İnsanlara hürriyət, millətlərə istiqlal!

""Trendyol"la gətirilən mallar ucuzlaşacaq" iddiası

1093 24.04.2024 10:49 İqtisadiyyat A A

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilib, ekspertlər deyir ki...

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilib. Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihə aprelin 23-də plenar iclasda qəbul olunub. Bu kontekstdə ekspertlərə görə, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv olunması ölkəmiz üçün ilk hal deyil: “Artıq Azərbaycan 56 ölkə ilə ikitərəfli sazişə sahibdir, Türkiyə 57-ci ölkə oldu. Düşünürəm ki, bu doğru bir addımdır. O ki qaldı bu addımın əsas hədəfində 15 milyarda qədər ticarət dövriyyəsinə çatdırılma məsələsi, fikrimcə, 15 milyard dollarlıq həcm 2020-ci ilin fevral ayında Türkiyə və Azərbaycan arasında proferensial ticarət sazişi imzalanan zaman açıqlanan rəqəmdir. Hətta dörd il bundan əvvəl hədəf olaraq ticarət dövriyyəsinin üç dəfə artırılması var idi. O vaxt təqribən 5 milyardlıq ticarət dövriyyəmiz var idi. O zaman üç dəfə artırılaraq 15 milyard dollara çatdırılması hədəflənmişdi. Lakin sonradan pandemiyalar və onun  yaratdığı iqtisadi böhran təbii ki, ölkənin iqtisadi inkişafına öz mənfi təsirini göstərdi. Nəticə etibarilə ticarət sazişinə əlavələr edilib və gələcəkdə də ediləcək. Çünki bu elə gəlir sazişidir ki, burada dəyişiklik edilərək məhsulların siyahısı genişləndirilir. Nə qədər çox məhsul daxil edilərsə, o qədər ticarət dövriyyəsinin artımına müsbət təsir göstərə bilər. Hazırda ikiqat vergitutmanın ləğvi  təkcə ticarət dövriyyəsinə deyil, ümumi iqtisadi münasibətlərə və investisiya mühitinə müsbət təsir göstərəcək. Bu daha çox bir ölkənin rezidentlərinin digər ölkədə fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradacaq”. 

Ekspert Türkiyədən gətirilən malların ucuzlaşıb-ucuzlaşmayacağı məsələsinə də fikir bildirdi: “Təəssüf ki, bəzi hallarda daha çox qabarıq ifadə olunur ki, ölkəmizdə türk malları ucuzlaşacaq. Bu fikirlə razı deyiləm. Hiss ediləcək dərəcədə ucuzlaşmanın baş verəcəyini düşünmürəm. Qeyd etdiyimiz kimi bu daha çox rezidentlərin Türkiyə ərazisində fəaliyyətinə, yaxud da Türkiyədən olan rezidentlərin Azərbaycan ərazisində olan fəaliyyətinə və əldə etdiyi gəlirin ikiqat vergitutmadan azad olmasına xidmət edir. Buna görə də Türkiyədən Azərbaycana gətirilən malların, ələlxüsus da "Trendyol"dan gətirilən malların ucuzlaşacağı ilə bağlı gözləntiləri doğru hesab etmirəm".  

Aydın Hüseynov: Heydər Əliyevin fəaliyyətinin zirvəsi müstəqil Azərbaycan  dövlətini qurmasıdır | 1news.az | Xəbərlər

Aydın Hüseynov 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da bildirdi ki, bu qərar iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin inkişafına əlavə stimullar verəcək və qarşılıqlı investisiyaların axınını artıracaq: “Həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatın inkişaf etdirilməsində son illərdə xarici investisiyalara xüsusi diqqət yetirir. Bu baxımdan, ikiqat vergitutma ilə bağlı sazişlərin imzalanması sözügedən prosesə mühüm bir təkandır. Bu sazişlərin ölkələrimiz arasında hüquqi-iqtisadi müstəvidə də əhəmiyyəti olduqca böyükdür. Saziş iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, biznesin, iri  şirkətlərin və iş adamlarının fəaliyyəti üçün də geniş imkanlar açacaq”.

Deputat əlavə edib ki, ikiqat vergitutma bir şəxsin eyni gəlirinin birdən artıq dövlət tərəfindən eyni növlü vergiyə cəlb edilməsidir: “Bu, dövlətlərarası mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir etməklə, dövlətlərarası iqtisadi əlaqələrin inkişafına maneə törədir. Təbii ki, sərmayədarlar digər dövlətdə investisiya qoyaraq kommersiya, sənaye, maliyyə və ya digər fəaliyyətlərlə məşğul olmağa başlamadan və ya digər dövlətin hüquqi və fiziki şəxsləri ilə təsərrüfat əqdləri və əməliyyatlarına daxil olmazdan əvvəl eyni gəlirin bu dövlətlərin hər ikisində vergiyə cəlb edilməyəcəyindən, onun üzərinə əlavə vergi yükünün düşməyəcəyindən və bütün bunların bazardakı mövqeyi və rəqabət qabiliyyətinə mənfi təsir etməyəcəyindən əmin olmağa çalışırlar. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş iki dövlət arasında iqtisadi əlaqələrin təməlini təşkil edən əsas beynəlxalq sənədlərdəndir və investorların diqqət yetirdiyi mühüm hüquqi elementdir. Bu cür sazişlər olmadığı halda isə hətta böyükhəcmli investisiya güzəştləri, stimullaşdırma tədbirlərinin əhəmiyyəti azalır. Çünki xarici investisiyalar üçün maksimum dərəcədə əlverişli şərait təmin edilsə belə, investor əldə etdiyi gəliri mənbə dövlətindən çıxararkən əlavə vergi ödəməli, öz ölkəsində isə təkrarən eyni gəlirdən vergi ödəməli olur. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət daşıyır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR