İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Qərbin sülh təşəbbüsünü “ədəbsizlik” adlandırdı - Bəs Kremlin öz planı nədir?

936 04.03.2023 09:27 Siyasət A A

Politoloq: “Qərbin münaqişələri həll etməsi nümunələri var, Rusiyanın isə...”

“Ermənistan-Azərbaycan münaqişəsinin həlli zamanı Rusiya ilə birgə hazırlanmış sülhsevər təşəbbüslər həyata keçiriləcək”.  Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu regionu sözün əsl mənasında açar region, tərəflərin Rusiya ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümidin qaldığı bölgə adlandırmaq olar”, - Zaxarova qeyd edib.

XİN rəsmisi Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə cəhdlərini “ədəbsizlik” adlandırıb. Onun iddiasına görə, bu siyasət münaqişənin həlli naminə yox, “tam əks məqsədlərlə” həyata keçirilir.

“Təəssüf ki, biz burada uzun illərdir ki, bu tendensiyanı müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar”, - diplomat vurğulayıb və əlavə edib ki, indiyədək Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı hansısa uğurlu nümunə yoxdur, üstəlik, “kollektiv Qərbin səbəb olduğu münaqişələrin sayı artır”.

“Heç kim deyə bilməz ki, kollektiv Qərbin ayağı, əli dəyən və düşüncəsi olan yerdə vəziyyət yaxşılaşıb”, - Zaxarova bildirib.

Burda deyiblər, “kor kora kor deməsə, bağrı çatlayar”. Guya postsovet məkanında Abxaziyadan tutmuş, Qarabağ və Dnestryanı bölgəyədək, hansısa konfliktin Rusiyanın vasitəsi ilə öz həllini tapması nümunəsi varmış.

Yoxdur belə şey. Moskva on illər ərzində onların nizamlanmasına nəinki töhfə verməyib, sadəcə, ən yaxşı halda onları özü üçün məqbul bildiyi zamanadək dondurub. Çünki bu münaqişələri elə özü yaradıb və idarə eləməyə çalışıb və çalışır.

Sual da belədir ki, konfliktlərin həllində Qərb Rusiya ilə müqayisədə daha səmimidirmi? Azərbaycana hansının sülh təşəbbüskarlığı sərfəlidir? Doğrudanmı kollektiv Qərbin praktikasında da konfliktlərin uğurlu həll nümunəsi yoxdur?

Oqtay Qasımov FHN-də baş verən olaylardan DANIŞDI: “Əlbəttə ki, bu  məsələlər…”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Mariya Zaxarovanın son dövrlər həm Ermənistanda Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsinə, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı verdiyi reaksiyalar Rusiyanın ciddi narazılığının dilə gətirilməsidir: “Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin qurulması üçün vasitəçilik cəhdlərinə Rusiyanın verdiyi reaksiyalar o mənada diqqət çəkir ki, bu, Rusiyanı qıcıqlandırır. Rusiya Ukrayna müharibəsi ilə daha çox məşğul olduğu üçün son 1 ildə təşəbbüs xeyli dərəcədə Qərbin, konkret olaraq Avropa İttifaqının əlinə keçmişdi. Amma keçən ilin oktyabrın sonlarından Rusiya növbəti dəfə prosesə müdaxilə elədi. Bu müdaxilə əslində uğurlu sayıla bilməz. Ən azı o baxımdan ki, Rusiyanın bu müdaxiləsi, konkret olaraq Vladimir Putinin ”Valday" diskussiya klubundakı çıxışından sonra, eyni zamanda sentyabr ayında Ruben Vardanyanı Qarabağa göndərməklə bölgədə vəziyyəti kifayət qədər gərginləşdirdi. Xüsusilə Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə vəziyyəti gərginləşmək xətti götürüldü. Vəziyyət Laçın yolunda Azərbaycan ekofəallarının aksiyaya başlaması ilə nəticələndi.

Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin bu qədər yubanmasının əsas məsuiyyət daşıyan tərəf Ermənistanla bərabər məhz Rusiyadır. Rusiya doğrudan da səmimi şəkildə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin, sabitliyin bərqərar olmasında maraqlı idisə o zaman Ermənistandan 10 noyabr üçtərəfli bəyanatının şərtlərini qeyd-şərtsiz yerinə yetirməsini tələb etməli idi, erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını, o cümlədən komunikasiyaların açılmasını təmin etməliydi. Lakin bəllidir ki, Rusiya bütün bunların heç birini etməyib. Rusiyada belə bir fikir hakimdir ki, proses nə qədər uzansa, gərginlik davam etsə bu, Rusiyanın maraqlarına uyğundur. İdarəedilən gərginlik davam etdiyi halda tərəflərin Rusiyanın arbitrliyinə daha çox ehtiyacı olacaq ki, bu da Kremlin bölgədə daha çox qalmasına şərait yaradacaq".

O.Qasımov hesab edir ki, Azərbaycan özünün dövlət maraqlarına uyğun olan və Qarabağı birmənalı şəkildə Azərbaycanın ərazisi kimi qəbul edən və Ermənistanla sülh danışıqlarına Qarabağda yaşayan ermənilərin məsələsini qatmayan, o cümlədən Qarabağdakı ermənilərin məsələsini Azərbaycanın daxili məsələsi hesab edən formatlarda fəaliyyət göstərməlidir: “Azərbaycanın maraqlarına məhz bu cür format sərf edir. Kollektiv Qərb dediyimiz format da birmənalı deyil. Burada Fransa kimi destruktiv təxribatçı aktor da var. Fransa İranla gizli işbiriliyi quraraq Ermənistanı sülh prosesindən mümkün qədər yayındırmağa çalışır. Bu yolla o bölgədə geosiyasi rəqabətə girərək özünün nüfuz dairəsini qurmağa çalışır. Məhz Fransanın bu təxribatçı fəaliyyəti nəticəsində 7 dekabrda Brüsseldə nəzərdə tutulan üçtərəfli görüş baş tutmadı”.

Politoloq qeyd etdi ki, Qərbin münaqişələri həll etməsi nümunələri var: “Biz 1990-cı illərdə Balkanlarda baş verən hadisələri xatırlasaq, görərik ki, keçmiş Yuqoslaviya  ərazisindəki münaqişələrin həllində Qərbin kifayət qədər rolu olmuşdu. Rusiya tərəfindən bu cür problemlərin konstruktiv həll edilməsinə isə hələ rast gəlməmişik. SSRİ dağılandan sonra Rusiyanın müdaxilə etdiyi, yaratdığı münaqişələrin heç biri həllini tapmayıb. Əgər Rusiya bu rəyin dəyişməsini istəyirsə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, üçtərəfli bəyanatın bütün tələblərinin yerinə yetirilməsini təmin etməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR