İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən gələn turistlər bölgələrə getmirlər - SƏBƏB

1298 02.08.2024 09:27 Ölkə A A

Ekspert: “Hava limanının, ölkəyə giriş-çıxışın məhz Bakı üzərindən olması...”

Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, əlverişli təbiəti, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar yaradır.  

Azərbaycan son illər xarici turistlərin ən çox səyahət etdiyi ölkələrdən birinə çevrilib. Lakin müşahidələr onu göstərir ki, gələn turistlər daha çox Bakıda qalmağa üstünlük verirlər. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verir. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıb. Bütövlükdə xarici turistlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi  isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Məlum olur ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar.

Maraqlıdır, bölgə turizmi niyə paytaxta uduzur?

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb. Mütəxəssislər bildirir ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlib və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləyib.

Qeyd edək ki, ötən il ölkəyə gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illərlə müqayisədə dəyişiklik müşahidə olunub. Belə ki, avropalıların sayının artması, ərəb turistlərin səfərlərinin azalması qeydə alınıb. Bu müddətdə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub.

Dövlət Turizm Agentliyinin məlumatında deyilir ki,  turistik səfərlər ənənəvi 4 turizm dəhlizi üzrə fokuslanır. Bakı-Şimal, Bakı-Şimal-Qərb, Bakı-Qərb, Bakı-Cənub turizm dəhlizləri üzrə əsas turizm resurslarının cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlərdir. Xüsusilə bayram və istirahət günlərində bu bölgələr üzrə turistik səfərlərin artdığı müşahidə olunur. Bu dəhlizlərdən əlavə, Naxçıvan ayrıca turizm destinasiyası kimi diqqət çəkir. Həmçinin işğaldan azad olunan ərazilər turizm destinasiyası kimi formalaşmaqdadır. 

Mütəxəssislər qeyd edirlər ki, bölgə turizmi ötən illərə nisbətən inkişaf edib. Bununla belə, bölgələrdə müxtəlif tipli hotellər, mehmanxana müəssisələri tikilməli, qida keyfiyyətinə nəzarət edilməlidir. Bölgələrdə turistlərə göstərilən xidmətlər hələ də istənilən səviyyədə olmadığı qeyd edilir.  Xidmət səviyyəsi ilə yanaşı, həmçinin qiymətlər də yüksəkdir, bu səbəbdən yerli əhali də öz bölgələrimizdə istirahət edə bilmir. Bunun  üçün mütəxəssislər cəlb edilməlidir. Dəfələrlə bu barədə xəbərdarlıq edilsə də, sahibkarlar, müvafiq qurumlar  turizmə barmaqarası yanaşırlar.

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC

Ceyhun Aşurov 

Turizm üzrə ekspert Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda turizm potensialı yüksəkdir: “11 iqlim tipindən 9-u məhz Azərbaycandadır. Ölkəmizin Şimaldan Cənuba, Qərbdən Şərqə səyahət edən insanlar bu iqlim tiplərinə rast gələ bilir. Azərbaycanın turizm bölgəsinə çevrilməsi imkanları çox genişdir. Təsadüfi deyil ki, turizm Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdən hesab olunur. Bu günədək Azərbaycanda turizmlə bağlı ciddi infrastruktur işləri görülüb, yollar çəkilib, müxtəlif obyektlər tikilib. Hazırkı dövrü nəzərə alsaq ki, quru sərhədlər bağlıdır və ölkəyə giriş-çıxış nöqtəsi əsasən Bakı şəhərindən olur. Azərbaycanda bir neçə beynəlxalq hava limanının olmasına baxmayaraq əsas giriş-çıxışların 90 faizindən çoxu məhz Bakı üzərindən həyata keçirilir. Bunu da nəzərə alaraq qeyd etmək lazımdır ki, ölkəyə gələn turistlər gəldikləri və getdikləri gün Bakıda olmaq məcburiyyətindədirlər. Turistlərin ölkəmizə beş günlük səfərinin ilk və son günü Bakının payına düşmüş olur. Səbəblərdən biri budur. İkinci səbəb isə Bakı şəhəri infrastrukturuna, parklarına, restoranlara, qalma yerlərinin kifayət qədər çox olmasına, hotellərinin sayına görə regionlardan daha üstün səviyyədədir. Ona görə də turistlər üçün daha əlverişli şərtlər və şərait təqdim edə bilir. Düzdür, regionlarda da bu işlər görülür. Xüsusən də yeni yolların çəkilməsi, ödənişli yolların istifadəyə verilməsi, sürət qatarının olması və sair regionlara gedişi asanlaşdırır. Misal üçün, Quba, Qusar, Qəbələnin turizm infrastrukturu ora gələn turistlərin sayına təsir edir. Eyni zamanda Naftalan, Gəncə sürət qatarının olması bu istiqamətdə turistlərin aktivliyinə təsir göstərir. Cənub zonasında yeni yolun istifadəsindən sonra biz ora gedənlərin sayının artımını müşahidə edirik. Ümumilikdə, əsas iki səbəbi qeyd etmək olar. Hava limanının, ölkəyə giriş-çıxışın məhz Bakı üzərindən olması, ikinci isə Bakıda turistlər üçün daha çox əyləncənin, istirahətin, restoran, hotellərin olması ilə əlaqədardır. Bu mənada gələn turistlər zamanını əsasən paytaxtda keçirir”. 

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, ölkə turizmində nə qədər ev təsərrüfatları çox iştirak edərsə, bu sektor bir o qədər inkişaf edər: “Azərbaycanda da ev təsərrüfatlarının turizmdə iştirak etməsi üçün ya quru sərhədlər açılmalıdır, ya da paytaxtdan bölgələrə ucuz qiymətə aviareyslər olmalıdır. Paytaxta təyyarə ilə düşən turist ucuz qiymətə, qısa müddətə bölgələrə gedə bilsin. Bölgələrdə hava limanlarının yetərli olmaması və məsafənin uzunluğu nəticədə ölkəmizə səyahət etmiş turistlərin 80-83 faizə qədərinin məhz Bakıda qalması ilə nəticələnir. Yaxud da quru sərhədlərin açılması strateji cəhətdən uyğun hesab edilmirsə, o zaman hava limanlarının infrastrukturunun yaradılması və ucuz qiymətə aviareyslərin təşkil edilməsi Azərbaycanın turizm sektorunda daha yüksək nəticə əldə olunmasına imkan verə bilər”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR