İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ailələri sürətlə “oğlanlaşır”

1220 11.05.2023 09:13 Media A A

Belə davam etsə, 2050-ci ilədək fəlakət olacaq

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. Bu isə çox ciddi demoqrafik problemlərin anonsu kimi qəbul edilə bilər. 

Azərbaycan ailələrində qədimdən oğlan uşaqlarına daha çox üstünlük verilib. Müasir dövrdə də bununla bağlı fikirlər bir o qədər dəyişməyib. Oğlanlara nəslin davamçısı kimi baxılır. 

Gender məsələləri üzrə ekspert Aynur Veysəlovanın sözlərinə görə, Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birinci yerdədir. Belə ki, son illərdə 100 qıza 105-107 oğlan düşürdüsə, indi bu nisbət də pozulub. 

Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 73 min 177 körpə doğulub. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,4, qızlarınkı isə 46,6 faiz olub.

Mütəxəssislərin fikrincə, dünyaya gələn hər 100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayı 106-dan çox olarsa, bu, cinsə görə oğlan uşaqlarına üstünlük verildiyini göstərir. Əksinə, 103-dən az olarsa, bu nisbət qız uşaqlarına üstünlük verildiyini təsdiq edir.  Dünyaya göz açan oğlan və qız uşaqları arasında demoqrafik balansın pozulmasının əsas səbəbi də məhz selektiv abortlardır. Qızların sayının süni surətdə azaldılması insanlıq baxımından böyük günah olmaqla bərabər, həm də yaxın gələcəkdə baş verəcək ciddi demoqrafik pozuntuların təməlini qoyur.

Azərbaycanda selektiv, yəni cinsə görə abort qadağandır. Hazırda qüvvədə olan qanuna görə, 12 həftəyə qədər hamiləlik ananın istəyi ilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən, abort icra oluna bilər.

Azərbaycanlı ailələrə “leyləklər” ancaq oğlan gətirir - ciddi demoqrafik  problem

Azərbaycan qanunvericiliyində cinsi mənsubiyyətə görə ayrı-seçkilik yolverilməz hesab olunur. Buna baxmayaraq, bu gün bəzi ailələrdə oğlan uşaqlarına üstünlük verilir. Bu halların qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edib. Həmin Tədbirlər Planında uşaqların doğulanadək cins seçiminin qarşısının alınması ilə bağlı müvafiq qurumlar tərəfindən həyata keçirilməli olan tapşırıqlar var. Komitə tərəfindən müvafiq tədbirlər planının icrası istiqamətində əhalinin, xüsusilə regionlarda yaşayan risk qrupuna aid olan ailələrin reproduktiv davranış sahəsində bilik səviyyəsinin artırılması, gənc və yeniyetmələrin cinsi mədəniyyət sahəsində maarifləndirilməsinin gücləndirilməsi, arzuolunmaz hamiləliklərin artmasının, abortların sayının çoxalmasının, doğulacaq uşağın cinsinin seçilməsinin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri daha da gücləndirilib. 

Ana bətnindəki dölün cinsiyyəti yalnız 16-cı həftədə məlum olur. Qanuna görə, 12-ci həftəyə qədər ana abort etmək istəsə, heç bir sorğu-sualsız bu istəyi təmin olunur. Ancaq 12-ci həftədən sonra abort üçün tibbi və sosial göstəricilər olmalıdır. Sosial göstəricilər siyahı şəklində Səhiyyə Nazirıliyi tərəfindən hazırlanıb. Siyahıya əsasən, əgər ailənin evi yoxdursa, məcburi köçkün qrupuna aiddirsə döl abort etdirilə bilər.

Ümumiyyətlə, abort etdirmək qadının ən əsas hüquqlarından biridir və bu hüququ heç kəs ondan almamalıdır. Amma bu hüququn sui-istifadəsi yolverilməzdir.

Bu siyahıdan sonra müraciət edənlərə sual verilmir ki, niyə məhz 16 həftə gözlədikdən sonra abort etdirmək istəyirsən. Əgər yeni uşaq dünyaya gətirməyə maddi imkanın yoxdursa, bunu elə ilk həftələrdə də etmək olar. Ekspertlər deyirlər ki, bu halların qarşısını almaq üçün bu siyahı yenidən işlənəcək. 

Ümumiyyətlə, psixoloqlar bildirir ki, bu məsələ ana namizədinin psixologiyasında da ciddi izlər buraxacaq. Belə ki, selektiv abort qadının istəyi daxilində olarsa və sonra hər hansı bir anomaliya nəticəsində qadın bir daha övlad sahibi ola bilməzsə, bu zaman özünü gunahlandırma halları baş verə və bu da ağır depressiv hallara səbəb ola bilər. Bundan başqa, bu travmalardan sonra qadında ağır depressiya halları, həyəcan pozuntuları, stress, panik atak pozuntusu və vaginizm yarana bilər. Bu pozuntuların təsirləri qadın həyatının bir çox sahələrində özünü büruzə verə bilər. Qadının sosial münasinətlərinə, iş əlaqələrinə, ailə münasibətlərinə, övladları ilə ünsiyyət formasına təsir edə və onları poza bilər. Selektiv abort sonrası qadınlarda iştah azalmaları və ya artmaları, yuxusuzluq və ya həddindən artıq yuxululuq, öncədən zövq aldığı və sevdiyi fəaliyyətlərdən artıq zövq ala bilməmə, ailə üzvlərinə laqeydlilik halları baş verdikdə qadında depressiyadan şübhələnilə bilər.

Əgər qadının abort anı və bu zaman məruz qaldığı zorakılıq halları ilə əlaqəli görüntülər gözünə görünür və ya yuxuda görürsə, bu zaman panik atak keçirirsə, stress və əsəbilik halları müşahidə edilirsə, qadında travma sonrası stress pozuntularının olması ehtimal edilir.

Yazını hazırladı: Sevinc TELMANQIZI 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR