İnsanlara hürriyət, millətlərə istiqlal!

300 nəfər 90 kvadratmetr əraziyə belə sığışdı, banklar azərbaycanlılara üz çevirdi - FOTOLAR

5941 15.12.2022 14:50 Müsahibə A A

Hazırda dünyanın müxtəlif ölkələrində 19 Azərbaycan Evi fəaliyyət göstərir. Varşava Azərbaycan Evi də onlardan biridir. Bu Ev vaxtilə Ukraynadan savaş səbəbilə çıxan azərbaycanlıların pənah yeri olub.  

Musavat.com Varşava Azərbaycan Evinin rəhbəri, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli ilə həmin anlara yenidən qayıdıb.

WhatsApp Image 2022-12-13 at 21.27.23.jpeg (35 KB)

Müsahibəni təqdim edirik:

- Fərid bəy, özünüz haqda oxucularımıza məlumat verərdiniz zəhmət olmasa.

- Mən 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili, Praqa Nyu-York Universitetində Beynəlxalq kommersiya hüququ üzrə magistratura təhsili almışam. 10 ildən çoxdur ki, Polşada yaşayıram.

- Diaspor fəaliyyətiniz necə başlayıb?

- Diaspor fəaliyyətinə Polşaya gəldiyim vaxtlardan başlamışam. Soydaşlarımızla birlikdə bir çox tədbirlər, aksiyalar təşkil etmişik. Həmin vaxtlarda Polşada yaşayan soydaşlarımızın sayı çox az idi. Belə olan halda çətinliklər daha çox olurdu. İndi isə hər il bu say daha da artır. 2019-cu ildən etibarən Polşa Azərbaycanlıları Şurasına rəhbərlik edirəm.

- Varşava Azərbaycan Evi ölkəmizlə bağlı məlumat bazası rolunu oynaya bilir?

- Varşavada və ya digər şəhərlərdə təşkil etdiyimiz tədbirlərdə bütün hazırlıq işləri Varşava Azərbaycan Evində həyata keçirilir. Burada Azərbaycanla bağlı müxtəlif kitablar, atributlar var. Həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən gələn qonaqlarımız mütləq Varşava Azərbaycan Evinə baş çəkirlər. Biz onlara Polşadakı fəaliyyətimiz, gördüyümüz işlər, Varşava Azərbaycan Evinin önəmi barədə məlumat veririk.

- 300 nəfərin 90 kvadratmetr əraziyə sığışdırılmasından da danışardınız...

- Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna-Polşa arasındakı 8 sərhəd-keçid məntəqəsindən Polşa ərazisinə daxil olmuş soydaşlarımızın qarşılanıb hotel və hostellərə yerləşdirilməsi, qida tələbatlarının ödənilməsi, biletlərinin alınmasına köməklik işləri Varşava Azərbaycan Evində həyata keçirilirdi. Bura bizim koordinasiya mərkəzimiz idi.

Soydaşlarımız gəlir, qeydiyyata alınır, onları gözləyən taksilər vasitəsilə hotel və ya hostellərə çatdırılırdılar. Hotellərdə yerlər çox tez dolduğu üçün boş yerlər olana qədər soydaşlarımızın bir qismi Varşava Azərbaycan Evində qalmalı oldu. Ümumilikdə 600 nəfərdən çox soydaşımız Ukraynadan Polşaya gəlmişdi.

WhatsApp Image 2022-12-13 at 21.37.33.jpeg (192 KB)

1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkənlərin üstündə də yatırdılar. Onlardan bir çoxu ilə bu gün də əlaqəmiz var. Çətin günlərdə onlarla çox yaxşı münasibətimiz yarandı.

Onlardan Ukraynaya qayıdan da var, Azərbaycanda yaşayan da. Həmin çətin vaxtlarda biz ən böyük maddi dəstəyi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən aldıq. Polşada yaşayan iş adamları Ukraynadan gələn soydaşlarımızın qida məhsulları ilə təmin olunmasında bizə çox köməklik göstərdilər. Polşada taksi fəaliyyəti ilə məşğul olan soydaşlarımız isə Ukraynadan gələn soydaşlarımızın vağzallardan qarşılanıb Varşava Azərbaycan Evinə gətirilməsi, qeydiyyat işləri tamamlandıqdan sonra isə hotel və ya hostellərə çatdırılması işlərini həyata keçirirdilər. Bütün bu prosesləri isə Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvləri koordinasiya edirdilər.

- Ukraynadan Evinizə pənah gətirən soydaşlarımızın nə kimi problemləri var idi?

- Ukraynadan gələn soydaşlarımızın əsas problemi gətirdikləri pul vəsaitləri ilə bağlı idi. Onlarda əsasən qrivna var idi və həmin pulları müharibə olduğu üçün heç bir bank və ya valyuta mübadiləsi məntəqəsi dəyişmirdi.

275169814_10227180625329567_7779621387262674977_n.jpg (310 KB)

- Polşa cəmiyyəti Azərbaycan haqqında kifayət qədər məlumatlıdırmı?

- Polşa cəmiyyətini daim Azərbaycanla bağlı məlumatlandırmağa çalışırıq. Tədbirlərimizə mütləq qonaq qismində Polşa ictimaiyyətini dəvət edirik. Polşa küçələrində keçirdiyimiz aksiyalar zamanı onlara məlumat vərəqələri paylanılır. Bu tədbirlər əsasən xüsusi günlərdə olur. Məsələn, biz hər il Xocalı soyqırımının ildönümündə payladığımız məlumat vərəqələrində QR kod qeyd edirik. Bu QR kodu oxudan zaman justiceforkhojaly.org saytına keçid olur. Vərəqələri təqdim edərkən QR kodu oxutmaları barədə mütləq bildiririk. Polşa cəmiyyətinə Azərbaycanı tanıtmaq üçün çox işlər görürdük. Lakin Vətən müharibəsindəki qələbə Azərbaycanı təkcə Polşa cəmiyyətində deyil, bütün dünyada daha yaxşı tanıtdı. İndi bizi müasir və qeyri-adi üsullarla müharibədə qalib gəlmiş ölkənin qalib xalqı olaraq tanıyırlar.

Снимок.PNG (446 KB)

Polşa-Azərbaycan münasibətləri hansı səviyyədədir?

- Polşa-Azərbaycan münasibətləri çox yaxşı səviyyədədir. Günü-gündən əlaqələr daha da yaxşılaşır. Polşa-Azərbaycan əlaqələrinin 550 illiyi, diplomatik əlaqələrin isə 30 illiyi ilə əlaqədar həm Polşada, həm də Azərbaycanda bir çox tədbirlər keçirilib. Biz də Polşa Azərbaycanlıları Şurası olaraq "Polşa ilə Azərbaycan arasında mədəni körpü" layihəsi həyata keçiririk. Layihənin Azərbaycandakı tərəfdaş qurumu "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyidir. Layihə çərçivəsində Polşada və Azərbaycanda müxtəlif tədbir, aksiyalar həyata keçirmişik. Ən əsası isə "Azərbaycan-Polşa nağılları" adlı kitab çap etmişik. Bu kitabları Polşanın dövlət kitabxanalarına, uşaq bağçalarına təmənnasız olaraq vermişik. Həmçinin Azərbaycanda da artıq Prezident Kitabxanası və M.F.Axundov adına Milli Kitabxanaya kitablarımız təqdim edilib. Kitabda azərbaycanlı oxucular üçün Polşa nağılları Azərbaycan dilinə, polşalı oxucular üçün isə Azərbaycan nağılları polyak dilinə tərcümə edilib.

313412161_5814260131969541_4145331701912040943_n.jpg (136 KB)

- Erməni təxribatları ilə necə mübarizə aparırsınız?

- 2020-ci ilin iyul döyüşlərindən sonra ermənilər dünyanın bir çox yerində olduğu kimi, Polşada da aktivləşməyə başladılar. 16 iyul təxminən saat 02:00 radələrində ermənilərin 16 iyul saat 14:00-da səfirliyimizin qarşısında aksiya keçirəcəkləri xəbərini aldıq. Gec saatlar olmasına baxmayaraq, dərhal tanıdığımız bütün soydaşlarımıza xəbər verdik və düşməni səfirliyin qarşısında gözləmədikləri şəkildə qarşıladıq. Aksiya onlar üçün bir xəyal olaraq qaldı, Qarabağ xəyalı kimi. 22 oktyabr 2020-ci ildə Katovitse şəhərində Azərbaycana dəstək aksiyası keçirilirdi. Aksiyanın sonlarına yaxın 20-25 nəfər ermənidən ibarət qruplaşma dinc aksiya keçirən soydaşlarımıza silahlı hücum etmişdi. Azərbaycanın Polşadakı Səfirliyi Polşa hökumətinə nota verdi. Soydaşlarımızın təhlükəsizliyi üçün Polşa hökuməti tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verildi.

- Təşkilatınıza işlə təminatla bağlı müraciət edən azərbaycanlıların sayı çoxdur?

- Təşkilatımıza işlə bağlı bir çox müraciətlər daxil olur. Əsasən hazırda Polşada təhsil alan və ya universiteti yeni bitirmiş şəxslər müraciət edirlər. Biz komanda olaraq daima onları yaxşı işlərlə təmin etməyə çalışırıq. Amma işlə təmin edilmə məsələsində onların bilikləri də xüsusi rol oynayır. Əminliklə deyə bilərəm ki, Polşada çox savadlı soydaşlarımız var. Biz də hər zaman onlara dəstək olmağa hazırıq. Hazırda əsasən bank sektorunda çox sayda soydaşımız çalışır. Biz də bu sayın daha da artması üçün çalışırıq.

315644283_5852316608163893_1731896468436020307_n.jpg (257 KB)

- Bir neçə gün əvvəl Ukraynada olmusunuz. Orada vəziyyət necədir? Polşaya təxliyə davam edirmi?

- Polşa Azərbaycanlıları Şurası olaraq Ukraynanın Truskavets Şəhər Meri Andriy Kulçinskinin və Ukraynanın Xalq artisti, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qurbanəli Abbasovun dəvəti ilə Ukraynanın Truskavets şəhərində keçirilən "Azərbaycan-Ukrayna dostluğu Vokalçıların 5-ci müsabiqəsi"ndə iştirak etdik. Ukraynada müharibə davam etsə də, həyat artıq qismən də olsa, normallaşmağa başlayıb. Əhval-ruhiyyə yüksək səviyyədədir, qalib gələcəklərinə inanırlar. Evlərini tərk edən şəxslər hissə-hissə geri dönürlər. Hazırda təxliyə ilə bağlı müraciət edənlər yoxdur. 

318482280_5909441699118050_1761971415727673048_n.jpg (368 KB)

Aytən NOVRUZ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR