İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən SOS!: Rusiya Zaporojye AES-i partladacaq! - Ukraynaya tələ hazırlanır?

822 24.06.2023 08:26 Siyasət A A

“Rusiya Zaporojye atom elektrik stansiyasında radiasiyanın yayılmasına səbəb ola biləcək terror aktı törətməyə hazırlaşır”.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib ki, buna dair məlumatları Ukrayna Təhlükəsizlik Xidməti və kəşfiyyatçılar əldə edib.

“Atom elektrik stansiyalarında heç vaxt, heç bir yerdə terror aktları olmamalıdır. Bu dəfə də Kaxovkada olduğu kimi olmamalıdır. Dünyaya xəbərdarlıq edilib, bu o deməkdir ki, dünya hərəkətə keçə bilər və bunu etməlidir”, - Zelenski vurğulayıb.

Putinin mətbuat katibi Dmitri Peskov isə Zelenskinin sözlərini yalan adlandırıb. Lakin bu da faktdır ki, Rusiya Kaxovka SES-in partladılmasını da indiyədək boynuna almayıb və hətta Ukraynanın üstünə atıb. Ancaq AES SES deyil. Bu, olduqca böyük fəlakətlərə, o sırada böyük bir ərazidə ekoloji böhrana yol aça bilər. Rusiya buna gedərmi? AES-də partlayış ruslara hansı üstünlük qazandıracaq ki?

Zelenski onu da deyib ki, Ukrayna heç vaxt dondurulmuş münaqişə ilə razılaşmayacaq və qoşunları Ukraynada olduğu müddətdə Rusiya ilə danışıqlar aparmayacaq.

“Rusiya qoşunları ölkəmizdə olduğu müddətcə orada prezidentin kim olmasından asılı olmayaraq, biz heç vaxt danışıqlar masası arxasına əyləşməyəcəyik”, - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılmasından əvvəl başlayan danışıqlar prosesi münaqişəni dondurulmuş statusa, gələcəkdə isə yeni böyük müharibəyə çevirəcək.

“Əks-hücumda harada irəliləməmizdən asılı olmayaraq, biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq. Mən xalqın nə ilə nəfəs aldığını bilirəm. Ukraynalılar ikinci dəfə dondurulmuş münaqişə ilə razılaşmayacaqlar. Bu, tələdir”, - prezident deyib.

Belədirmi? Atəşkəs tələ anlamına gələcəkmi?

Ermənistana qarşı daha bir məhkəmə-təzminat tələbi

Şəhla Cəlilzadə: “Rusiya-Ukrayna müharibəsində daha öncə görmədiyimiz dəhşətli mənzərələrə şahidlik etməkdəyik”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə nüvə silahına əl atılmayacağına ümid edir: “İlk olaraq onu qeyd edim ki, Zaporojye AES-i partlatması Rusiya və Putin üçün intihara bərabərdir. İntihar isə ən son seçimdir. Məsələn, Hitler 30 aprel 1945-ci ildə, Reyxstaq üzərində sovet əsgərləri qələbə bayrağı qaldırdıqları gün intihar etmişdi. Rusiya və Putin üçün isə həmin gün yəqin ki, münaqişənin başladığı strateji nöqtənin, yəni Krımın Ukrayna tərəfindən geri alınması, yaxud Rusiyanın varlığına birbaşa təhdid törədilməsi olardı. Bu isə hazırkı şəraitdə Ukrayna üçün əlçatan deyil.

Bu xəbərin indi yayılmasına səbəb isə ötən gün Ukraynanın Rusiya ilə Krımı birləşdirən strateji körpünü raketlə vurmasıdır. Yəni Rusiya bir növ Ukraynaya xəbərdarlıq edir. Bu xəbərdarlıq daha öncə də açıq şəkildə edilib. Rusiyanın Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedyev və Rusiya XİN rəhbəri Lavrov dəfələrlə vurğulayıblar ki, əgər Rusiya öz milli maraqlarına birbaşa açıq hədə olaraq Ukraynanın Krımı geri almaq üçün addımlar atdığını hiss edərsə, o zaman nüvə silahı istifadə etməkdən çəkinməyəcək. Bilirik ki, Krımda, Sevastopolda tarixən Rusiyanın hərbi bazası yerləşib. Odur ki, Rusiya buradakı varlığını qorumaq üçün hər bir addımı atmağa, o cümlədən nüvə silahından istifadə etməyə də hazırdır. Başqa sözlə, Ukraynanın əks-hücum əməliyyatına qarşı Rusiya nüvə şantajı edir.

Zaporojedəki vəziyyət isə burada müxtəlif təxribatlar törətməyə və günahı üzərindən atmağa münasibdir. Zaporojye Rusiya tərəfindən ilhaq edilən Ukrayna əyalətlərindən biridir. Ondan şərqdə Donbas ərazisində Rusiya ordusunun mənsubları, qərbdə isə Ukrayna ordusunun mənsubları mövqe qurub. Zaporojyedə yerləşən AES-in soyuducusunun partladılması və nəticə olaraq nüvə radiasiyasının yayılması halında hər iki tərəf zərər çəkə və mövqe itkilərinə məruz qala bilər. Yəni Kaxovka SES-in partladılmasında Rusiya məsuliyyət daşıdığını qəbul etmədiyi (sübut da edilməyib) kimi, Zaporojedəki hər hansı təxribat da bənzər şəkildə qəbul edilməyə bilər. Rusiya-Ukrayna müharibəsində daha öncə görmədiyimiz dəhşətli mənzərələrə şahidlik etməkdəyik. Lakin müharibədə ən dəhşətlisi nüvə silahından istifadədir ki, tərəflərin buna getməyəcəyinə böyük ümid edirəm".

Siyasi analitik Asif Nərimanlı AES-ın partladılmasını mümkün hesab edir: “Ukraynada müharibənin başlanmasından indiyə qədər baş verənlərə baxdıqda Rusiyanın Zaporojye AES-in partladılmasını da həyata keçirə biləcəyi istisna edilməməlidir. Lakin Rusiyanın bunu məğlubiyyəti tam qaçılmaz olacağı halda edəcəyi ehtimalı daha çoxdur. Moskvanın taktiki nüvədən istifadə edə biləcəyi zaman-zaman gündəmə gəlir və Rusiyanın bununla bağlı açıqlamaları daha çox strateji çəkindirmə xarakteri daşıyır. Kreml də bilir ki, nüvə silahından istifadə bütün körpülərin yandırılması deməkdir. Bu baxımdan, Ukraynanın əks-hücumunun qarşısını almaq üçün AES-in partladılması və məsuliyyətin Kiyevin üzərinə yıxılması versiyası daha mümkün görünür. Hərçənd bu sonda atılacaq addım kimi görünür - Rusiyanın heç bir çıxış yolunun qalmadığı vaxt.

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı: “İndi eyni tələ yenidən gündəmdədir və bu dəfə də baş tutarsa...”

Zelenskinin AES-lə bağlı xəbərdarlığı dünyanın diqqətini təhlükəyə yönəltmək xarakteri də daşıya bilər. Onun çıxışında “dondurulmuş münaqişə” ilə razılaşmayacaqlarına dair fikirləri də bu ehtimal önə çıxarır və Ukrayna müharibəsində bu qədər qanın tökülməsindən sonra ən pis ssenarinin mümkünlüyünü aktuallaşdırır. Ukraynanın Rusiya ilə atəşkəsə məcbur edilmək istədiyi məsələsi yeni deyil. Müharibənin əvvəlində belə cəhdlər çox edildi, amma baş tutmadı, indi yenidən aktuallaşdığı görünür. Beynəlxalq ictimaiyyət bu məsələdə ikiyə bölünüb. Rusiyanın tam məğlubiyyətini istəyənlər də var, Ukrayna torpaqları hesabına Moskva ilə anlaşmaq istəyənlər də. Burada ABŞ-Çin xəttində baş verənlər, ABŞ-da gözlənilən seçkilər, Avropanın yenidən aktivləşməsi kimi məsələlər rol oynayır. Təbii ki, Ukraynanın əks-hücumunun nəticəsi də çox şeyi həll edəcək.

Əks-hücum əməliyyatlarının başlanmasından sonra informasiya qıtlığı olduğu üçün real nəticələri bilmək çətindir. Bütün bunların fonunda Zelenskinin açıqlaması Ukraynanın danışıqlara məcbur edildiyi fikrini önə çıxarır. Ən mühüm məqamlardan biri Ukrayna prezidentinin bunu Blinkenin Pekinə səfərindən sonra verməsidir. Blinkenin səfərindən sonra Bayden Çin liderini diktator adlandırması o deməkdir ki, Vaşinqton Pekinlə anlaşa bilməyib və bu, ABŞ-ı məcbur edir ki, Rusiyaya müəyyən güzəştlər edilsin, çünki Çin-Rusiya ittifaqı onlar üçün arzuolunmaz perspektiv vəd edir. O baxımdan, Zelenskinin “dondurulmuş münaqişə” haqda fikirləri təsadüfi deyil və o deməkdir ki, Kiyevi danışıqlara itələyirlər.

Ukrayna prezidenti də AES təhlükəsi üzərindən dünyanın diqqətini Rusiya təhlükəsinə yönəltməklə situasiyanı dəyişmək istəyə bilər. Zelenski o məsələdə haqlıdır ki, Rusiya qoşunları Ukraynadan çıxmadığı müddətdə atəşkəsin əldə edilməsi dondurulmuş münaqişə vəziyyətini yenidən yaradacaq. 2014-cü ildə Qərbin istəyi ilə Ukrayna bu tələ ilə üzləşib. İndi eyni tələ yenidən gündəmdədir və bu dəfə də baş tutarsa, Ukraynanın apardığı mübarizənin və verdiyi itkilərin mənası qalmır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR