İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngilan iqtisadi güc mərkəzinə çevrilir: Beynəlxalq hava limanının verdiyi üstünlüklər  

1313 20.10.2022 12:56 İqtisadiyyat A A

 

“Yenə dünyanın diqqəti, bizim isə ürəyimiz Zəngilandadır. Zəngilan Beynəlxalq Hava Limanının açılışının mahiyyəti əslində daha dərindir. Yoxsa, hazırda qanasusamış tərəflərin- rus və qərbin arasında dayanan “Nobel”ə iddialıƏrdoğanın Zəngilanda nə işi vardı? Yəni mahiyyət aeroportdan daha böyükdür”

Bu fikirləri Musavat.com-a İqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Ekspert qeyd edib ki, bu hava limanı perspektivdə təkrar böyüdüləcək və Azərbaycanın əsas Bakı hava limanı ilə rəqabət apara biləcək hava limanına çevriləcəkdir:

“Düzdür, göstəriciləri yaxşıdır. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcəkdir. Amma sülh müqaviləsindən və zərərli qonşuların zərərsizləşdirilməsi proseslərindən sonra bu hava limanı 200 sərnişinlə kifayətlənməyəcək.

İkincisi ona görə ki, söhbət Zəngilandan gedir. Zəngəzur dəhlizi açılacağı təqdirdə bu rayon Azərbaycanın ən inkişaf etmiş rayonuna çevriləcək. Şuşa mənəvi mərkəz olsa da, Zəngilan iqtisadi güc mərkəzi olacaq. Yaranacaq vəziyyət özü tədricən Zəngilanı belə bir mərkəzə çevirəcək”.

Ekspert bildirib ki, bunun da müəyyən ciddi səbəbləri var:

“Şərq-Qərb dəhlizi haqda eşitməyən yoxdur. Amma bu dəhlizin özü də 3 fərqli marşrutlar üzrə uzanır. Bu dəhlizlər belə adlanır:

Yuxarı dəhliz, Orta dəhliz və Aşağı dəhliz;

Yuxarı dəhliz marşrutu: Çin/Yaponiya/Cənubi Koreya –Rusiya – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz və Avropa;

Orta dəhliz marşrutu: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə/Qara dəniz və Avropa;

Aşağı dəhliz marşrutu: Çin-Qırğızıstan-Özbəkistan -Türkmənistan -Xəzər dənizi -Azərbaycan -Gürcüstan -Türkiyə/Qara dəniz və Avropa;

Göründüyü kimi, bu 3 marşrutun heç biri işğaldan azad etdiyimiz ərazilərdən keçmir. Hazırda ən aktual və işlək olan orta dəhliz hesab edilir. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.

Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Amma bu dəhliz Zəngilan rayonundan, Zəngəzur dəhlizindən keçərək Türkiyəyə getsəydi, bu zaman Gürcüstandan keçməzdi. Bu isə daha az zaman, daha qısa yol, daha az xərc deməkdir. Perspektiv hədəflər də budur.

Hələ Orta Asiya ölkələri ilə getdikcə artan əlaqələr, gələcəkdə Aşağı dəhlizin imkanlarını genişləndirəcək. Qırğızıstan, Özbəkistan və Türkmənistanın da Avropaya çıxışları Aşağı dəhlizin Zəngilan marşrutu üzrə baş tutacaq. Bu da işğaldan azad edilmiş ərazilərə öz töhfəsini verəcək.

Hələ bu da son deyil. Türkiyənin Orta Asiyaya çıxışı məsələsi də var. Türkiyə ötən il 496 milyard dollarlıq bir ticarət dövriyyəsi olan ölkədir. Orta Asiya ölkələrinin xüsusi çəkisi çox bərbad səviyyədədir. Niyə? Ona görə ki, logistik imkanlar məhduddur. Zəngəzur layihələri reallaşandan sonra Orta Asiya ilə Türkiyəni ayıran ciddi maneə aradan qalxacaq. Vahid Türk dünyasının inteqrasiya problemi həll olunacaq, böyük ticari dövriyyələr formalaşacaq”.

Ekspert qeyd edib ki, hansı kontekstdən baxsaq, Zəngilanın regionun digər inzibati rayonlarını inkişaf baxımından geridə qoymaq şansı böyükdür:

“İllər sonra isə Zəngilanda dəniz sahilində olmayan Azərbaycanda birinci, dünyada isə az saylı Azad İqtisadi Zonalardan birinin yaradılması mümkündür.

Göründüyü kimi gələcək haqqında xeyli müsbət məqamlar var. Amma ilk növbədə regionun taleyini dəyişəcək “sülh müqaviləsi”nə ehtiyac var. Azərbaycan tərəfinin müharibə bitdikdən sonra apardığı diplomatiya onu deməyə əsas verir ki, həmin sülh elə də uzaq deyil”.

 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR