İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandakı “xarici agentlər” məsələsi Azərbaycana haqq qazandırdı...

953 07.05.2024 10:33 Ölkə A A

Qonşu Gürcüstanda xarici agentlərlə bağlı qanun layihəsinə qarşı günlərlə davam edən etiraz aksiyası Azərbaycanda bir məsələni yenidən aktuallaşıb. Belə ki, bu adda qanun olmasa da, əslində ölkəmizdə gürcü iqtidarının xaricdən maliyyələşən, mənbəyi məlum olmayan qeyri-hökumət təşkilatlarına qarşı atdığı addımları rəsmi Bakı hələ 10 il öncə həyata keçirib. 

Həmin vaxt ölkədə bir sıra təşkilatlar nəzarətə alındı, xaricdən axan külli miqdarda vəsaitlərin önü kəsildi və nəticədə çoxlu sayda missioner QHT-lər fəaliyyətini dayandırmağa məcbur qaldı, eləcə də, bir sıra donor təşkilatları. Bir sözlə, qarşıya qoyulan hədəflərə çatıldı. Həyata keçirilən bu tədbirlər ölkə iqtidarının nə qədər doğru addım atdığını bir daha sübut etdi.  Gürcüstanın baş naziri İrakli Kobaxidze xaricdən maliyyələşən təşkilatların 2020-2023-cü illərdə Gürcüstanda inqilab təşkil etmək üçün iki cəhddə fəal iştirak etdiyini vurğulayıb: “Təəssüf edirəm ki, bir çox təkliflərə baxmayaraq, həmkarlar şəffaflıq haqqında qanun layihəsinin substantiv müzakirəsindən yayınırlar. Bundan əlavə, indiyədək yeganə məqsədi şəffaflığı və müvafiq qurumların hesabatlılığını təmin etmək olan bu qanun layihəsinə qarşı heç bir arqument eşitməmişik. Xaricdən maliyyələşən təşkilatlar 2020-2023-cü illərdə Gürcüstanda inqilab təşkil etmək üçün iki cəhddə fəal iştirak ediblər. Şəffaflıq haqqında qanunun qəbulu Avropa İttifaqının depolarizasiyanı təmin etmək üçün əsas mandatının həyata keçirilməsi üçün zəruri şərtdir”.

Bir sözlə, əlləri hər zaman xaricə uzanan qurumlar istənilən ölkə üçün “canlı bomba”dır... Necə ki, Gürcüstanın Gürcüstanın timsalında bunun bir daha şahidi olduq...

Sabiq xanım deputatın qardaşı vəzifəsini itirdi

Sona Əliyeva: “Hökumətin verdiyi bu kimi qərarlar...”

Sabiq deputat, siyasi şərhçi Sona Əliyeva öncəliklə qonşu ölkədəki prosesləri şərh etdi: “Gürcüstanda sözügedən qanun layihəsi QHT-lərin və media qurumlarının fəaliyyətinin şəffaflığını artırmaq və "xarici təsirin" qarşısını almaq məqsədi daşısa da, müxaliflər bu qanunu ifadə azadlığını və vətəndaş cəmiyyətinin müstəqilliyini məhdudlaşdıracağı ilə bağlı tənqid edir. Görünən odur ki,  qanun layihəsi Gürcüstanda siyasi qütbləşməni dərinləşdirib. Qərb və Rusiya tərəfdaşları arasında ciddi fikir ayrılığına səbəb olub. Müxalifət partiyaları və qeyri-hökumət təşkilatları qanun layihəsinə qarşı çıxıb və bu qanunun hökumət tərəfindən opponentləri qorxutmaq üçün istifadə olunacağından ehtiyatlandığını bildiriblər. Hakim partiya isə qanun layihəsinin xarici kəşfiyyat fəaliyyəti və təbliğatına qarşı mübarizə üçün zəruri olduğunu müdafiə edir.

Nəticə olaraq, Gürcüstanda Xarici Təsir Qanununun layihəsi mürəkkəb və siyasi baxımdan həssas məsələdir. Qanun layihəsi üzrə müzakirələr davam edərkən, bütün tərəflərin bu qanunvericiliyin potensial təsirlərini diqqətlə nəzərdən keçirməsi və konstruktiv dialoqu davam etdirməsi vacibdir.

Qanun layihəsi Rusiya və Avropa İttifaqı kimi regional güclər arasında da gərginliyi artıra bilər. Rusiya qanunu öz maraqlarını qorumaq üçün istifadə edə biləcəyini iddia edərkən, Aİ onun demokratik dəyərləri pozduğunu müdafiə edir. Bu vəziyyət regionda siyasi qeyri-sabitliyi və gərginliyi artıra bilər. Qanun layihəsi Gürcüstanın Avropa İttifaqı və digər beynəlxalq aktorlarla münasibətlərini poza bilər. Bu, Gürcüstanın beynəlxalq yardım və dəstəyə çıxışını çətinləşdirə və ölkənin regional və qlobal inteqrasiya səylərinə xələl gətirə bilər.

Belə bir qanun layihəsinin qəbulu və ya rədd edilməsi bir sıra amillərdən, o cümlədən ölkənin milli təhlükəsizlik siyasətindən, xarici müdaxilədən qorunma strategiyalarından və demokratik dəyərlərdən asılıdır. 

Xarici agentlərlə bağlı qanun layihələri çox vaxt ölkələrin milli təhlükəsizlik və suverenlik narahatlıqlarına cavab olaraq yaranır. Bu cür qanunlar xarici ölkələrin daxili işlərinə müdaxilənin qarşısını almaq məqsədi daşıyır və bəzən xaricdən maliyyə dəstəyi alan QHT-lərə və ya fəallara məhdudiyyətlər qoya bilər".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı: “Tiflis küçələrində yaşananlar bizdə vaxtında doğru qərar verildiyini bir daha təsdiq edir”

Politoloq dedi ki, Azərbaycan hökumətinin qeyri-hökumət təşkilatlarının və media qurumlarının xaricdən qrant almasına məhdudiyyət qoyması müxtəlif siyasi və sosial baxışlara malik insanlar arasında tez-tez mübahisə doğurur: “Lakin Azərbaycan hökuməti xarici siyasətdə hər zaman həssas və balanslaşdırılmış siyasəti ilə region ölkələrindən fərqlənib. Azərbaycan qeyd olunan məhdudiyyətləri həyata keçirsə də, bu halları qanunvericilik müstəvisinə gətirməyib. Hər bir halda milli maraqlar baxımından bu məhdudiyyətlərin əsaslı səbəbləri var. Məsələn, xarici hökumətlər və ya təşkilatlar tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları və ya media qurumları ölkənin daxili siyasətinə təsir göstərməyə və ya manipulyasiya etməyə cəhd edə bilər. Yaxud da kəşfiyyat və casusluq fəaliyyətləri, terrorizmi maliyyələşdirmək və ya radikallaşmanı təşviq etmək üçün istifadə oluna bilər. Azərbaycan hökuməti hər zaman milli təhlükəsizlik məsələlərinə və daxili sabitliyin qorunmasına diqqətlə yanaşıb, ölkənin daxili işlərinə xaricdən müdaxilə edə biləcək kənar ünsürləri yumşaq əllə uzaqlaşdırmağı bacarıb. Həmçinin QHT-lərin və media qurumlarının şəffaflıq və hesabatlılığının artırılmasına nail olub. Belə bir düşünülmüş və məhdudiyyət şəklində "yumşaq addımların" atılması xarici gücləri açıq etiraz fikirləri ifadə etməkdən çəkindirib.  Odur ki, zamanında Azərbaycan hökumətinin verdiyi bu kimi qərarlar nəinki ölkəmizdə bu kimi gərginliklərin yaşanmasının qarşısını alıb, həmçinin özünəməxsus balanslaşdırılmış və müstəqil siyasətinin hər hansı təzqiqlərdən təsirlənmədiyini də göstərir".

Siyasi analitik Asif Nərimanlı da fərqli düşünmür: “Gürcüstanda baş verənlər ABŞ başda olmaqla, Qərbin başqa ölkələrin daxili işlərinə müdaxilə siyasətinin real nümunəsidir. Eyni qanun 100 ilə yaxındır ki, ABŞ-da mövcuddur və bu ölkədə gəlirlərinin 20 faizindən çoxu xarici qaynaqlara aid olan təşkilatlar bu qanunun radarına düşür. İndi Gürcüstan eyni qanunun qəbul edilməsini istəyəndə ABŞ və digər Qərb ölkələri tərəfindən qınanılır, daxili etirazlarla üzləşir. Çünki bu qanun qəbul olunarsa, Gürcüstan dövlətinin Qərb şəbəkəsi üzərində nəzarəti artacaq, məhz bunu istəmirlər. Küçələrdə baş verənlər də Qərb şəbəkəsinin hərəkətə keçməsinin nəticəsidir. Gürcüstanda qeydiyyatdan keçmiş 25 minə yaxın QHT-nin 90 faizdən çoxu birbaşa Qərbin donor təşkilatları ilə işləyir və ya digər formada şəbəkədə təmsil olunur. Gürcüstan hökuməti qərarında haqlıdır, amma gec verilmiş qərardır və ona görə də hadisələrə nəzarət etmək imkanı azalıb. Baş verənlər Azərbaycanın 2013-cü ildə doğru addım atdığını təsdiq etdi. 2013-cü ilə qədər Qərbin Azərbaycandakı şəbəkəsi donor təşkilatlarından qrant layihələri adı altında külli miqdarda vəsait alır, bunu dövlətin nəzarətindən kənar əldə edə bilirdi. Bu gün Gürcüstanda mövcud olan şəbəkənin Azərbaycanda da yaradılması istiqamətində addımlar atıldığı bəllidir. Azərbaycan 2013-cü ildə qrantlarla bağlı qanuna dəyişiklik edərək, proseslərə nəzarəti gücləndirdi. Bu addıma görə rəsmi Bakıya kifayət qədər təzyiqlər edilib, amma bu gün Tiflis küçələrində yaşananlar vaxtında doğru qərar verildiyini bir daha təsdiq edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR