İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərərçəkən sahibkarlara kompensasiya veriləcəkmi - qanunvericilik nə deyir?

765 29.10.2022 08:10 İqtisadiyyat A A

Xəbər verildiyi kimi, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb. Aidiyyəti qurumlar tərəfindən qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Ərazidə yerləşən fitnes mərkəzinin sahibi Mahmud Ələkbərov deyib ki, sığorta şirkətinə müraciət etsə də, hələ ki maraqlanan yoxdur: “Səhər saatlarında, 08:20-də zalda idim. Məndən başqa heç kəs yox idi. Suyun səsinə çölə çıxdım. Su binanın içinə doldu. Özümü itirdim. Ancaq özüm çıxa bildim. Heç nəyi xilas edə bilmədim. Təkcə qaçış aparatının qiyməti 10 000 manatdır. 200 000 manata yaxın ziyan dəyib”.

 

Sahibkar Mustafa Mirzəyev bildirib ki, ona məxsus iki obyekt yararsız hala düşüb. Onun sözlərinə görə, sığorta şirkətindən hələ ki, heç bir xəbər yoxdur: “Hadisədən səhər saatlarında xəbərim oldu. Obyektlər suyun içində idi. Yuxarı tərəfdən boru partladığına görə bütün su bura axıb. Obyektlərimdən birində əl işi olan paltarlar var. Hamısı yararsız hala düşüb. Digər obyektim SPA mərkəzi idi. Oradakı avadanlıqlara da ciddi ziyan dəyib”.

Sığorta mütəxəssisi İlkin İbrahimov “Yeni Müsavat”a bildirdi ki, daşınmaz əmlakın icbari sığortası Fövqəladə Hallar Nazirliyinin (FHN) səlahiyyətindədir: “Əgər sığorta müqaviləsi yoxdursa, qanunamüvafiq olaraq protokol tərtib olunur. Daşınmaz əmlakın icbari sığortası məcburidir, ”İcbari sığorta haqqında" Qanunla tənzimlənir. Daşınar əmlak sığortası isə könüllüdür. Bir məsələ var ki, sahibkarlar satdıqları məhsulun mənbəyini göstərməlidir ki, bunu haradan gətiriblər, hansı qiymətə alırlar. Yəni şəffaflaşma olmalıdır ki, sahibkarlar bununla bağlı vergi bəyan edirlər. Problem odur ki, əksər hallarda vergi ilə bağlı məsələlər həmişə açıq qalır. Açıq qaldığına görə də sığorta şirkətləri riskə getmək istəmirlər. Axı sığorta şirkətləri könüllü fondlar deyil ki, məbləğ yığılsın və zərərçəkənlərə köməklik edilsin. Ona görə də sahibkarlar daşınar əmlakla müraciət edən zaman əvvəlki vaxtla müqayisə etsək, sahibkar deyir ki, mənim bir milyonluq malım var idi, amma vergi bəyannaməsinə baxanda ayda 100-200 manatlıq əməliyyat görünür.  Əlbəttə ki, sığorta şirkətlərini də qayğılandırır və nəticədə imtina edir. Sahibkarlar vergidə şəffaflaşmağa getməlidirlər ki, onların bəyan etdikləri vergi bəyannaməsi, gömrükdən keçirilən mallar görünməlidir ki, sığorta şirkətləri bunu real olaraq dəyərləndirsin və sığorta kompensasiyası ilə bağlı məsələləri müəyyən etsin. Daşınmaz əmlak obyekt sahibinə xeyir verir. Sığorta şirkətləri hər bir riskli durumu dəyərləndirir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR