İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan qadın naziri olmayan bir neçə ölkədən biridir”

6455 07.01.2023 13:23 KİVDF layihələri A A

İqtisadçı alim gender bərabərsizliyini aradan qaldırmanın yollarından danışdı

“Qadınların iqtisadi və sosial həyatda iştirakı üçün ən önəmli kriteriya onların məşğulluq səviyyəsinin yüksəldilməsidir. İqtisadi cəhətdən müstəqil olmayan qadın nə siyasi proseslərə qatıla bilər, nə də cəmiyyətdə söz sahibi ola bilər”.

Bu fikirləri Ağ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri, iqtisadçı alim Vüsalə Əhmədova “Yeni Müsavat”a qadınların iqtisadi fəallığı, müxtəlif sahələrdə onlara ayrılan yerlər və s. haqqında danışarkən bildirib.

O, təəssüflə bildirib ki, ölkəmizdə ağır işlərdə çalışan xanımlar çoxluq təşkil edir: “Siz yaxın və ya uzaq qonşu ölkələrdə küçə təmizləyən qadınlara rast gəlmisinizmi? Şəxsən mən rast gəlməmişəm. Ölkəmizdə ağır işlərdə işləyən qadınların sayı kifayət qədərdir. Kənd təsərrüfatı və aqrar sektor da bu sahələrdən biridir. 2019-cu il üzrə istehsalat qəzaları nəticəsində 12 qadın həyatını itirib, 43 qadın isə ağır xəsarət alıb. Cəmiyyətimizdə belə bir ümumi fikir formalaşıb ki, Azərbaycanda qadınlar üçün iş tapmaq daha asandır. Əslində belə deyil. Bəzi sahələrdə, məsələn kənd təsərrüfatı və aqrar sektorda ağır əl əməyi tələb olunan işlərdə və ya təmizlik işlərində, ən yaxşı halda isə uşaq bağçalarında tərbiyəçi və ya qeydiyyat işlərində qadın işçilərə daha çox ehtiyac duyulur. 2021-ci ildə məşğul əhali arasında qadın və kişilərin faiz nisbətinə baxsaq, qadınlar 48,3%, kişilər 51,7% təşkil edir. O cümlədən, işsiz əhalinin 57,7%-ni qadınlar, 42,3%-ni kişilər təşkil edir. Kadr axını nəticəsində 2019-cu ildə 37,8% qadın işdən azad olunub, struktur dəyişikliyi ilə əlaqədar işini itirənlərin 39,4%-i qadınlardır.

Düşünürəm ki, iqtisadi cəhətdən müstəqil olmayan qadın cəmiyyətdə heç bir uğur qazana bilməz. Ən acınacaqlısı da budur ki, ölkədə rəhbər vəzifələr kişilərə həvalə olunur. Rəhbər vəzifələrdə çalışan qadınların sayına nəzər yetirək: Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə hesabatına görə, ölkəmizdə cəmi 1 qadın nazir (hazırda bildiyim qədəri ilə işdən kənarlaşdırılıb), 2 qadın dövlət komitəsi sədri, 2 qadın yerli icra hakimiyyəti başçısı var. Özəl sektorda da vəziyyət heç də ürəkaçan deyil, ölkə üzrə fərdi sahibkarların 21,68%-i qadın, 78,32%-i kişidir".

V.Əhmədova qadınların istər sosial, istərsə də iqtisadi sahədə hüquqlarını qoruyan çox sayda beynəlxalq konvensiyaların mövcudluğuna diqqət çəkdi: “Ən önəmli sənədlərdən biri BMT-nin ”Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası"dır (GEDAW). Konvensiya qadınların iş həyatında kişilərlə bərabər mövqe tutmasını de-fakto təmin etmək məqsədilə, tərəf dövlətlərin müvəqqəti və xüsusi tədbirlər görməsini nəzərdə tutur. Məqsəd sadəcə de-yure bərabərlik yaratmaq deyil, bərabərliyin gerçəkdə də həyata keçməsinə imkan verəcək “bərabər imkanlar siyasəti” (politics of equal opportunity) yürütməkdir. Hesab edirəm ki, tarix boyunca mövcud olan və olmaqda davam edən gender bərabərsizliyini aradan qaldırmanın yeganə yolu “müsbət ayrı-seçkilik” mexanizmini tətbiq etməkdir. Qadınların aşkar şəkildə geri plana atıldığı sahələrdə, xüsusilə də, siyasi, hüquqi, dövlət idarəçiliyi sahələrində kvotaların müəyyən edilməsi bunun yeganə həll yoludur.

BMT-Qadın (UN Woman) və Parlamentlərarası Birlik Qrupunun (IPU) yayımladığı “Siyasətdə Qadın 2021" hesabatında heç bir qadın naziri olmayan bir neçə ölkə qeyd olunub ki, bunların da başında Azərbaycan gəlir. Eyni iqtisadi fəaliyyət növü üzrə çalışan qadın və kişilərin orta aylıq nominal əmək haqları arasında da böyük fərq var. DSK-nın 2021-ci il hesabatına baxsaq görərik ki, emal sənayesi üzrə çalışan qadınların orta aylıq nominal əmək haqqı 474,5 manat, kişilərin isə 757,2 manatdır”.

İqtisadçı alim qadınlar üçün həyat şəraitinin ən yaxşı və ən pis olduğu ölkələrdən də söz açdı: “”National Geographic" 2019-cu ildə qadınlar üçün həyat şəraitinin ən yaxşı və ən pis olduğu ölkələri araşdırıb. Hakimiyyətdə təmsil olunma, mobil telefondan istifadə, məşğulluq səviyyəsi, maliyyə vəziyyəti, təhsil səviyyəsi, cinsi ayrı-seçkilik və cinsi zorakılığa məruz qalma, ictimai təhlükəsizlik, hüquqi ayrı-seçkilik, qərəzli münasibət görmə kimi kriteriyalar üzrə aparılan araşdırmanın nəticəsində qadınlar üçün həyat şəraitinin ən yaxşı olduğu ölkələr arasında Norveç, İsveçrə, Finlandiya, Danimarka, İslandiya ilk beşlikdə qərarlaşıb. Dünya İqtisadi Forumu (WEF) tərəfindən qadınların iqtisadiyyatda iştirak imkanları, təhsil səviyyəsi, sağlamlıq vəziyyəti və qadınların siyasətdə rolu kimi faktorlar əsas götürülərək hazırlanan 2022-ci il “Qlobal Gender Bərabərsizliyi” (Global Gender Gap Report) hesabatında Azərbaycan 101-ci sırada qərarlaşıb, ilk üçlükdəki ölkələr İslandiya, Finlandiya və Norveçdir.

Ölkəmizi bu hesabatlarda üst sıralarda görməmiz üçün beynəlxalq sənədlərə əsaslanaraq real addımlar atmalıyıq. Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması Konvensiyası” ilə bağlı ölkəmizdə bir qisim insan məğzinə varmadan mənfi fikirlər formalaşdırmağa başladı. Deyərdim ki, sənəd beynəlxalq hüquqda qadına qarşı zorakılıq və ailədaxili şiddətlə bağlı sanksiya gücü olan ilk Konvensiyadır. İstər dövlət, istərsə də özəl sektorda qadınlara qarşı fiziki, cinsi, psixoloji və iqtisadi hərəkət və təhdidlərə qarşı sənəddə önəmli sanksiyalar nəzərdə tutulur. BMT-nin ixtisaslaşmış qurumlarından biri olan “Beynəlxalq Əmək Təşkilatı” tərəfindən qəbul edilən qadınların iş həyatındakı vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar çox sayda qərarlar mövcuddur. Bütün bu sənədlər qadınların kişilərlə bərabərhüquqlu formada iqtisadi və sosial həyata qatılmasını təşviq edir və onların tətbiqi vacibdir".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb.

Hazırladı: Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR