Rusiyanın Ukrayna ərazilərini atəşə tutmaq üçün istifadə etdiyi "Zirkon" raketlərinin əslində yüksək manevr qabiliyyətinə malik hipersəsli qanadlı raket yox, adi ballistik raket olduğu ehtimal edilir.
Musavat.com xəbər verir ki, bu barədə "Militarnı" nəşri müstəqil OSINT analitiki Fabian Qintsin hesabatına istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda bu Rusiya raketinin texniki xüsusiyyətləri və konstruksiyası barədə müstəqil mənbələr tərəfindən təsdiqlənmiş dəqiq məlumatlar yoxdur.
Ukrayna tərəfinin qiymətləndirmələrinə görə, raket təxminən 5,5 Max sürətlə uçur. Hədəf zonasına daxil olmazdan əvvəl qısa müddətə sürətini 7,5 Max-a qədər artırır, birbaşa zərbə anında isə yavaşlayaraq təxminən 4,5 Max sürətə enir.
Analitik F.Qints bildirib ki, hazırda ən geniş yayılmış versiyaya görə, "Zirkon" düzaxınlı hava-reaktiv mühərriki (scramjet) ilə təchiz olunmuş hipersəsli qanadlı raket sayılır. Ekspertin fikrincə, əgər bu versiya doğrudursa, deməli, Rusiya idarə edilməsi son dərəcə mürəkkəb olan bu mühərrik texnologiyasına sahiblənə bilib.
İkinci versiyaya görə isə "Zirkon" hipersəsli yox, sadəcə yüksək sürətli qanadlı raketdir və "P-800 Oniks" gəmiəleyhinə raketinin modifikasiya olunmuş formasıdır.
Lakin ortada tamamilə fərqli üçüncü bir versiya da var. Bu iddiaya əsasən, raket ümumiyyətlə qanadlı raket sinfinə aid deyil, kvaziballistik trayektoriya ilə uçan ballistik raketdir. İzah olunur ki, belə raketlər hava-reaktiv mühərriki əvəzinə klassik bərk yanacaqlı raket mühərrikindən istifadə edir. Lakin onlar adi ballistik trayektoriya ilə hərəkət etmir, atmosferdə aktiv manevrlər edərək planlaşdırma fazasını birləşdirirlər. Bu isə raketin trayektoriyasını gözlənilməz edir və onun havada vurulmasını çətinləşdirir.
Analitiklər diqqəti ona çəkirlər ki, "Zirkon" haqqında yazılarda tez-tez raketin perspektivli "Desilin-M" maye yanacağından istifadə etdiyi iddia olunur. Lakin Qints müəyyən edib ki, bu iddia sadəcə dezinformasiyadır. Belə ki, Rusiya rəsmilərinin qanadlı və hipersəsli raketlər üçün yeni yanacaq növü barədə bəyanatları sonradan təsadüfən "Zirkon"un ilk sınaq xəbərləri ilə eyniləşdirilib və bu spekulyativ məlumat dəfələrlə təkrarən tirajlanıb.
Analitik raketdə məhz bərk yanacaqlı mühərrikdən istifadə olunduğunun daha bir sübutu kimi səssüstü və hipersəsli qanadlı raketlərin işləməsi üçün vacib olan hava-götürücünün (hava sorucu sistemin) yoxluğunu göstərir. "P-800 Oniks" raketində olduğu kimi, burun hissədə həlqəvi hava-götürücünün olması barədə fərziyyələr də təsdiqini tapmır. Çünki "Zirkon"un burun hissəsinin təsvir olunduğu rəsmi patent sənədlərində belə bir element görünmür.
Tədqiqatçı qeyd edir ki, mühərrikin tipini müəyyən etmək üçün ən ciddi sübutlar Ukraynada tapılan raket qalıqlarıdır. Kiyev Məhkəmə Ekspertizası Elmi-Tədqiqat İnstitutunun nümayiş etdirdiyi fraqmentlər arasında analitik bərk yanacaqlı raket mühərrikinin ön qapağına bənzəyən detalı identifikasiya edib. Həmin detalda düzaxınlı hava-reaktiv mühərriki üçün mütləq lazım olan mərkəzi hava-götürücü element yoxdur.
Qints vurğulayır ki, raketləri bəsit şəkildə "hipersəsli" və "qeyri-hipersəsli" sistemlərə bölmək real mənzərəni əks etdirmir. Çünki hipersəs sürətlərində uçuşun özünəməxsus mürəkkəblikləri var və söhbət daha çox manevr imkanlarının dərəcəsindən gedir. Lakin ekspert onu da etiraf edir ki, hipersəsli qanadlı raket olmayan və daha az manevr edən kvaziballistik raket belə, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilmək üçün ciddi çətinliklər yarada bilər.
Bundan əvvəl hərbi analitik Aleksandr Musiyenko da "Zirkon" hipersəs raketlərinin imkanları barədə çoxlu miflərin olduğunu bildirib. Onun sözlərinə görə, raket rusiyalı istehsalçıların bəyan etdiyi taktiki-texniki xüsusiyyətlərə qətiyyən cavab vermir. Musiyenko qeyd edib ki, "Patriot" HHM kompleksləri "Zirkon"a qarşı effektiv mübarizə aparır və Ukrayna hərbçiləri bu kompleks vasitəsilə sözügedən raketləri hər zaman uğurla vura biliblər. Burada yeganə problem Ukraynanın əlində kifayət qədər "Patriot" sistemlərinin və raketlərinin olub-olmamasıdır.
Hərbi ekspert Pavel Naroqnı isə bildirib ki, Rusiyanın "Zirkon" raketindən istifadə etməklə atdığı hər bir tək bircə atəş onlara 5-6 milyon dollara başa gəlir.
Bu isə "İsgəndər" və ya "Kinjal" raketlərinin buraxılışından xeyli bahadır. Ekspert "Zirkon" gəmiəleyhinə qanadlı raketinin bərk yanacaqlı mühərrikə sahib olduğunu və buraxılışdan dərhal sonra raketi sürətlə səsüstü sürətə çatdırdığını təsdiqləyib. Naroqnı vurğulayıb ki, bu raketin əsas təhlükəsi məhz sürətindədir, çünki onun hədəfə çatması çox az vaxt apardığından Havadan Müdafiə qüvvələrinin reaksiya verməsi və onu vurması üçün zaman pəncərəsi hədsiz dərəcədə daralır.
Musavat.com






