İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk sərhəd dirəyi quraşdırıldı - 4 kənddə bayrağımız!

937 24.04.2024 11:44 Ölkə A A

Aprelin 23-də sərhəddə geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi yerə bərkidildi;  Paşinyanın adamı: “Heç vaxt Ermənistanın tərkibində olmayan Azərbaycan yaşayış məntəqələri uğrunda döyüşməyə hazır olanların sayı nə qədərdir?”

Qazağın dörd kəndinin Azərbaycana qaytarılmasına qarşı çıxan ermənilərin etirazları davam edir. Mitinqçilər Azərbaycan texnikası və sərhədçilərinin həmin kəndlərə gedəcəyi yolları avtomobillərlə bağlayırlar. Sakinlər iddia edirlər ki, iki ölkə arasında sərhədin müəyyən edilməsi nəticəsində ermənilərin bəzi evləri dağıdılacaq, məktəb və kilsə Azərbaycan Ordusunun mövqelərinin yaxınlığında olacaq. İrəvan həmin evlərin sahiblərinə başqa yerdə ev tikmək üçün pul kompensasiyası vəd edib. 

Baş nazir Nikol Paşinyan deyib ki, hökumət sakinləri narahat edən məsələləri diqqətdə saxlayır. “Biz Gürcüstana gedən yeni yol çəkəcəyik. Əgər məlum olsa ki, hər hansı ev Ermənistanın sərhədində və ya sərhəd xəttindən kənarda yerləşir, o zaman bizim bu insanları tək qoymağımız, onlara dəstək olmamağımız və problemlərini həll etməməyimiz mümkün deyil”. 

“Ermənistanda bütün sağlam düşüncəli insanlar bunu başa düşür və baş nazir Nikol Paşinyanın Azərbaycan kəndlərini öz qanuni sahiblərinə qaytarmaq siyasətinə etiraz etmirlər”. Bu fikirləri erməni jurnalist və bloger Natali Aleksanyan deyib. Aleksanyan etirazlara görə məyus olduğunu bildirib: “Kəndlərin qaytarılmasına qarşı etiraz aksiyaları, təəssüf ki, vətənpərvərlik şüarları arxasında gizlənən radikal terrorçu qüvvələr tərəfindən təşkil edilir. Təbii ki, onlar bu kəndlərdə heç bir dəyər görmürlər, sadəcə olaraq, vəziyyətdən özlərinin yeganə gündəmlərini həyata keçirmək, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün istifadə edirlər. Bu, onların son şansıdır və bunu reallaşdırmağa çalışırlar. Amma mən əminəm ki, hökumət vəziyyətə nəzarət edir və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə mane olmaq istəyənlərin müdaxiləsinə imkan verilməyəcək. Bu etirazlar heç bir nəticə verməyəcək. Hökumət sərtlik nümayiş etdirməsə, onlar bir-iki gün də hay-küy salıb qaçacaqlar”.

Yeri gəlmişkən, aprelin 23-də Ermənistan polisi Bağanis Ayrımdan Əskiparaya (Voskepar) gedən yolu bağlayıb. Kənd sakinləri yolun açılmasını tələb ediblər. Sakinlər bildiriblər ki, artıq bu ərazidə ölçmə və Bağanis Ayrıma bitişik, Bağanisdən Əskiparaya gedən yolun çatdırılması üçün hazırlıq işləri aparılır. Erməni mətbuatının məlumatına görə, artıq Bağanis Ayrım ərazisində demarkasiya işləri aparılıb və erməni avtomobillərinin bu yolda hərəkət etmək hüququ yoxdur. Bundan əlavə, aksiyanın keçirildiyi Ermənistan-Gürcüstan yolunda nəqliyyatın hərəkəti də bərpa edilib. Bununla da lokal, məhəlli xarakter daşıyan etirazlar böyük bir müqavimət hərəkatına çevrilə bilmədi. Əldə edilən razılaşmaya İrəvanda, ayrı-ayrı şəhərlərdə ciddi etirazlar olmadı. Sadəcə, kəndlərin sakinləri ayağa qalxıb ki, bu da gözlənilən idi. Görünür ki, ermənilərin revanşist-daşnak müxalifəti əyalətlərdə qarşıdurma yaranmasına cəhd edib, amma nəticəsi olmayıb. Bəs Qazağın 4 kəndində erməni təxribatlarının məqsədi Azərbaycanı lokal hərbi əməliyyatlara təhrik etməkdir, yoxsa Paşinyan hakimiyyətinə qarşı növbəti hücumdur? 

“Son 5 ay ərzində bizim Azərbaycanla iki böyük razılaşma əldə etməyimiz olduqca mühümdür. Nəhayət, sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqlarıdır”. Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində belə deyib. Baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan isə sual edib ki, dövlət sərhədinə qarşı döyüşənlərin vətəni Xeyrimlidir, Qızılhacılıdır, yoxsa Əskipara? Çaxoyan əlavə edib ki, dövlət sərhədinin yaradılmasına qarşı çıxanların neçəsi Azərbaycanın yaşayış məntəqələri uğrunda döyüşməyə hazırdır: “Heç vaxt Ermənistanın tərkibində olmayan Azərbaycan yaşayış məntəqələri uğrunda döyüşməyə hazır olanların sayı nə qədərdir? Ərini, atasını, uşağını döyüşə göndərməyə, müharibənin acı nəticələrini çəkməyə hazır olanların sayı nə qədərdir?”, - deyə o qeyd edib.

Özünə umac ova bilməyib, başqasına ərişdə kəsən Fransa

Xəzər Teyyublu 

“Məqsəd ondan ibarətdir ki, bölgələr ayağa qalxsın, etirazlar digər regionlara da sıçrasın. İnqilablar, çevrilişlər çox zaman əyalətlərdən paytaxtlara yayılır. Paşinyanın devrilməsi üçün bu dəfə Qazağın kəndləri yeni məkan seçildi. Amma effektiv olmadı. Hiss olunur ki, erməni polisi baş nazirin siyasətinə möhkəm dəstək verir. İkincisi, müxalif qüvvələr və aksiyaçılar Nikol haqda növbəti kapitulyasiya imici yaratmaq istəyir. Amma bu da əbəsdir, ortada normal anlaşma var. Əgər əhali İrəvan küçələrinə axışmadısa, deməli, plan baş tutmadı, görünür ki, erməni cəmiyyəti reallıqla barışıb”, - deyə hüquq müdafiəçisi Xəzər Teyyublu prosesləri qəzetimizə şərh edərkən belə qiymətləndirir. 

Onun fikrincə, Qazağın kəndlərinə görə gərginlik müvəqqətidir və “Qarabağ klanı” bu vəziyyətdən də istifadə edə bilmədi: “Paşinyanın rəqibləri daşnakçı Saqatelyan, cinayətkar Sərkisyanın partiyasından Abramyan, korrupsioner Köçəryanın dələduz oğludur. Bu qüvvələrə xalq nifrət edir. Erməni millətçiliyi xalqa faciələr gətirib. İndi onların üzərindən edilən siyasi alverçilərin çağırışları eşidilmir. Paşinyanın daxildə ciddi müqavimətlə qarşılaşmamasının bir səbəbi də budur. Ona görə də prosesi inkişaf etdirməyə, ictimai rəyi mərhələli şəkildə sülhə hazırlamağa çalışır. Bu gün Qərbdən verilən dəstək bəyanatları da Ermənistan hakimiyyətini ürəkləndirir. Odur ki, içəridə ona batacaq güc qalmayıb”.

Sahibsiz itlər azyaşlı qıza HÜCUM ETDİ

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimova görə, bu ərazilərin Azərbaycana geri verilməsi Qazağın anklav olan Bərxudarlı, Sofulu və Yuxarı Əskipara kəndlərinin geri qaytarılmasını şərtləndirən kommunikasiya yollarının açılmasına şərait yaradacaq: “Həmin hissədə Azərbaycan qoşunlarının xidməti isə təhlükəsizliyi təmin edən amil olacaq. Qazaxla bağlı proses yekunlaşandan sonra Naxçıvandakı Kərki kəndinin də delimitasiya çərçivəsində Azərbaycanın nəzarətinə keçəcəyi ehtimalları artır. Qazağın Ermənistanın nəzarətində olan yeddi, Naxçıvanın isə bir kəndini geri almaq üçün intensiv danışıqlar aparıldı və İrəvanı qızışdırıcı mövqe ilə Bakıya qarşı qaldırmaq istəyən qüvvələri neytrallaşdırıldı”. 

Onu da deyək ki, Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. 

Ermənistan ordusu Qazağın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir. 

Musavat.com xəbər verir ki, bu barədə İctimai TV Ermənistan mediasına istinadən məlumat yayıb.

Bildirilir ki, Tavuş yeparxiyasının rəhbəri Boqrad Qalstanyan artıq həmin ərazilərdə Azərbaycan bayrağının dalğalandığını söyləyib: “Vəziyyət olduqca mürəkkəbdir. Aylarla, günlərlə, illərlə düşündüyümüz reallığa çevrildi. Ordumuz mövqelərimizdən geri çəkildi. Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən öz gözlərimlə görməmişəm, amma belə deyirlər. İnsanlar görüblər...”

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR