İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycançılıq ideologiyası dövləti sarsılmaz edən güclü silah rolunda

8830 20.09.2022 10:00 KİVDF layihələri A A

Ölkəmizi güclü və bütöv edən ideologiyanın əhəmiyyəti indi daha da artır

Dövlət müstəqilliyimizin əldə olunması və möhkəmlənməsində, həm də işğaldakı ərazilərimizin azad olunmasında azərbaycançılıq ideologiayasının çox böyük rolu olduğu bəllidir. Müstəqilliyinin bərpasının 31-ci ilini yaşayan Azərbaycanın bu dövrü müxtəlif siyasi, iqtisadi, sosial hadisələrlə yadda qalıb.

Ən əsası bu illər ərzində azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyər olub. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir, Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətdir. Azərbaycançılıq bizim həm dövlət həm də milli ideologiyamızdır. Təsadüfən deyilməyib ki, ideologiya vətən haqqında vahid elmi sistemdir. Ona görə də bizim bugünkü dövlətçiliyimizin atributları Azərbaycanın bayrağı, gerbi, himni, milli valyutası və konstitusiyası məhz azərbaycançılığa əsaslanır.

 “Yeni Müsavat”a şərhində Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, inkişafında, bu gün ölkəmizin qlobal gücə çevrilməsi prosesində azərbaycanaçılıq ideologiyasının müstəsna təsiri olub və var: “SSRİ-nin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasınından sonra ilk bir neçə ildə ölkəmizdə qarmaqarışıq vəziyyət, xaos hökm sürürdü, mərkəzdənqaçma meylləri baş qaldırmışdı. Bu ağır durumdan ölkənin çıxarılması çoxları üçün mümkünsüz görünəndə məhz azərbaycançılıq ideologiyası bu təhlükəli vəziyyətdən çıxmaqda ölkənin, xalqın harayına çatdı. Bu ideologiyanın banisi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə onun müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda rəsmi status aldı. Məhz bu amil Azərbaycanın xilası oldu. Əldən getmək üzrə olan dövlət müstəqilliyimizi bu ideologiya qorudu, dirçəltdi. Xalqı bu ideologiya ətrafında birləşdirmək mümkün oldu. Azərbaycanın parçalanmasını, məhv olmasını gözləyən düşmənlərin planlarını, arzularını məhz azərbaycançılıq ideologiyası, bu ideologiyanın Heydər Əliyev tərəfindən böyük müdrikliklə həyata keçirilməsi pozdu. Azərbaycan inkişaf yoluna qədəm qoydu, xaos sabitliklə, mərkəzdənqaçma meylləri güclü Azərbaycan qurmaq, milli birlik ideyasının xalqın şüuruna hakim kəsilməsi ilə, ruh düşkünlüyü, gələcəyə inamla əvəz olundu”.

Azərbaycanda sənayenin ÜDM-də payı 43 faizə çatıb - Aydın Hüseynov -  ArazMedia.Az

Aydın Hüseynov

Deputat vurğuladı ki, azərbaycançılıq ideologiyasının təməl prinsipləri 1995-ci ildə müstəqil Azərbaycanın qəbul olunan ilk Konstitusiyasının yaranmasında ciddi təsirə malik oldu. Ölkədə siyasi islahatlara başlanması prosesi bu ideologiyanı özünə meyar kimi seçdi: “Ölkəmizin beynəlxalq birlik tərəfindən ciddi bir dövlət kimi qəbul olunmasında, gənclərin milli ruhda tərbiyələnməsində, çox vətənpərvər milli ruhda gənc nəslin yetişməsində azərbaycançılıq ideologiyasının son dərəcə böyük təsiri olub. Bu təsir bu gün də var. Azərbaycanın bəxti həm də onda gətirdi ki, Heydər Əliyevdən sonrakı dövrdə onun müəllifi olduğu ideologiya Prezident İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə həyata keçirildi. Bugünkü qalib Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmlənib. Dövlət siyasətinin əsas ideoloji tezisinə çevrilən azərbaycançılıq fəlsəfəsi Azərbaycanda yaşayan çoxsaylı millətlərin vəhdət halında Azərbaycan dövlətinin inkişafı, ərazi bütövlüyü uğrunda ayağa qalxmasına gətirib çıxardı və nəticədə 30 ilə yaxın Ermənistanın işğalında olan torpaqlarımız azad edildi. Bütün bunların təməlində yenə də azərbaycançılıq ideologiyası, bu ideologiyanın dövlətin milli siyasətinə çevrilməsi oldu. İkinci ili yaxınlarda tamam olacaq 44 günlük Vətən müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz elə azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq və işğalçı ermənilərin başına endirdiyimiz "dəmir yumruq"la paralel həmin dövrdə Qarabağın işğaldan azad olunduğu 44 günlük savaş dönəmində cəmiyyətin içərisində də “Vahid Vətən”, “Vahid Dövlət” və “Vahid Azərbaycan” anlayışı ətrafında sıx birlik yarandı. Son zamanlar Azərbaycana qarşı xaricdən bəzi ermənipərəst dövlətlərin təzyiqlərinin və ölkəmizi zəiflətmək cəhdlərinin artdığını nəzərə alsaq, belə bir dönəmdə xalqımızın birliyinə, bir yumruq kimi bir olmasına daha çox ehtiyac var. Deməli, yenə də milli birliyimizin ideoloji əsası olan azərbaycançılıq ideologiyası öz sözünü deyəcək. Milli birliyimizin təməl prinsipi olan bu ideologiya dövlətimizi bütün təzyiqlərin qarşısında sarsılmaz edən amillərdən biridir. Azərbaycançılıq ideologiyası bundan sonra da uğurla inkişaf etdirilərək dövlət siyasətinin məhvərində olmağa davam edəcək, Azərbaycanda milli birliyin təməlində dayan ən mühüm amillərdən biri olaraq qalacaq. Müasir dünyamızda bu ideologiyaya ehtiyac daha da çoxdur".

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR