İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan “Qarabağı tanıdınız...” sitəmi - XİN rəsmisinin mesajının pərdəarxası...

3636 01.09.2023 12:21 Siyasət A A

Ekspertlərə görə, Moskvadakılar demək istəyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımısınız və o zaman nəticələrinə də qatlaşın

“Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir”.

Rusiya XİN-in sözçüsü Azərbaycan bayrağını təhqir etdiyinə görə erməni futbolçuların Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılmasında Rusiya sülhməramlılarının da günahkar olması ilə bağlı suala cavabında belə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bundan sonra dedikləri də diqqət çəkir. “Bu, Avropa İttifaqının himayəsi altında ötən ilin oktyabrında və bu ilin mayında hər iki ölkənin liderinin iştirakı ilə keçirilən sammitində qeydə alınıb (Ermənistanın keçmiş Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıması-red.) Bu barədə Rusiya XİN-in "Qarabağ ətrafındakı vəziyyətlə bağlı" 15 iyul 2023-cü il tarixli bəyanatında da aydın deyilib. Bu məzmunda məsuliyyəti Rusiya sülhməramlı kontingentinin üzərinə qoymağı yersiz, düzgün olmayan və haqsız hesab edirik. İrəvan və Ermənistan hakimiyyəti tərəfindən Dağlıq Qarabağın Azərbaycana məxsusluğunun tanınmasından sonra yaranan yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Azərbaycana Qarabağ ermənilərinin bütün hüquq və təhlükəsizliyini təmin etməyə, o cümlədən Bakı ilə Xankəndi arasında birbaşa dialoqun qurulmasına bütün mümkün yardımı etməkdən ibarətdir", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

“Rusiya tərəfi Xankəndinə Azərbaycan ərazisində rəsmi Bakı ilə danışıqlar aparmağı təklif edir. Qarabağ ermənilərinin təhlükəsizliyinə kim təminat verir” sualına cavabında Zaxarova qeyd edib ki, bu sualın cavabı çox sadədir: “Əgər nə barədəsə razılaşma olubsa, üstəlik, imzalar atılıbsa, üstəlik, yüksək səviyyədə bu imzalar atılıbsa, bunu reallaşdırmaq lazımdır. Üçüncü tərəfləri, artıq üçüncü deyil, beşinci, onuncu tərəfləri cəlb etməklə yeni konstruksiyalar fikirləşmək lazım deyil... Razılaşmalar var, onları icra etmək lazımdır. Bu elə zəmanət deməkdir”.

Rusiya XİN sözçüsü Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyində kardinal dəyişikliyin olduğunu xatırladıb: “Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyi kardinal şəkildə dəyişib. Üstəlik, məhz İrəvan üçün əsas olan məsələ ilə bağlı... Bu, İrəvanın məsələsidir, onların daxili qərarıdır”.

Zaxarovanın “Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir” fikrinin arxasında nə durur? Belə çıxır ki, İrəvan Qarabağı Azərbaycanın ərazisi kimi tanımasaydı, indi fərqli durum yaranacadı?

Mariya Zaxarova: "Moskva Bakı və İrəvan arasında sülhə aparan istənilən  konstruktiv vasitəçiliyi dəstəkləyir"

Mariya Zaxarova

Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ilk dəfə deyil  bu qəbildən iddialar səsləndirir. Bu iddialara bir neçə kontekstdən yanaşmaq olar: “Birincisi, ilk və hər kəsin ağlına gələ biləcək birbaşa versiyadır. Yəni Moskva Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından narahatdır və İrəvanın ərazi iddialarını davam etdirməsi onun üçün daha əlverişlidir. Çünki belə olduğu təqdirdə, Rusiya sülhməramlıları Azərbaycan ərazilərindəki fəaliyyətlərini, hətta buna hüquqi əsas olmasa da "mübahisəli ərazilərdəki" missiya kimi təqdim edir, digər separatçı bölgələrdəki təxribat planlarını burada da davam etdirir. İndiki şəraitdə Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməklə, bu ərazilərin mübahisəli olmadığını beynəlxalq ictimai rəyə təqdim edib və bu da Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinin cərçivəsini daraltmaqla yanaşı, rəsmi Moskvanın manevr imkanlarını da məhdudlaşdırıb. Hazırda Rusiya sülhməramlılarının Qarabağdakı missiyasının mövcudluğunu əsaslandıra biləcək heç bir hüquqi sənəd yoxdur. Sülhməramlılar 10 noyabr 2020-ci il Bəyannaməsinə əsasən, Azərbaycan ərazisinə gəliblər. Həmin dövrdə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmişdi və həm de-fakto, həm də sözügedən bəyannaməyə görə tərəf hesab olunurdu. İndi Ermənistan sırf konkret əraziyə iddia baxımından tərəf deyil. Qarabağdakı qanunsuz, separatçı rejim isə ümumiyyətlə, tərəf deyil və onların adı 10 noyabr bəyannaməsində keçmir. Deməli, Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarındakı mövcudluğu ilə bağlı qərar verəcək yeganə beynəlxalq hüquqi subyekt Azərbaycandır. O zaman Azərbaycan Rusiya sülhməramlılarına istədiyi vaxt “get” deyə bilər və belə olduğu təqdirdə, sülhməramlıların Azərbaycan ərazilərində qalmaları üçün də heç bir hüquqi əsas olmayacaq. Belə olduğu təqdirdə, Rusiya sülhməramlıları ya Azərbaycan ərazilərini tərk edəcək, ya da separatçı rejimlə işbirliyinə gedərək, ölkəmizin ərazisində qeyri-qanunu mövcudluqlarını davam etdirəcək, de-yure işğalçı statusu qazanacaqlar. Belə bir mənzərə yaranacaq ki, Ermənistanın işğalı Rusiyanın işğalı ilə əvəz olunub. Şübhəsiz ki, bu nəzəri mülahizədir və Moskvanın belə bir ssenari üzrə hərəkət etməsi bu ölkənin Cənubi Qafqazdan birdəfəlik getməsi ilə nəticələnə bilər".

Elçin Mirzəbəyli — Vikipediya

 

E.Mirzəbəyli vurğuladı ki, Lavrovun mülahizələrini təkrarlayan Mariya Zaxarovanın açıqlamasından çıxara biləcəyimiz başqa bir qənaət isə Ermənistana mövcud reallıqların başa salınmasına xidmət edə bilər: “Yəni Azərbaycanın ərazi bütövlüyünü tanımısınız, o zaman nəticələrinə də qatlaşın, rəsmi Bakı öz suveren ərazilərində istədiyi kimi hərəkət edə, yolu bağlaya, yaxud aça bilər və bütün bunların Rusiyaya heç bir aidiyyəti yoxdur. Mən sonuncu versiyanın reallığa daha yaxın olduğunu düşünürəm və hesab edirəm ki, Zaxarovanın mesajı Ermənistan rəhbərliyinə ünvanlanıb”.

Politoloq Murad Sadəddinov isə bildirdi ki, Rusiyanın “Qarabağ kartı”ndan Nikol Paşinyan hakimiyyətinə qarşı istifadəsi bu gün də davam edir. Zaxarovanın bu açıqlaması da Paşinyana təzyiqdir və bu açıqlama ilə Rusiya Ermənistan cəmiyyətini, Qarabağ ermənilərini Paşinyana qarşı qaldırmaq niyyəti güdür: “Eyni zamanda Zaxarova belə bir açıqlama verməklə ermənilərə mesaj verir ki, bundan sonra baş verənlərə görə günahkar Paşinyandır. Moskva Paşinyan iqtidarını devirmək üçün şərait yaranmasına çalışır. Rusiya ermənilərin prosesdə labüd məğlubiyyətini açıq kartla Nikol Paşinyanın üstünə atmaq istəyir. Açıq mətnlə bəyan edirlər ki, Nikol Paşinyan Qərbin istəyi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Əlbəttə ki, Paşinyan bir müddət öncə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsəydi belə, Azərbaycan öz haqlı mövqeyində, siyasətində, mübarizəsində indiyə qədər olduğu kimi davam edəcəkdi və indiki nəticələrə onsuz da nail olacaqdı. Rusiya, sadəcə olaraq, narazı erməni ictimaiyyətini Paşinyana qarşı daha da qəzəbləndirmək üçün Zaxarovanın dili ilə məlum bəyanatı vermiş oldu”.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR