İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi uğrunda Donbas kimi mübarizə

1394 21.06.2023 16:48 Siyasət A A

Rusiya özü dəhlizə nəzarət etmək iddiasındadır, lakin ABŞ, İran və Fransanın mövqeyi fərqlidir - Qərb beynəlxalq qaydalar əsasında burada keçid, gömrük nəzarətinin təşkilini istəyir

“Bir neçə gün əvvəl Rusiya hakimiyyəti Sünikə (Zəngəzur) böyük bir nümayəndə heyəti göndərib. Burada "Rusiya günü"nə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə Rusiya Prezident Administrasiyasının, Moskva hökumətinin, Rusiyanın Ermənistandakı səfirliyinin yüksək rütbəli diplomatları, həmçinin regional hökumətin nümayəndələri iştirak ediblər. Xüsusilə Vladimir Putinin ofisinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr şöbəsinin müdiri İqor Maslovun da Sünikdə olması diqqəti cəlb edir".

“Yeni Müsavat” bildirir ki, bunu “Hraparak” nəşri yazıb. “Sünikdəki mənbələrimiz əmindir ki, Rusiya hakimiyyətinin bu fəallaşması əslində xüsusilə müharibədən sonra Süniki diqqətdə saxlayan, milyonlarla qrant verən, layihələr həyata keçirən Avropa İttifaqı faktoru ilə bağlıdır. İlin əvvəlində məlum olub ki, Sünik vilayətinin yaşayış məntəqələrinin infrastrukturunun inkişafı üçün bir il müddətinə Avropa İttifaqından 116 milyon avroluq dəstək veriləcək. Rusiya tərəfi əslində regionun özünə sərmayə yatırmaq qərarına gəlib”, - deyə nəşr əlavə edib.

Qeyd edək ki, yaxın günlərdə Zəngəzurda - Qafan şəhərində Rusiya konsulluğunun açılması planlaşdırılır. Bundan əvvəl isə Qafanda İran konsulluğu açılıb. Erməni mediası ötən həftə Bakıya səfər edən Rusiya prezidentinin nəqliyyat və logistika üzrə köməkçisi İqor Levitinin Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşünə də diqqət yönəldib. Görüşdə “Rusiyanın Zəngəzur dəhlizinin potensialından istifadə imkanlarının öyrənilməsi ilə bağlı məsələlərin” müzakirə olunması erməniləri ciddi narahat edib.

Göründüyü kimi, bu yol üzərində nəzarət üstündə ciddi rəqabət var. Rusiya özü dəhlizə nəzarət etmək istəyir, lakin ABŞ, İran və Fransa məsələyə fərqli baxır. Üçtərəfli bəyanata əsasən, dəhlizə Rusiyanın Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Üstəgəl, dəmir yolu tikintisini də Rusiya Dəmir Yolları həyata keçirməlidir. Bu isə Qərbi qane etmir. Qərb beynəlxalq kontingentin dəhlizə nəzarət etməsini, beynəlxalq qaydalar əsasında burada keçid, gömrük nəzarəti və sair xidmətlərin təşkilini istəyir. Sözügedən qarşıdurma Ermənistanın daxilinə də sirayət edib. Bəs bu mübarizə nə ilə nəticələnə bilər? Ümumilikdə bu prosesin Azərbaycana ziyanı və faydaları nədən ibarətdir?

Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli  deyil - 03.03.2023, Sputnik Azərbaycan

Arzu Nağıyev

Deputat, Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, regionda Qərbin və regionun nüfuz davası artmaqdadır və Zəngəzur dəhlizi də çox mühüm elementlərdən biridir: “Moskva bu gün çətinliklər içindədir və Avropa istiqamətində Rusiya yük daşınmanın ağırlaşması fonunda malların tədarükü üçün yeni etibarlı kanallarda maraqlıdır. Zəngəzur dəhlizinin açılmasının vacibliyi , dünya iqtisadiyyatının artan böhranı, xammalın qiymətlərinin qalxması və nəqliyyat problemlərinin olması fonunda xüsusi əhəmiyyət kəsb edir. Hər bir ölkə, əsasən də Rusiya öz mallarının ixracını artırmaq üçün yeni nəqliyyat marşrutları tapmağa çalışırlar. Cənubi Qafqaz regionu bu gün çox maraq doğuran bir bölgədir və Zəngəzur dəhlizinin transsərhəd ticarət kanallarının bir hissəsinə çevrilə biləcəyi və Türkiyəyə ixracı artırmaqda maraqlı olan Rusiya da daxil olmaqla, böyük dövlətləri cəlb edir. Təbii ki, İrəvan da dəhlizin açılmasında çox maraqlı olmalıdır”. A.Nağıyev qeyd etdi ki, bunu ən yüksək səviyyədə Rusiya rəhbərliyi də təsdiq edir və Ermənistana tövsiyələr verir: “Ən mühüm məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyadan Avropaya yüklərin daşınması olduqca çətindir və ya bloklanır. Bu vəziyyətdə həm Rusiya təchizatçıları, həm də Rusiya vasitəsilə Avropa bazarlarına mal daşıyanlar yeni etibarlı təchizat kanallarına ciddi ehtiyac duyurlar. Beləliklə, Zəngəzur dəhlizi ən mühüm bir yola çevrilir və Türkiyəyə yaxın və ucuz yoldur. Rusiyanın hətta həddən artıq yüklənmiş Gürcüstan Hərbi Magistralının qeyri-sabitliyi, xüsusilə qışda, Rusiya üçün Gürcüstan, Ermənistan və Türkiyəyə qurudan yüklərin nəqli üçün böyük problem yaradır. Buna görə də yaranmış vəziyyətdə Rusiya Gürcüstan yolu ilə deyil, məhz Türkiyəyə və ya Ermənistana, Avropaya daşınmanı Zəngəzur dəhlizi də daxil olmaqla, Azərbaycan üzərindən həyata keçirməyə çalışır”. Deputat qeyd etdi ki, Ermənistan da burada maraqlı tərəfdir: “Lakin Qərbin Rusiyanı regiondan çıxarma cəhdini məhz Ermənistan vasitəsilə həyata keçirmək istəyi işləri ləngidir. Azərbaycan öz vacibliyini dərk edir və əvvəl-axır dəhlizin nəyin bahasına olur-olsun açılacağına əmindir və buna görə də öz üzərinə düşən bütün işləri layiqincə yerinə yetirir. İndi Rusiyanın ən ciddi qərarlar qəbul etməsinin vaxtıdır...”

sahib.jpg (65 KB)

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov öncə xatırlatdı ki, Ermənistan tərəfindən münaqişədən əvvəl mövcud olmuş dəmir yolunun yenidən tikilməsi, həmçinin avtomobil yolunun tikilməsi üçün heç bir hazırlıq işləri belə, həyata keçirilməyib: “Əslində Azərbaycan tərəfi üçün kommunikasiyanın Ermənistan ya Rusiya tərəfindən tikilməsi, fikrimcə, aktual deyil. Üçtərəfli bəyanatın 9-cu bəndinə görə, "vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir". Bu, o deməkdir ki, kommunikasiyanın kimə məxsus olmasından asılı olmayaraq, Azərbaycandan onun digər ərazisi olan Naxçıvana yüklər sərhəd və gömrük yoxlaması olmadan keçib getməlidir və bəyanata görə, nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirəcək. Yeni kommunikasiya vasitələrinin inşası tərəflərin qarşılıqlı razılığı əsasında olmalıdır. Əgər kommunikasiyanın inşasını Rusiya və ya Ermənistanın özü həyata keçirəcəksə, bununla bağlı tərəflər razılığa gəlməlidir. Təəssüf ki, Ermənistandakı daxili qüvvələr, hansılar ki, əsasən xarici ölkələrə və kənar qüvvələrə bağlıdır, kommunikasiyaların açılmasına mane olurlar". S.Məmmədov əlavə etdi ki, nə Qərb, nə Rusiya Azərbaycanla Ermənistanın münasibətlərinin ikitərəfli razılaşmalar əsasında tənzimlənməsində maraqlı görünmürlər: “Həmçinin Qərb dövlətləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında əsas vasitəçinin Rusiya olmasını istəmir. Rusiya isə regiona Qərbin hər hansı müdaxiləsinə qısqanclıqla yanaşır. İran İslam Respublikası da kommunikasiyaların bərpası və inşasında nəinki maraqlı deyil, əksinə, bütün resursları ilə buna mane olmağa çalışır. Ermənilərin "Sünik" adlandırdığı Qərbi Zəngəzurda həm İranın, həm Qərbin, həm də Rusiyanın fəallıqları da bununla bağlıdır". STM-in icraçı direktoru qeyd etdi ki, İran kommunikasıyanın bərpasını ümumiyyətlə istəmir: “Üstəlik, Rusiya hesab edir ki, kommunikasiyalar bərpa olunsa da, ona tam nəzarət onda olmalıdır. Qərb isə kommunikasiyaların bərpasını istəsə də, onun Rusiyanın nəzarətində olmasını istəmir. Ermənistanın özü isə söz manipulyasiyası ilə məşğuldur. Kommunikasiyanın bərpası - inşası halında onun üzərində tam suverenlik, yəni sərhəd-keçid məntəqəsi, gömrük nəzarətini təmin etmək istəyir. Bu isə Azərbaycan üçün qəbul olunan deyil və üçtərəfli bəyanatın 9-cu bəndinin şərtlərinə, yəni "vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətin" təmin olunmasına dair öhdəliyə ziddir".

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə bildirdi ki, kommunikasiyalar üzərində mübarizə əsrlərlə davam edib: “Nəqliyyat və ticarət yolları üzərində müharibələr bu günün fenomeni deyil. Lakin Vətən müharibəsindən sonra regionda kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin bərpa olunması uğrunda amansız mübarizə gedir. Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda diplomatik savaş gedir. Bu savaşda nəqliyyat bağlantıları xüsusi diqqət çəkir. Əslində Avropa İttifaqının və ümumilikdə Qərbin geosiyasi mübarizəyə qoşulması Rusiyanın Cənubi Qafqazda dominantlığının azalmasına və məhvinə yönəlib. Əgər dünyada Rusiyaya qarşı qlobal savaş açılıbsa və sanksiyalar tətbiq olunursa, onda Kreml niyə ticarət yollarının üzərində olmalıdır?” İ.Hüseynov bildirdi ki, Qərbi əsas düşündürən mövzu budur: “Qlobal müharibə başlayanda ilk şərhlərimiz bundan ibarət idi ki, Rusiya Zəngəzur dəhlizin açılmasını sürətləndirəcək. Elə indi də Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında Rusiyanın əsas məqsədi nəqliyyat əlaqəsinin formalaşmasıdır”. Politoloq hesab edir ki, Zəngəzur dəhlizi artıq “Qordi düyününə” çevrilib: “Aleksey Overçuk artıq regiona mütəmadi səfərlər edir, müsbət mesajlar verilir. Amma nəticəni görmürük. Qafan bölgəsində Rusiyanın İranla yanaşı konsulluq açmaq niyyətləri, Qərbi Zəngəzurda "Rusiya günü"nün hay-küylə keçirilməsi də Rusiyanın Ermənistanda ağalığının nümayişinə yönəlib. Amma İrəvanın siyasi elitası təlimatları çoxdan başqa mərkəzdən alır".

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR