İnsanlara hürriyət, millətlərə istiqlal!

Başlıbel faciəsi ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim ediləcək

578 18.07.2023 10:22 Media A A

Xalid Kazımov: “Qətliamla bağlı faktlar, kənd sakinlərinə vurulan maddi və mənəvi zərərlə bağlı sənəd ingilis dilində hazırlanır”

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində yeni layihənin icrasına başlayıb. Təşkilatın sədri Xalid Kazımov “Yeni Müsavat”a bu barədə məlumat verib. O, tarixi yada salaraq ilk olaraq onu deyib ki, erməni silahlı birləşmələri 90-cı illərdə Azərbaycanın bir sıra ərazilərində cinayətlər törədib, bu cinayətlərdən biri də Başlıbel kəndi ərazisində törədilib:

“Kəlbəcər rayonu işğal olunarkən 1993-cü ilin aprel ayında erməni silahlı birləşmələri aprelin ilk günlərində Başlıbel ərazisinə gəlib çatıblar və kənd ərazisini işğal ediblər. Bu zaman aprelin ilk günlərindən başlayaraq kənd ərazisində qarşılarına çıxan yaşlı, ahıl insanları gülləbaran ediblər. Kənd sakinləri Kəlbəcərin müdafiəsi üçün qəhrəmanlıq göstərərək vuruşublar, 9 sakin döyüşlərdə şəhid olub, 4 nəfər isə sağlamlığını itirib. Kənd sakinlərindən itkin düşən 2 nəfərdən isə bu günədək heç bir məlumat yoxdur. Eyni zamanda kənd işğal olunanadək burada 323 fərdi yaşayış olub, 380 nəfər şagirdlik orta məktəb, bir uşaq bağçası, bir xəstəxana, 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi və 2 kitabxana fəaliyyət göstərib. Kənddə 25 yük avtomobili, 2 UAZ markalı avtomobil, 2 sərnişin avtobusu və digər texnikalar qalıb, sakinlərin bütün əmlakı, 4500 iribuynuzlu, 12 min xırdabuynuzlu heyvan, 100 minədək ev quşu, 700 arı ailəsi düşmən tərəfindən ələ keçirilib.

DİN yanında İctimai Şuraya seçkilər keçiriləcək -

Kəlbəcər işğal edildikdən sonra Başlıbel kəndi artıq mühasirədə idi. Bizim kəndimizdən Murovdağ istiqamətinə gedən yalnız bir avtomobil yolu var idi, o da “Tunel” deyilən ərazidən keçirdi. Martın 31-də Tunelin bağlandığı xəbəri gəldi, artıq aprelin 1-də kəndimizin sakinlərinin bir hissəsi kəndin ərazisini tərk edərək "Tunel" istiqamətində hərəkət etməyə başladı. Lakin yolun bağlı olduğunu gördükdən sonra kəndə qayıtdılar və dağ yolu ilə Murova tərəf yola düşdülər. Yaşlılar və kəndi tərk etmək istəməyənlər orada qaldılar. Bu şəxslər Kəlbəcərin işğal edildiyinə inana bilmədilər, lakin aprelin 5-də rayonun işğalı ilə bağlı rəsmi xəbər radioda verildikdən sonra kənddə qalan 62 nəfər dağlarda mağaralarda gizləndi. Laçında mühasirəyə düşən 4 nəfərlik ailə və 9 nəfər hərbçi də kəndimizə pənah gətirmişdi və onlar da həmin 62 nəfərə daxil idi. Onlar aprel ayının 18-dək orada gizlənə biliblər. 18 apreldə ermənilər mağaraların olduğu yerləri aşkar etdilər. Mağara ələ keçirilərkən 12 sakin ermənilər tərəfindən qətlə yetirilib. Başlıbel kəndində öldürülənlər arasında ən yaşlı sakin yaşı 90-ı keçmiş Ələsgər kişi, azyaşlı sakin isə 6 yaşı olan Zövqiyyə Əhmədovadır. Bir də erməni terrorçularının əsir götürdüyü sakinlərimiz arasında hələ bir yaşı tamam olmamış körpə də olub".

Təşkilat sədri əlavə edib ki, bu günə kimi Başlıbel faciəsinin ictimaiyyətə və dünyaya tanıdılması istiqamətində bir sıra işlər görülüb: “Hələ ötən əsrin 90-cı illərində Başlıbel faciəsi haqqında kitab və məqalələr yazılıb. Biz Regional İnsan Hüquqları və Media Mərkəzi olaraq ilk dəfə 2013-cü ildə şahidlərin dedikləri əsasında "Başlıbel faciəsi. Erməni vəhşilikləri şahidlərin dili ilə" kitabını çap etdik. Bu kitabda göstərilən faktlar əsasında müvafiq istintaq hərəkətlərinin başladılması məqsədilə Baş Prokurorluğa müraciət olunub. Yerli mediada bir sıra məqalələr dərc olunub. Beynəlxalq miqyasda faciənin ağırlığını, faciə qurbanlarının yaşadığı stressi çatdırmaq üçün o qədər də biz məlumatların yayılmasının şahidi olmamışıq. Bu il  isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə layihə həyata keçiriləcək.

“Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar üçün hesabat hazırlanması” layihəsinin əsas məqsədi Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı ingilis dilində hesabat hazırlanaraq beynəlxalq təşkilatların məlumatlandırılmasıdır. Layihə çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun işğalı zamanı 1993-cü ilin 02 aprel-18 aprel tarixlərində doğma torpaqlarını tərk etməyən Başlıbel sakinlərinə qarşı törətdiyi qətliamla bağlı faktlar, kənd sakinlərinə vurulan maddi və mənəvi zərər, Başlıbel kəndi ərazisindəki tarixi və mədəni abidələrə qarşı vandalizm hərəkətləri barədə məlumat və fotoların əks olunduğu hesabat hazırlanacaq. Hazırlanan hesabat ingilis dilinə tərcümə ediləcək. Hesabat Bakı şəhərində keçirilən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, səfirliklərin, Azərbaycanın dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və Başlıbeldə törədilən qətliamın canlı şahidlərinin iştirak etdiyi tədbirdə ictimaiyyətə təqdim olunacaq. Hazırlanan hesabatın elektron versiyasının Birləşmiş Millətlər Təşkilatı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, ATƏT, Avropa Birliyi, Avropa Şurası və insan hüquqları ilə məşğul olan digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur".

X.Kazımovun sözlərinə görə, layihənin icrası Başlıbel faciəsinin 30-cu ildönümü ərəfəsində Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.

 HAZIRLADI: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR