İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi və sülh sazişi önəmini itirir: Dünyada və Qafqazda sərhədlər dəyişəcək

6946 25.03.2022 18:46 Analitika A A

Rəsmi Bakı Azərbaycanın tarixi əraziləri ilə bağlı məsələni gündəmə gətirməklə, yekun sülh sazişinin imzalanma şərtlərinə yenidən baxa bilər; Rusiya indi Azərbaycan-Türkiyə İttifaqına daha çox ehtiyac duyduğundan, ABŞ və Qərb üçün isə Azərbaycanın enerji resursları "erməni kaprizləri"ndən daha strateji dəyərə malik olduğundan Ermənistan xarici himayədarlarını itirəcək...

Ermənistan xaotik xarici siyasət kursuna hələ də sadiqdir. Ancaq müşahidələr göstərir ki, rəsmi İrəvan bu siyasi kurs ucbatından Ermənistanı daha da ağır duruma salmaqda davam edir. Çünki, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə anlaşıb, sərhədlərin açılmasına, regionda normal inkişaf şansı qazanmağa çalışmaq əvəzinə gərginliyi artırıb, öz himayədarlarının dəstəyinə güvənməyə üstünlük verir.

Halbuki, bu xaotik xarici siyasət indiyə qədər Ermənistanı artıq bir çox regional iqtisadi-ticari layihələrdən kənarda buraxıb. Rəsmi İrəvanın bu davranışı Ermənistanın gələcək taleyini də ciddi təhlükə altında buraxır. Və belə davam edərsə, Ermənistan hazırda əldə edə biləcəyi bəzi önəmli inkişaf perspektivlərini də həmişəlik itirmiş olacaq.

cqafff-unnamed.jpg (26 KB)

Maraqlıdır ki, rəsmi İrəvan hələ də geopolitik, geoiqtisadi və geostrateji proseslərdə Ermənistanın mövqeyinin nəzərə alına biləcəyini güman edir. Ancaq bunun nə qədər yanlış mövqe olduğu son hadisələrin fonunda daha aydın şəkildə təsdiqlənməyə başlayıb. Və tezliklə rəsmi İrəvan tezliklə öz "kaprizlər"inin girovuna çevrildiyini də anlamış olacaq.

Məsələ ondadır ki, dünya sürətlə dəyişir. Yeni dünya düzəninin qurulmaqda olduğunu sübuta yetirən önəmli qlobal proseslər cərəyan edir. Rusiya Ukraynada "savaş bataqlığı"na çəkilərək, zəiflədilir, öz sərhədləri içərisinə sıxışdırılmış vəziyyətə salınır. Və belə vəziyyətdə yeni dünya düzənindən yalnız çevik qərarlar qəbul edə, fərqli situasiyaya sürətlə uyğunlaşa bilən dövlətlər faydalanmaq imkanı qazanacaqlar.

Təbii ki, Cənubi Qafqazın lider dövləti Azərbaycan və regionda maraqları olan ölkələr Ermənistanın mənasız, əhəmiyyətsiz "kaprizlər"inin sona çatacağı vaxtı gözləyə bilməzlər. Rəsmi Bakı da çevik geostrateji addımlar atmağa başlayıb. Üstəlik, bu addımlar Ermənistanı ciddi şəkildə məyus edə biləcək məzmun daşıyır.

Son vaxtlara qədər rəsmi Bakı Ermənistana Zəngəzur dəhlizi də daxil olmaqla, regionda bütün nəqliyyat-komminikasiya xətlərinin açılmasını təklif edirdi. Rəsmi İrəvan isə əvvəlcə buna qarşı çıxırdı, daha sonrasa öz şərtlərini gündəmə gətirməyə çalışırdı. Və nəticədə Zəngəzur dəhlizinin reallaşdlrılması prosesi ləngidilmiş oldu.

Rəsmi İrəvan Zəngəzur dəhlizi məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə biləcəyinə ümid bəsləyirdi. Ancaq növbəti dəfə yanıldı və ən ağır zərbəni də məhz Ermənistana vurmuş oldu. Hər halda, indi rəsmi Bakı Zəngəzur dəhlizi ilə bağlı mövzunu gündəmə gətirməyə belə, həvəsli görünmür.

2f56a7d9af433314345d68d126d3107e.jpg (163 KB)

Məsələ ondadır ki, rəsmi Bakı bu məsələnin İran üzərindən həllinə nail oldu. İki qonşu ölkə arasında imzalanmış müqaviləyə əsasən Azərbaycanın materik hissəsi Naxçıvanla məhz İran ərazisi üzərindən birləşdiriləcək. İndi bu variant Rusiya və Ermənistandan başqa hər kəsə daha sərfəlidir. Çünki, Azərbaycan, Türkiyə və bəzi Qərb ölkələri Rusiyanın birbaşa nəzarət etməyəcəyi yeni dəhlizə malikdirlər.

Gələcəkdə bu faktor geopolitik, geoiqtisadi və geostrateji proseslərdə həlledici səviyyədə böyük önəm daşıya bilər. Ona görə də, indi rəsmi İrəvan məhz Azərbaycandan xahiş etməlidir ki, Zəngəzur dəhlizi ilə bağlı layihədən imtina edilməsin. Çünki, bu layihədən imtina edilməsi məhz Ermənistanı önəmli iqtisadi-ticari qaynaqdan kənarda buraxır.

Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı geopolitik manevrindən ciddi şəkildə çaşqınlıq keçirməkdədir. Ermənistan baş naziri Nikol Paşinyanın bu barədə açıqlaması da həmin çaşqınlığı açıq-aşkar sezdirir: "Bəzi son hadisələrdən sonra biz Azərbaycanın regional kommunikasiya xətlərinin açılmasını istəyib-istəmədiyini anlamırıq. Əgər, rəsmi Bakı bunu istəyirsə, bizim təkliflərimiz qüvvədədir, onların icrasına dərhal başlamağa hazırıq".

Belə anlaşılır ki, erməni baş nazir hələ indi ayılmağa başlayıb. Azərbaycan dəhlizlə və kommunikasiyalar ilə bağlı problemlərini artıq həll edib. İndi Azərbaycan üçün bağlı olan heç bir nəqliyyat-kommunikasiya xətti demək olar ki, yoxdur. Rəsmi Bakı hətta Ermənistanın böyük ümid bəslədiyi Cənub-Şimal nəqliyyat-kommunikasiya xəttinin belə, Azərbaycan ərazisindən keçməsini təmin edib. Bütün nəqliyyat-kommunikasiya xətləri bağlı qalan isə məhz Ermənistandır. İndi rəsmi İrəvan Azərbaycandan bu xətlərin açılması üçün ciddi şəkildə xahişlər etməlidir. Halbuki, belə məsələlər yalnız xahişlərlə də həll edilməz.

sulh-muqavile.jpg (293 KB) 

Ancaq Ermənistanın problemləri yalnız bunlarla məhdudlaşmır. Belə ki, rəsmi Bakı Ermənistana yekun sülh sazişinin imzalanmasını təklif edirdi. Rəsmi İrəvan isə bu məsələ ilə bağlı danışıqlara başlamaqdan yayınmağa çalışırdı. Hətta bu prosesdə Minsk Qrupu həmsədrlərinin qatılmasına çalışmaqla, yekun sülh sazişinin imzalanmasına əngəl törətməyə cəhd göstərirdi. Və yenə də rəsmi İrəvan yalnız Ermənistana zərbə vurmuş oldu.

Məsələ ondadır ki, Zəngəzur dəhlizi ilə bağlı situasiyada olduğu kimi, yekun sülh sazişinin imzalanması da indi Azərbaycan üçün öz prinsipial əhəmiyyətini itirməyə başlayıb. Çünki, dünya böyük sürətlə dəyişir, yeni dünya düzəninin qurulması prosesi başlayıb. Belə vəziyyətdə həm dünyada, həm də Cənubi Qafqazda sərhədlərin dəyişə biləcəyi qətiyyən istisna deyil. Və bu proses Cənubi Qafqazda tarixi ərazilərin qanuni sahiblərinə qaytarılmasının vacibliyi aktuallaşa bilər.

Deməli, belə vəziyyətdə əslində, yekun sülh sazişinin imzalanması və Ermənistanın ərazi bütövlüyünün tanınması Azərbaycanın geopolitik və geostrateji maraqlarına o qədər də cavab verməyə bilər. Çünki, Azərbaycanın tarixi ərazilərində süni şəkildə qondarma Ermənistan dövləti yaradılıb. Və rəsmi Bakı Azərbaycanın tarixi ərazilərinin geri qaytarılmasını tələb etmək hüququna sahibdir.

Ona görə də, indi məhz rəsmi İrəvan yekun sülh sazişinin imzalanmasında birbaşa maraqlı olmalıdır. Üstəlik, Ermənistan Azərbaycan ilə sərhəd problemlərini həll edib, yekun sülh sazişinin imzalanmasına tələsməlidir. Əks halda, tezliklə rəsmi Bakı Azərbaycanın tarixi əraziləri ilə bağlı məsələni gündəmə gətirməklə, yekun sülh sazişinin imzalanma şərtlərinə yenidən baxa bilər. Yəni, "artsax" xəyalları ilə regionda qarışıqlıq yaratmağa çalışan ermənilər Ermənistan dövlətini tamamilə, ən yaxşı halda isə əhəmiyyətli bir hissəsini itirə bilərlər.

eliyev-erdogan-susa-beyennamesi.jpg (49 KB) 

Onu da qeyd etmək lazımdır ki, yeni situasiya Ermənistanı xarici himayədarlarından da məhrum buraxmağa başlayıb. Belə ki, Rusiya Ukrayna savaşında sürətlə zəifləyir. İndi Rusiyanın Azərbaycan-Türkiyə ittifaqına daha çox ehtiyacı var. Sürüşkən və xaotik xarici siyasət ilə Kremlin etimadını tamamilə itirməkdə olan Ermənistan indi Rusiya üçün elə bir ciddi əhəmiyyət daşımır. Yəni, Kreml Ermənistan ucbatından Azərbaycan-Türkiyə ittifaqı ilə münasibətlərini korlamağa həvəs göstərməz.

Kremlin son qərarında Ermənistanın Rusiyaya dost ölkələrin sırasında yer almaması da bunu təsdiqləyir. Həmin qərara görə, Rusiya yalnız özünə dost hesab etdiyi üç ölkəyə - Çin, Türkiyə və Serbiyaya təbii qazı rus rublu ilə satılmasına ehtiyac duymur. Ermənistan adı Rusiyaya dost ölkələrin sırasında yer almır. Yəni, Kreml Ermənistanı Rusiyaya dost hesab etmir və rəsmi İrəvana dəstək verməyəcək. Azərbaycanın bu siyahıda yer almamasının əsas səbəbi isə rəsmi Bakının Rusiyadan ümumiyyətlə, təbii qaz almaması ilə bağlıdır.

Rəsmi İrəvanın böyük ümidlər bəslədiyi ABŞ və Qərbə gəldikdəsə, Ermənistan üçün bu istiqamətdən də elə bir ciddi dəstək gözlənilmir. Çünki, indi ABŞ və Qərbin beynəlxalq maraqları baxımından, Azərbaycanın enerji resursları "erməni kaprizləri"ndən daha strateji dəyərə malikdir. ABŞ və Qərb indiki situasiyada ən yaxşı halda, bir neçə mənasız bəyanatla kifayətlənərək, Azərbaycanın öz suveren hüquqlarını bərpa etməsinə "göz yummağa" üstünlük verəcək. Və bütün bunlar yekun sülh sazişinin imzalanmasının indi Ermənistanın maraqlarına daha çox cavab verdiyini göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR