İnsanlara hürriyət, millətlərə istiqlal!

100 cütlüyün 94-nün boşandığı ölkə və yerdə qalanlar

2297 07.05.2024 12:37 Yazarlar A A

Dünya ölkələrində boşanma faizlərinə dair reytinq cədvəli paylaşılıb (skrin-şot yazının düz ortasında tərəfimizdən paylaşılır), çox maraqlı məlumatdır.

Bəri başda deyim ki, Azərbaycanımız nəyə görəsə siyahıda yoxdur, lakin bu o demək deyil ki, biz ümumdünya trendindən geri qalırıq. Xeyr. Bu işdə bizim də üzümüz qaradır.

Bəzi yoldaşlar deyir ki, guya biz 50 faizlik boşanma faizi ilə reytinq cədvəlinin ilk onluğuna daxilik, amma belə deyil. 3-4 il əvvəl müvafiq statistik göstərici beləydi ki, bu iş bizdə üçdə birlə yekunlaşır. Yəni hər üç ailə quran cütlükdən biri təkləşir. Bu barədə sonra göftu-gu edərik.

Siyahıya Portuqaliya liderlik edir. Belə anlaşılır ki, bu ölkədə nahaq yerə evlənirlər, onsuz da 94 faizi boşanacaq. Yəni 100 cütlükdən yalnız altısı “yaxşı gündə, pis gündə, ölüm bizi ayırana qədər bir yerdə olacağıq” deyə içdikləri anda sadiq qalır. Yerdə qalanı deyir, “səni gördüyüm günə daş düşəydi”, ya da “səni mənə calayanın atası tünbətün olsun”.

Düzdür, Portuqaliya və o tipli ölkələrdə “calama” məsələsi başqa cürdür. Ayrılan tərəflərin qarğışı, güman ki, onları hardasa tanış edən dostlara gedir.

Heç qonşu qonşudan geri qalarmı? İspaniya 85 faizlə Portuqaliyanı dabanbasaraq izləyir. Pireney yarımadasının adamları ailə-məişət xüsusunda etibarsızmışlar. Futbolçu Jerar Pikedən götürək, 1 milyard kişinin həsədlə baxdığı Şakiranı qoyub getdi komanda yoldaşı Qavinin mamasına süllab satdı. Biqeyrət!

440366530_2315318705477355_7212524694329125267_n.jpg (68 KB)

Ümumi götürsək, böyük ehtimalla bu ölkənin kişilərinin 42,5 faizi içir, gəzir, uşağa baxmır, qadınların da bir o qədəri İnternetə girir, pis-pis seriallara baxır, 3-4 ayrı adamla yazışır və bu da son nəticədə boşanmalara səbəb olur.

Rifah və lüks içində üzən Lüksemburqa baxın hələ. Siyahıda üçüncüdür. Hər 100 ailənin 79-u dağılır, birini də ocağa aparıb and içdirirlər, boşanmağa qoymurlar ki, boşanma faizi 80 (səksən) olmasın.

İspaniya və Portuqaliyanı anladıq, isti yerdir, qanları qaynayır, bəs bu soyuq Rusiya ilə Finlandiyaya nə düşüb ki, 73 və 55 faizlə çox ölkəni, eləcə də Fransanı (51) qabaqlayırlar. “İçirlər, gəzirlər” söhbəti əsl bunlara yaraşır.

Gündə bir arvad alan, məşuqə dəyişən Berluskonunun milləti, italyanlar 46 faizlə orta yerlərdədir, yarı-yarıya deyil. Bir də maraqlıdır ki, poruqallarla "bir millət-iki dövlət" olan braziliyalılar boşanma işində 21 faizlə çox geri qalırlar.

Qardaş Türkiyənin faizi 25-dir, yəni ailə quranların dörddə biri, özləri demişkən, “tək cələsədə” yolları ayırır, kişi deyir, “abi, hayata döndüm, vallahi”, qadın da deyir, “bir öküzdən qurtuldum, abla”. İntəhası, məsələ bununla bitmir, o boşanan 25 faizin içindəki 25 faiz kişi boşandığı qadını qısqanır, axırda küçədə vurub öldürür ki, “övladımın yabançı adama baba deməsinə müsaidə edəməm”. Bu, bir türk fenomenidir. Yeri gəlmişkən, bu trend bizə də gəlib artıq. Ona görə də boşanan qadınların bir çoxu azadlığa çıxdıqlarını düşünməsinlər.

Müsəlman ölkələrindən siyahıda bir də Tacikistan var. 100 tacik cütlükdən 11-i boşanırmış. Yaxşı göstəricidir.

Hindistanda isə boşanma 1 faizdir. Bu ölkədəki fantastik əhali artımının səbəbi də elə bu olmalıdır. Bir arvad alıb qoyurlar başlarının altına, ilə bir uşaq istehsal edirlər. Maşallah, hazırda 1 milyard 426 milyon sakinlə dünya birincisidirlər. Mən bu yazını yazıb qurtarana qədər 1-2 milyon da artarlar, inşallah. Bu ölkədə nadir boşanmalar da, yəqin ki, soysuzluq üzündən olur. İndus oğlu qısır arvad saxlamaz.

İndi gələk öz ölkəmizə. Əslində bizdə gərək boşanma faizi çox az olsun. Çünki bizdə evlənmə bahalı işdir. Hazırda ən ucuz toy 40-50 minə başa gəlir. Bu qədər xərci çəkəndən bir-iki il sonra arvadı boşayanda kişilər üçün rentabelli olmur.

Ağlınız çox boşanan ölkələrə getməsin. Onlarda problem yoxdur, orda-burda, barda-zadda, kurortda-murortda tanış olurlar, bir az rəqs edirlər, bir-iki öynə keks yeyirlər, birinin evinə gedib evlənir, toy adına yüngülvari banket təşkil edirlər, bal ayına çıxırlar, bal qurtaranda gəlib, boşanırlar.

Bizdə elə deyil – xərci çoxdur. Yox, əgər biz dünyəvi boşanma marafonunda ön yerlərdə olmaq istəyiriksə, gərək toyların xərcini azaldaq ki, ildə birini edə bilək. Yoxsa həm bahalı toy elə, həm də tezliklə boşan – düz gəlmir. Belə olacaqsa, toydan 3-4 ay qabaq rəqs dərnəyinə getməyin, 1 ay boyunca gəlinlik seçməyin nə mənası qalır?

Ağıllı olmaq lazımdır. İnduslar boşanmırlar, nə olur? 2030-a qədər iki milyarda çatacaqlar, qaşqa inəyin canına, təpəl öküzün xayasına and içiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR