İnsanlara hürriyət, millətlərə istiqlal!

BP Azərbaycanda 3 şirin su layihəsini maliyyələşdirəcək FOTO

912 22.04.2024 12:36 İqtisadiyyat A A

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə BP şirkəti arasında icmalarda su təchizatıyla əlaqədar vəziyyəti yaxşılaşdırmağa kömək edəcək potensial su layihələrinin müəyyən edilməsi, seçilməsi və həyata keçirilməsi istiqamətində birgə işləmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb.

BP-Azərbaycan şirkətindən Musavat.com-a verilən məlumata görə, əməkdaşlığın ilkin olaraq 3 potensial layihəni əhatə edəcəyi gözlənilir.

Birinci layihədə məqsəd Göyçay rayonunda yeni su təchizatı sisteminin yaradılmasıdır. Bu sistem sel sularının toplanması, çökdürülməsi və təmizlənməsini təmin edəcək. Təmizlənmiş sudan torpaqların suvarılması üçün istifadə ediləcək. Sistemin ildə 500 min kubmetrdən çox su təmizləmə gücündə olacağı nəzərdə tutulur, bu isə 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.

İkinci layihə Tovuz rayonunda iki yeraltı su təchizatı mənbəyinin - kəhrizin bərpa edilməsi məqsədini daşıyır. Bərpa edildikdən sonra bu iki kəhriz hər il 2,5 milyon kubmetrə qədər şirin su təchiz edə biləcək. Bu isə 15 000 nəfərə yaxın icma üzvünün məişət istehlakı və torpaqların suvarılması ilə əlaqədar ehtiyaclarını təmin etmək deməkdir.

Üçüncü layihə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında içməli su, suvarma və sanitariya təyinatlı 25 su sisteminin yaradılmasına yönəlib. Layihə ümumi əhalisi təqribən 25 min nəfər olan 20-yə yaxın kənd yaşayış məntəqəsini əhatə edəcək.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalanma mərasimində deyib ki, şirin su çatışmazlığı problemi ilə üzləşən kənd icmalarına kömək etmək istiqamətində Dövlət Su Ehtiyatları Agentliyi ilə səyləri bir araya gətirməkdən məmnundurlar:

“Diqqətimizi xüsusilə kifayət qədər şirin suyun olmadığı və ya təhlükəsiz su təchizatı mənbələrinin əlçatan olmadığı ərazilərə yönəldəcəyik. Ümid edirik ki, əməkdaşlığımız və birgə layihələrimiz minlərlə insanın məişət, sağlamlıq və sanitariya, eləcə də kənd təsərrüfatı istehlakı üçün suya olan tələbatını təmin etməyə kömək edəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR