyyəti Moskvaya söyləməkmi olar?

Şir ürəyi yeyən canavarı ram etmiş adam getdi də, dedi də, elədi də. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Anastas Mikoyanın gözünün içindən keçirib, Stalinin nəzərinə bu faktı çatdırmaq kamikadzelikdir.  

O, Moskvada tezisini bəyan etməkdə, Bağırov qəlyanı ağzından düşməyən bığlı “nəhəng”in qorxusundan  Bakıdakı kabinetində bir qom qələm və karandaşı barmaqları arasında sıxaraq bəladan qurtulmağın yollarını axtarmaqda

Faktdır: Moskvanı lərzəyə salaraq elə həmin andan dahiyə çevrilən adam Bağırovun yanına gəlib məruzə edəndə kişinin əsəbindən halı özündə deyilmiş. Olub axı, yoldaş Mircəfərin də qəribə jestləri olub. Ona deyib ki, iddianın üstündə möhkəm dur, qalanı mənlikdir

1969-cu ilə qədər Bakıdakı ermənilər danosu danos dalınca yazıblar. Azərbaycanın dünyada ilkə imza atacağı paxıllığı onların vücudlarını sarıb.  Çaqqallar canavarlara ancaq tulalıq edə bilərlər. Təbiətin hökmünü dəyişmək istəyənlər avamlardır. Alim odur ki, təbiətlə iç-içə yaşasın, onu duysun, hiss etsin, nazını çəksin, nəvaziş göstərsin. Əlbəttə, sərt dalğalarla da üzləşəcəksən, tufana da düşəcəksən, qurduqlarını yel vurub bir andaca dağıdacaq. Bəs necə olmaldır? “Təbii” ifadəsinin antalogiyasına varanda kainatı bütün nöqtələri ilə olduğu kimi dərk edirsən. Elə azətbaycanlının da fərqi ondadır. Bu fərq 30 ildən sonra Qarabağın simasında sübut etdi ki, təbiətin hökmünü dəyişə bilməzsən, belə fikrə düşənlər bədbəxtlərdir. Knut Hamsunun “Torpağın bərəkəti” əsərinin mövzusudur. Cənab Hamsun belə mövzuya görə Nobelə layiq görülüb.   

Üç sözlük iddaisı ilə dünyanı lərzəyə gətirən haqqında danışdığımız dahi isə həm özü xoşbəxtdir, həm də bizi xoşbəxt etdi.

Onun kəşf etdiyi adaya “Möcüzələr adası” deyirlər. Əslindəsə ora xoşbəxtlik adasıdır. Kiçik bir xalqın fenomen olduğunu kainata təsdiqlətdirən hadisəni qoynunda yaşadan məkana “Xoşəbəxtlik adası” demək onun qəddi-qamətinə çox yaraşır.

Ruhunuz qarşısında əbədi baş əyirik, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev. Siz Azərbaycana iqtisadi səadət bəxş etmisiniz.

... Birdən xəbər çıxır ki, biz o səadətin günəş kimi doğduğu həmin məkana gedəcəyik. Dünyada ilk dəfə dənizdən neftin çıxdığı, məhz Arximedin dediyi, dayaq nöqtəsini görəcəyik. Nöqtənin ölçüsü olmur, nöqtələr çoxluğusa düz xətt yaradır. Ağa Qurban Əliyev amalı istqamətində düz xəttli və bərabər sürətli şəkildə hərəkət etdiyi üçün qara daşı göyərdib. Bu dünyanın qara daşı Azərbaycanın xoşbəxtlk adasında göyərərmiş, böyük Məmməd Araz. Yazmışdız ki, bu dünyanın qara daşı göyərməz və həmişə olduğu kimi, tam doğrusunu söyləmisiz, ustad şair. Sadəcə bizdəki göyərən daş, dünyanın daşı deyil, kainatdan gəlib.

Kainata nə göndərsən ondan daha təmtaraqlısı özünə qayıdır aksiomunu Kvant fizikası çoxdan təsdiqləyib. Ağa Qurban Əliyev  “Neft var, çoxdur və çıxarmaq mümkündür” nidasını elə sidq ürəklə söyləmiş, elə inamla ənginliyə gönədərmişdi ki, daşın nə ixtiyarı var göyərməsin.

Getdik, gördük. “Neft daşları”nda yaşadığımız gün ömrümüzün bəzəyinə çevrildi. Səbəbkarlara minnətdarlıq etmək üçün sözü gərək Kitabi-Dədə Qorquddan götürüm, enerjisi hisslərimi verə bilsin.

Mayın 25-i ömür tariximizə ikinci dəfə yazıldı. Mətbuat Şurası İdarə Heyəti üzvlərinin əksəriyyətinin orta məktəbdəki son zəngi 25-də olub. Bu dəfəki zəng ilk idi. Hörmətli hocamız Vüqar Rəhimzadənin təşəbbüsü və təşkilatçılığı ilə yaşadıq. Həm də necə hörmət, necə izzət, necə lətafətlə.

Mətbuat Şurası nümayəndələrinin “Neft daşlarına” səfəri üçün gəmi xüsusi ayrılmşdı. Yola salınma, yol, qarşılanma, ekuskursiya, bilgiləndirmə, ünsiyyət, təəssürat hekayələr üçün mövzular səviyyəsində. Gəmidə bizə çox yüksək səviyyədə münasibət göstərdilər. Sanki gəmini idarə edən heyət mələklər idi, elə hey qulluq göstərirdilər.

Gəmiyə ilk dəfə idi minirdim. Bir daha yəqinləşdirdim: dənizi olan xalqlar bəxtəvər, dənizi ram etməyi bacaranlar qəhərmanlardır.

Bizi “Neft daşları”nın rəhbərliyi qarşıladı. "Neft Daşları" NQÇİ-nin rəisi Asim Bagirov necə də  “Xoşbəxtlik adası”na yaraşan kadrdır: Gənc, səmimi, intellektual, gülərüz, işçilərlə qardaş, dost... Öyrənirik ki, neftçi peşəsinin sahiblərini xarakterləri fərqləndirir. Onlar çox istiqanlı, hörmətcil, sevgi dolu insanlardır. Bir-birlərinə ancaq qayğı ilə yanaşırlar. Eynisinin şahidi olduq.

Ayrılmaz dostlarıq biz

Tükənməzdir sevgimiz

Qarşımızda baş əyir

Mavi dalğalı dəniz.

 

“Insan məskən salır” filmindəndir. Çəkilişlərin aparıldığı məkanları görürük. Düşünürəm: mavi dalğalı dəniz neftçilərin qarşısında hörmət əlaməti olaraq baş əyir. Dənizi urvata mindirirlər, əsəbini sakitləşdirirlər, xalqın səadət payında böyük rolu olduğunu dənizə izah edirlər. Siz deyin, belə müqəddəs düşüncəli insanların qarşısında dalğalar niyə və necə təzim etməsin.

 

Əlbəttə o dalğaların arasında çətin anlayanları da olub. Dövlətinə, vətəninə özünü sidq ürəklə qurban verməyi bacaran xalqın nümayəndələrinin 21 nəfəri canları bahasına o dalğaları cilovlayıblar. Xatirələri əbədiləşdirilib. Onların adları sıralanan parkda qoyulmuş abidənin qarşısında dayanmışıq. “Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev sevgisinin çətirində zəngin və qrammatik qaydalara tam cavab verən elə möhtəşəm məlumatlar verir ki, adam o sözləri ürəyində gizlətmək istəyir, gətirib başqalarına da hədiyyə etsin.

Rəşad Məcidin zövqü mizandır. Xeyrulla Ağayev barədə “danışanda parıldayır, bu onu göstərir ki, Xeyrulla bəy peşəsinin heyranıdır” deyirsə, gərək Qazan xan dövrünə gedəsən belə möhtəşəm insan nümunəsi tapmaq üçün.  

Gəmidən düşürük. Mənzərə anındaca bizi cazibəsinə salır. Estakadalar, yollar, yaşayış binaları, park, abidələr, yeməkxana, çay evi, yaşıllıq və gülərüz insanlar...

Cazibəsinə düşdüyümüz mənzərəni gülərüz insanlar yaradıb. Qəlblərini dənizə veriblər, dənizə çevriliblər. Onlar əfasanə müəllifləridirlər. Bizə ilk olaraq təhlükəsizlik qaydalarını izah edirlər.

Səfər Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ziyarətimiz Heydər Əliyevin adına daşıyan muzeydən başlayır. Xeyrulla müəllimin heyranedici nitqi söylədiklərini canlandırmağımıza səbəb olur. O, danışır, biz görürük: Heydər Əliyev dörd dəfə “Neft daşları”na səfər edib. Ulu öndərin adanın inkişafında, maddi texniki bazasının yükəslməsində müstəsna xidmətləri olub. Buranın nəhəng neft-qaz istehsalı sahəsinə, yaşayış kompleksinə çevrilməsi istiqamətində böyük işlər görüb. Şəkillərdə anlar əksini tapıb.

Bütün simalarda fərəh var. Küləyi, fırtınası ilə ad çıxaran “Neft daşları”na həmin gün doğan günəş yəqin fotolardan səpilən işıqdır, kainat qəhrəman neftçilərin müqəddəs ruhlarına görə o işığı Günəşə çevirib.    

Ağa Qurban Əliyevin abidəsini ziyarət edirik. Dahi insan barədə  məlumat verən Xeyrulla müəllimin gözləri parlayır. Peşəsini sevmək nə gözəl hissmiş.  Dəyərli həmkarımız o hisslərin müşayətində bizi bilgiləndirməkdə davam edir.

Həmin yerdəyik –1957-ci il fırtınası qurbanlarının xatirəsinə həsr olunan abidə kompleksinin qarşısında. Dəyərli həmkarmız danışır: Xəzərin son yüz illik tarixində ən yüksək külək – saniyədə 44 metr sürətə malik olub və dalğaların hündürlüyü 13 metrə çatıb. Faciə yaşanır – iki qazma briqadasının 21 üzvü estakada ilə birlikdə qəhrəmancasına həlak olur. Onların əksəriyyəti neft daşlarının təməlini qoyan insanlar idi. İlk quyunu qazan, Mixayel Kaveroçkin dünyasını dəyişir. Briqadaların birinə o, digərinə Süleyman Bağırov rəhbərlik edib.

Birinci Qarabağ müharibəsndə “Neft daşları”nın şəhid olan 17 əməkdaşının xatirə kompleksində sükuta dalırıq. Danışılası heç nə yoxdur. Şəhidlər nəyi, harda, necə demək lazım idisə, onu da mükəmməl deyiblər.

1979-cu ildə “Neft daşları”nın 30 illiyi münasibəti ilə qoyulmuş “Neftçi abidə” kompleksinə baxış keçiririk. Ağappaq nəhəng kompleksdir. Qara rəngli neftlə iqtisadiyyatı ağardan qəhrəmanların şəninə qoyulub, rəng onların əməllərinin təzahürüdür.

Bu da həmin quyu. Dünya neft tarixində ilk dəfə dəniz neftinin çıxarıldığı dayaq nöqtəsi – bütün adanı üzərində saxalayan ölçüsü olmayan nöqtə. Üzərindəki qurğunun maketi də tarixin özüdür. 1949-cu il noyabrın 7-də 942 metr dərinlikdən fontan vuran quyu dünya neft tarixində yeni eranın başlandığından xəbər verdi. Sonradan 75 il ərzində 2 mindən çox quyu qazılıb, 200 milyon tondan çox neft çıxarılıb.

“Dəyirmi masa” arxasında mütləq oturmalıydıq. Belədə bir-birimizin simasındakı fərəhi, qüruru, sevinci yaxşı görə bilərdik. Gördük də. Təəssüratlarımızı bölüşdük, Ulu öndərin neft strategiyasına dair fəaliyyətindən söz açdıq, “Neft daşlar”ı möcüzəsinin bütün dünyada tanıdılması məqsədilə maraqlı təkliflər səsləndirdik. Aramızda fəxrimiz olan gənc xanım da var. Vüsalə Mahirqızının qızı Sara xanım. Millətinin başını uca edib: ABŞ-ın Boston Universitetinə qəbul olub. Elə də ağıllı, mütəvazi, intellektual xanımıdır ki. Gördüklərini xarici tələbə yoldaşlarına çatdıracağını söylədi, gözəl də təklif verdi. Dedi ki, “Neft daşları” barədə kiçik tanıtım roliki hazırlayıb, bulvarda böyük ekranların birində mütəmadi nümayiş etdirmək lazımdır. Sevginə, istedadına əhsən, Sara xanım.   

Öyrənirik ki, “Neft daşları”nın ilk illərini əks etdirən fotoguşə də yaradılıb. Səadət Məmmədova böyük həvəslə o guşəni görmək istədiyini söyləyir. Dəyərli həmkarım nahara da getmək istəmir. Razılaşırıq ki, nahardan sonra hamımız həmin fotolara baxmağa gedəcəyik.

Qonaqpərvərliyiniz mübarək, əziz neftçilər. Açdığınız süfrədəki nemətlərin dadı damağımızdadır. Bir də aurası könlümüzə həkk olunub. Eynən gəmidəki kimi: mələk insanlar ətrafımızdan çəkilmirdilər, elə qulluq, elə qulluq göstərirdilər.

Bu da həmin fotolar. “Neft daşları” bir istinad nöqtəsinə söykənilərək batırılan 7 gəminin üzərində qurulub. “Mənə dayaq nöqtəsi verin, dünyanı məhvərindən çıxarım” deyən nəhəng Arximedin əksinə getmişik. Dayaq nöqtəsini də kimsə verməyib, özümüz tapmışıq, dünyanı da məhvərindən çıxarmamışıq, məhvərinə qaytarmışıq. Fotolar şahiddir. 7 gəminin qalıqalrını görünür. “Neft Daşlar” 75 ildə 3 dəfə dağılıb. Ağa Qurban Əliyevin ruhundan güc alan insanlar adada möcüzə yaradacaqları inamından bir addım geri çəkilməyiblər – dayaq nöqtəsi onların cazibə qüvvəsinə çevrilib.

25 may 2023-cü il tarixi də bizim ömrümüzün sitayiş olunacaq gününə çevrildi.

Geri dönürük. Gəmidəyik. Yadigar Məmmədli ilə söhbətləşirik. Qənaətimiz: Azərbaycan xalqı yer üzünün lütfüdür. Sübut üçün onlarla dayaq nöqtəmiz var – yer planetini məhvərinə qaytarmaq üçün dayaq nöqtələri.

Ceyhun Musaoğlu 

Bakı - “Neft daşları” - Bakı  

 



























Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR