İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişelin dərin məyusluğu: Brüssel sülh danışıqlarını kimin pozduğunu gizlədir və...

821 02.08.2024 08:50 Siyasət A A

Şarl Mişelin məyusluğunu anlamaq olar, amma prosesi pozan Ermənistanın baş nazirinin adını çəkməməklə...

Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri yeniləmək istəyir. Bu barədə “Politico” yazıb. Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın ortalarında Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib. Bu görüşlər barədə əvvəllər məlumat verilməyib. Mişel həmçinin hər iki tərəfə məktub yazaraq, onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək sülh sazişini yekunlaşdırmağa çağırıb. 

Nəşr qeyd edir ki, çoxdan gözlənilən razılaşmanın baş tutmadığından və aylarla davam edən diplomatik səylər dalana dirəndikdən sonra Brüsseldə məyusluq artıb. Lakin çoxdan gözlənilən razılaşma baş tutmur və bu, Brüsseldə məyusluq yaradır. 

Qeyd edək ki, iyulun 18-də İngiltərədə Azərbaycan və Ermənistan liderlərinin sammit çərçivəsində görüşü gözlənilsə də, Paşinyan dialoqda iştirakdan boyun qaçırıb. İmtina ilə bağlı ən çox yayılmış versiya odur ki, Paşinyan Əliyevlə danışıqlarda Avropa Şurasının prezidenti Şarl Mişel və mümkünsə Fransa prezidenti Emmanuel Makronun iştirakını istəyib. Bu şərtin yerinə yetirilməsinin qeyri-mümkün olduğunu anlayanda isə regional sülh prosesini geriyə atıb. Son illər Ermənistanla Azərbaycan arasında sülh danışıqları ayrı-ayrılıqda həm Avropa İttifaqının, həm Vaşinqtonun,  həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb. Amma hər üç formatda yekun nəticə əldə edilməyib. Yəni sülh danışıqlarının ağırlığını öz tərəfinə çəkməyə çalışanlar var, amma bu səylərin sülhə töhfə verə biləcəyi ağlabatan görünmür. Vaşinqton hələ də sülhlə bağlı razılaşmaya çağırış etməklə işini bitmiş hesab edir, Moskvanın son moderatorluq təklifinə isə İrəvan münasibət bildirməyib. Brüssel isə göründüyü kimi,  danışıqları məhz Paşinyanın pozduğunu dilə gətirmək istəmir. 

Yada salaq ki, Ermənistan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondu Ermənistana 10 milyon avroluq yardım paketi ayırıb. Əcnəbi ekspertlərə görə, Ermənistana ayrılan vəsaitlərin humanitar təyinatı, aldadıcı olmaq ehtimalı böyükdür.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

 Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Ermənistan silahlı qüvvələrinə milyonlarla yardım ayıran bir təsisat Azərbaycan və Ermənistan arasında real sülhdə maraqlı ola bilməz: “Azərbaycan  sülh prosesinə xidmət edən heç bir platformadan geri çəkilməyib. O cümlədən Şarl Mişelin təşəbbüsü ilə başlanmış, Avropa İttifaqı çərçivəsində həyata keçirilən danışıqlara da böyük ümid və gözləntilərlə yanaşıb.  Lakin sonrakı dövrlər, xüsusən 2022-ci ilin Praqa prosesindən sonra Fransa prezidenti Emmanuel Makronun bu prosesə qeyri-adekvat müdaxiləsi, o cümlədən Fransanın Avropa İttifaqındakı nisbi hakim mövqeyi Avropa İttifaqı platformasını real sülh üçün effektsiz və qərəzli mühitə çevirdi. Sonrakı dövrdə Avropa İttifaqının "sülhə xidmət edən" monitorinq missiyası adı altında regiona hərbi və təhlükəsizlik əməkdaşlarını yollaması, daha sonra bu missiyanın Avropa İttifaqına üzv olmayan digər dövlətlərin də nümayəndələri ilə “zənginləşdirilməsi” proseslərdə Avropa İttifaqının bitərəf rolunu tamamilə kölgələdi. Sonrakı dövrlərdə Qranada prosesində Avropa İttifaqının Fransanın dirijor çubuğuna tabe edilməsi, ardınca Avropanın digər strukturları, o cümlədən Avropa Parlamentində, Avropa Şurasında, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səslənən ədalətsiz, qərəzli və məqsədli hücumlar əslində Avropa İttifaqının çoxdan ayırıcı xətlərin qurbanına çevrildiyini göstərdi. Digər tərəfdən, Avropa İttifaqının ayrı-ayrı strukturlarının, o cümlədən Sülh Fondunun Ermənistan silahlı qüvvələrinə açıq yardım paketini təsdiqləməsi sülh prosesində Avropa İttifaqının dayandığı nöqtə ilə bağlı təsəvvürlərimizi tamamilə aydınlaşdırdı. Bildiyiniz kimi, Azərbaycan Ermənistanla sülh prosesinin beynəlxalq gündəliyin məsələsi olmadığını, ayrı-ayrı dövlətlərin regiona münasibətlərinin Azərbaycan-Ermənistan münasibətlərindən asılı olmadığını dəfələrlə bəyan edib. Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında danışıqların vasitəçisiz formada daha effektiv olacağına dair qəti qənaəti sonrakı dövrlərdə 7 dekabr bəyanatı, habelə 19 aprel razılaşmaları fonunda özünü bir neçə dəfə köklü surətdə doğruldub. Belə olan təqdirdə, əlavə platformaların axtarışı, o cümlədən digər subyektlərin prosesə müdaxiləsi imkanlarının formalaşdırılması bölgədə sülh və sabitlik üçün yaxşı heç nə vəd etmir. O cümlədən Ermənistanın özünün fərqli platformalar axtarmaq cəhdi də səmimi deyil. Belə bir situasiyada Avropa İttifaqının yenidən fəallaşması, yaxud yenidən dialoqun bərpası ilə bağlı təşəbbüslə çıxış etməsinin real nəticəsi çətin ki, olsun. Hələ də revanşist əhvalda olan Ermənistan silahlı qüvvələrinə milyonlarla yardım ayıran bir təsisat Azərbaycan və Ermənistan arasında real sülhdə maraqlı ola bilməz".

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli erməni baş nazirin Ali Baş Komandanla görüşlərdən çəkindiyini bildirdi:  “Ermənistan həmişə danışıqları pozub, sonra isə  hərbi gərginlik artıb. Azərbaycan həmişə istədiyini diplomatik deyil, hərbi yolla alıb. Əgər Ermənistan yenə güc yolu ilə növbəti güzəştlərə getmək istəmirsə, Azərbaycanın tələblərini yerinə yetirməlidir. Əks halda, hər dəfə yaşadığı aqibəti görəcək. İstər ikitərəfli, istərsə də çoxtərəfli Azərbaycan-Ermənistan danışıqlarına gəlincə, görünən odur ki Paşinyan Əliyevlə görüşlərdən çəkinir. Hər bəhanə ilə bu cür görüşlərdən yayınmaq istəyir. Birgə şəkillərdə də görmək olar ki, necə Paşinyan Əliyevin yanında özünü əzik hiss edir. Hesab edirəm ki, Ermənistanın masa arxasında növbəti destruktiv hərəkətləri Azərbaycan tərəfindən sərt cavablandırılmalıdır. Əgər Ermənistan Azərbaycanın tələblərini rədd etsə, buna adekvat cavab verilməlidir. Nəticə qazanmaq istəyiriksə, hər dəfə olduğu kimi güc yolu ilə, yəni hərbi güc tətbiq etməklə buna nail ola bilərik”.

Parlament seçkilərində gücümü sınamağı düşünürəm"- Elxan Şahinoğlu News 365

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd etdi ki, Şarl Mişel ötən il və bu ilin başlanğıcında Azərbaycanla Ermənistan arasında aktiv vasitəçilik və moderatorluq etdi: “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan onun vasitəçiliyindən razı idilər. Danışıqlarda irəliləyiş və müəyyən razılaşmalar var idi. Ancaq sonrakı mərhələdə Fransa prezidenti Emmanuel Makron görüşlərdə iştirak etmək istədi və Şarl Mişel bununla razılaşdı. Bu isə Azərbaycanın maraqlarına zidd idi. Çünki Makron İkinci Qarabağ müharibəsindən bu yana Ermənistanı və erməni separatizmini dəstəkləyir, Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verirdi. Bu şəraitdə İlham Əliyev Brüsselin Parislə birgə vasitəçiliyinə razılaşa bilməzdi. Bu səbəbdən Şarl Mişelin əvvəlki fəaliyyəti Makronun pozuculuğu sayəsində heçə endi. Bundan sonra Berlin və Vaşinqton Azərbaycanla Ermənistan liderləri və xarici işlər nazirləri arasında moderatorluq etməyə başladılar. Bakı və İrəvan bu moderatorluğa müsbət yanaşdılar. Bununla Avropa İttifaqı arxa plana keçdi. Moskva da Azərbaycanla Ermənistan arasında moderatorluq etmək istəyir və liderlərin Rusiya paytaxtında görüşünü təşkil etmək istəyir. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan Moskvanın moderatorluğunu əleyhinədir. Bu səbəbdən də Moskva da Brüssel kimi arxa plana keçib. Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların və razılaşmaların alternativi yoxdur. İki ölkə arasında son razılaşmalar məhz birbaşa danışıqlar nəticəsində əldə olunub”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR