İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər seçkisinə bir həftə qaldı: seçici fəallığı necə olacaq?

653 30.01.2024 12:08 Siyasət A A

AVCİYA rəsmisi: “Builki seçki kampaniyası digərlərindən fərqlənir”

Azərbaycanda 7 fevral erkən prezident seçkisinə bir həftə qaldı. Prezidentliyə namizədlər regionlarda görüşlər keçirir, vətəndaşların problemlərini dinləyirlər, ictimai müzakirələrdə bu problemləri dilə gətirirlər. 

“Yeni Müsavat” qəzeti bir neçə namizədə müraciət edərək seçicilərin daha çox hansı məsələlərdən şikayət etdiklərini təftiş etməyə çalışıb. 

Razi Nurullayev: “Əli Kərimlinin göstərdiyi ucuz şou heç nəyə yaramadı” -  MÜSAHİBƏ

Razi Nurullayev

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əsas şikayətlər sosial müdafiə, təhsil və ədliyyə sistemi ilə əlaqədardır: “Bu günə qədər Bakının Binəqədi və Suraxanı rayonlarında görüşlərdə olmuşam. O ki qaldı rayonlara, Neftçala, Kürdəmir, İmişli, Qazax, Füzuli və Qusarda seçicilərlə görüşmüşəm. Təəssüf ki, Naxçıvana səfər edə bilməyəcəm. Vətəndaşları ən çox narahat edən məsələ uşaq puludur. Digər böyük narahatlıq iş təminatı ilə bağlıdır. Əhali hazırkı vəziyyətdən çox narazıdır. Müraciət edilən sahələr üzrə təminat çox zəifdir. Əlilliyin təyinatı ilə bağlı yaradılan problemlər də əhalini ciddi şəkildə narahat edir. Ünvanlı sosial yardım ala bilməmək də ciddi problemdir. Bu məsələdə ən çox məşğulluq idarələrini günahlandırırlar. Mən insanların bu tələblərini haqlı hesab edirəm. Məhz ünvanlı sosial yardım almaq üçün məşğulluq idarələri onları işlə təmin etməlidir. Vətəndaşın işə ehtiyacı olduğu halda işdən imtina etdiyi deyilir.  Azərbaycanda acından ölən insanlar var, amma sosial yardım ala bilmirlər. O zaman sual yaranır ki, dövlət büdcəsindən ayrılan vəsait nəyə görə doğru ünvanlara çatdırılmır? Bu çox ağrılı sualdır, təəssüf ki, həllinə nail ola bilmirik. İnsanların narazılığı həm də pensiya yaşı ilə bağlıdır. Onlar təklif edir ki, pensiya yaşı 65-dən aşağı endirilsin, qadınlar üçün ən çoxu 60, kişilər üçün 62 olsun.  O cümlədən pensiya məbləğinin artırılmasını istəyirlər. İndiki pensiya ilə dolanmaq çox çətindir. İnsanlar minimum 600 manat pensiya almaq istəyirlər. Gənclər də işlə təminatla bağlı problem yaşayırlar. İnsanların ən çox dilə gətirdikləri problem həm də qaz limitinin aradan qaldırılmasıdır. Güzəştli tarif maksimum 1-2 ay ərzində istifadə olunur və bitir. Odur ki, neft-qaz ölkəsi olan Azərbaycanda qaz limitinin aradan qaldırılması əsas istəklərdən biridir. İnsanların məhkəmələrlə bağlı narahatlıqları var - məhkəmələrin daha düzgün qərar çıxarması, məhkəmələrin etibarlı olmasını istəyirlər. Xeyli iş görülsə də, görünən odur ki, bu dəyişikliklər insanları qane etmir. Məmur özbaşınalığı da ən çox şikayət edilən məsələlərdəndir. Belə ki, şikayətlərə baxılmır, insanlar süründürməçilik, məktub dövriyyəsinin yaradılmasından şikayətçidirlər. Təhsil sistemindən də narazılıq var. Uşaqlar ağır çantaları daşımaqdan, nəticədə yaranan skoliozdan əziyyət çəkirlər. Valideynlər belə o çantaları daşıya bilmirlər”.  

 

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə Bakının bir neçə rayonunda, Lerikdə, Şabranda, Qaxda, Sabirabadda görüşlər keçirib: “Hər bölgənin özünəxas problemləri var. İşsizlik, enerji limiti əsas problemlərdir. Bəzi bölgələrdə ümumiyyətlə qazlaşdırma aparılmayıb. Məsələn, Lerik rayonunda cəmi 40-50 faiz qazlaşdırma aparılıb. Bəzi yerlərdə su problemi var. Şabranda kənd təsərrüfatı ilə bağlı problemlər var. Pensiyalar, uşaq pulu ilə bağlı müraciət çoxdur. Onkoloji xəstələr icbari tibbi sığortaya düşə bilməməkdən şikayət edirlər. Növbəti günlərdə Salyanda, Bakının Xətai rayonunda, Sumqayıt şəhərində seçicilərlə görüşəcəyik. Sonuncu görüş Ağstafada olacaq”. 

Məhərrəm Zülfüqarlı: Faşizm ideologiyası nəticəsində Ermənistanda bir nəfər  də olsun Azərbaycan türkü yaşamır – AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN  İNKİŞAFINA YARDIM ASSOSİASİYASI

Məhərrəm Zülfüqarlı 

AVCİYA-nın seçki qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Yeni Müsavat”a şərhində seçici fəallığını belə dəyərləndirdi: “Builki seçki kampaniyası digərlərindən fərqlənir. Namizədlərin reytinqi başqa-başqadır. Seçici fəallığı namizədlərin, seçki komissiyalarının işindən asılıdır. Buna görə də MSK-nın göndərdiyi mesajlar, əlbəttə, seçici fəallığına müsbət təsir edəcək. Bundan başqa, məntəqə seçki komissiyalarının üzvləri də fəal çalışırlar, ünvanlara bildirişlər paylanıb. Mərkəzi Seçki Komissiyası da seminarlar keçirir. Seçici fəallığında namizədlərin apardığı təşviqat kampaniyası önəmli rol oynayır. İctimai fikrə görə, İlham Əliyevlə müqayisədə digər namizədlərin qələbə şansı yoxdur. Onlar özləri də bunu etiraf edirlər. Mənim fikrimcə, namizədlər ikincilik uğrunda mübarizə aparmalıdırlar. Bu onların parlament seçkisində uğurlarında müsbət rol oynaya bilər. Hansı namizəd daha güclü kampaniya aparıb, ikinci yeri qazanacaqsa, bu onun daha uğurlu siyasətçi olduğunu göstərir. Uğurlu kampaniya apararaq seçici rəğbətini qazanıblar, elektoratın sayını artırıblar. Mən namizədlərin hamısını şəxsən tanıyıram, hər birinə uğurlar arzulayıram. Onların apardığı seçki kampaniyası müxtəlifdir. Fəal olanı da var, olmayanı da. Qüdrət Həsənquliyevin seçki kampaniyasını uğurlu hesab edirəm. Parlament seçkisində partiyanın uğuruna bu, müsbət təsir edəcək. Nəticədə qazanan Azərbaycan olacaq. Başqa ölkələrdən fərqli olaraq qarşıdurmasız, düşmən mövqedən çıxış edən namizədlərin olmadığını görürük. Hesab edirəm ki, bu seçki böyük Qələbədən sonra Azərbaycanın ən böyük uğurudur. Bu, artıq vətəndaş həmrəyliyinin, prezidentlə xalq arasında birliyin yaranmasının nəticəsidir. Bu qələbələrdən sonra keçirilən seçkidə seçici fəallığı yüksək olacaq”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR