İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucdan SENSASİON AÇIQLAMALAR: "Xankəndi erməniləri ilə birgəyaşayışdan danışan kimi..."

1269 07.03.2023 11:58 Siyasət A A

"İlk növbədə 8 mart beynəlxalq Qadınlar günü münasibətilə hörmətli Mehriban xanım Əliyeva başda olmaqla Milli Məclis sədri hörmətli Sahıbə xanım Qafarovanı, Parlamentin xanım üzvlərini, Məruzəsini dinlədiyimiz Səbinə xanım Əliyevanı və bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onlara ən xoş arzularımızı bildirirəm. Əraziləri 30 illik işğaldan qurtulan bir xalqın ordusu xanımlara ən böyük hədiyyəni-Qarabağın qaytarılması ilə Qələbəni bəxş edib və 8 martla 8 noyabr arasında mənəvi bağlar yaradıb".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında deyib.

Zahid Orucun çıxışını olduğu kimi təqdim edirik:

"2022-ci il üzrə Ombudsmanın Məruzəsi 20 illik dövrü əhatə etdiyi üçün müstəqiliyimizin üçdə ikisini qiymətləndiirməyə imkan verir. Xatırladaq ki, Ombudsman İnstitutu ölkəmizdə 2002-ci ildə, Ermənistandan iki il əvvəl, Gürcüstandan isə altı il sonra yaradılıb. Müvəkkil faktiki fəaliyyətinə 2003-cü ildən-prezident İlham Əliyevin ali siyasi rəhbərliyə gəldiyi dövrdən başlayıb. Ona görə də 20 illik Məruzə dövlət-vətəndaş münasibətlərində keçilən çətin və şərəfli yolu, 20 faizlik ərazi işğalını aradan qaldıran xalqın Qələbə haqqını obyektiv dəyərləndirməyə fürsət yaradır.

Milli Məclis bütün fəaliyyəti dövründə Müvəkkil instituna yaxından kömək göstərib, onun formalaşmasında müstəsna rol oynayıb. Ona görə də 20 yaşlı Ombudsmanı dövlət və vətəndaş münasibətlərində etibarlı körpü saymaq olar. Müstəqilliyimizin 11 ilindən sonra, yəni, bir qədər gec yaranmasına baxmayaraq, idarəetmə sistemindəki köklü islahatlarda Müvəkkilin mühüm xidmətləri var. Bu mənada İllik məruzələr alternativsiz vasitədir, səlahiyyətlərini necə reallaşdırmasının meyarıdır, qanunla müəyyən edilən formasıdır, insan hüquqları və azadlıqları sahəsində barometrdir.

Məruzə Konstitusiyanın 3-cü fəslində əks olunan və 5 qrup-mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquq və azadlqıları əhatə edir. Xüsusi vurğulayaq ki, 2022-ci il dünya və yerləşdiyimiz region insan hüquqları ölçüsü daşıyan qlobal toqquşmaların təsirinə məruz qalıb. Postpandemiya dövrü başlasa da Rusiya-Ukrayna müharibəsi təhlükəsizliyə, millətlərin və hər bir fərdin fundamental haqlarına zərbə vurmaqda davam edir.

Ölkəmizdə 2022-ci il

• Prezidentin yeni hakimiyyət quruculuğunun davam etdirilməsi, yüksək çinli məmurların cəzalandırılması və korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizə ilə,

• İyul ayının 19-dan başlayaraq, Böyük Qayıdış nəticəsində 100-dən çox ailənin 30 illik ayrılıqdan sonra doğma evlərinə dönməsi ilə müstəqillik taiximizdə müstəsna yer tutan Ali Hüquq hadisəsi ilə tarixə düşdü.
Məruzə 3 fəsil və 78 təklifdən, 103 səhifədən ibarətdir. İlk diqqətçəkən məqam 2022-ci ildə Ombudsmana 28.525 müraciətin daxil olmasıdır. 2021ci illə müqayisədə 2.567 az müraciətdir. 2011-ci ildə sözügedən rəqəm 12.680 idi. “Təklif və Tövsiyələr”in 10 səhifə təşkil etməsi təqdirəlayiqdir. Analitik fəaliyyətə məsuliyyətlə yanaşıldığı, fəaliyyətin təkmilləşdirilməsi müsbət haldır. Məruzənin mətni ilə yanaşı, infoqrafikalarla müşayiət edilən hissə ilk dəfədir təqdim edilir və statistik mənzərəni canlandırır.

• Beynəlxalq təcrübəyə baxdıqda Ombudsman institutunun fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılır. Məs. son günlər İngiltərədə Dövlət Xidmətləri(Qulluğu) Ombudsmanının yaradılması təklif edilir və narazı vətəndaşların hüquqlarının bu yolla qorunması nəzərdə tutulur.

• Ötən il ölkəmizdə institusional islahatlar baxımından, Qarabağda yeni inzibati-iqtisadi bölgələrin yaradılması, xüsusi nümayəndəlik institutunun təsisi və onun azad olunan torpaqlardan kənara-Naxçıvana da tətbiq edilməsi, idarəetmə sistemində köklü dəyişikliklərlə yanaşı, azad edilən ərazilərdə insan haqlarının da yurisdiksiyamıza daxil edilməsini təsdiqləyir.

• Martın 1-də postkonflikt barış dövrünün tarixi hadisəsi baş verdi. Konstitusiyaya uyğun olaraq Xocalıda təşkil olunan görüş Xankəndində yaşayan ermənilərlə birgəyaşayışa dair Sərsəngdən sonra ilk addım sayıla bilər. Belə vəziyyət, Ombudsman institutun fəaliyyətinin coğrafiyasını genişləndirməklə yanaşı, reinteqrasiya istiqamətində həyata keçirilən tədbirlərdə aktivliyini tələb edəcəkdir. Son lokal toqquşma separatçı qalıqları mülki insanlardan ayırmaq hadisəsidir və ümidvarıq ki, danışıqlar davam etdiriləcək.

• Xankəndində özünü Ombudsman adlandıran şəxsin təqdim etdiyi 2022-ci il üzrə hesabat 300 səhifəyə yaxındır. Hesabatın 12-ci bölməsi erməni xalqının hüquqlarının pozulması, Müdafiəçinin bəyanatları və fövqəladə hesabatlar adlanır. Orada dağıdılan abidə və yaşayış məskənlərindən bəhs olunur. Lakin 30 illik işğalın mirasından bir cümlə də yoxdur. Qanunlara hörmətlə yanaşan ermənilərin hüquqlarının təminatı ilə bağlı mesajların verilməsi, gələcəkdə o bölgədə regional ofisin yaradılacağı bəyanatı Xankəndində Ombusdman adı ilə siyasətə alət edilən şəxsin hesabatlarına da son qoyardı.

• Məruzədə müsbət həll olunan şikayətlərdən nümunələr göstərilir. Bununla bərabər, ən çox insan hüquqlarını pozan hökumət orqanlarının adlarının verilməsi vacibdir. Çünki Konstitusiya Qanunun 14.2-ci maddəsinə əsasən Müvəkkil “İllik məruzədə insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adlarını çəkir və bununla əlaqədar görülən tədbirlər barədə məlumat verir”. Şikayətlərin hansı dövlət orqanlarını əhatə etməsi və onların xarakterinin ümumiləşdirilməsi, regional ofislər və onların fəaliyyəti barədə məlumatların genişləndirilməsi, hüquq və azadlıqlar üzrə indekslərin yaradılması məqsədəuyğun olar.

• Sağlamlığın qorunması və tibbi xidmətlərin həyata keçirilməsi son iki ildə ön yerə çıxıb. Ötən il sərhədlərin açılmaması vətəndaşlarımızı narahat edir. Pandemiyanın ağır iqtisadi-sosial nəticələri təbəqələşməni, yoxsulluğun səviyyəsini artırıb, əhalinin orta təbəqəsinin gəlirlərini xeyli aşağı salıb.

• Məhkumların və azadlıqdan məhrum etmə yerlərindəki vəziyyətlə bağlı hər məhkuma düşən orta sahədən sənəddə narahatlıq əksini tapıb. Məruzədən sitat-2500 nəfər üçün nəzərdə tutulan Bakı İstintaq Təcridxanasında bir başçəkmə zamanı 3300-dən, digər halda 3500-dən çox şəxsin, 700 nəfər üçün nəzərdə tutulan 2 saylı İstintaq Təcridxanasında (Gəncə) 800 nəfərin, 1050 nəfər üçün nəzərdə tutulan 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) 1400-dən çox şəxsin saxlanıldığı müəyyən edilib. Penitensiar sistem əməkdaşlığa, Müvəkkil, İctimai Şura və İnsan Hüquqları Komitəsinin sorğu, müraciətlərinə açıqdır və problemlərin həlli yolu tapılmalıdır.

• Azərbaycanda hüquq müdafiəçilərinin fəaliyyətinin normativ bazası gücləndirilməlidir. 12 dekabrdan başlayan Xankəndi-Laçın yolundakı davamlı aksiyalar 3-cü sektorun əhəmiyyətini göstərdi. Azərbaycana qarşı xarici hücumların əsas silahına çevrilən, insan hüquqları üzrə beynəlxalq qurumlarla on illərdir davam edən düşmənçilik münasibətlərinə son qoyulmasına ehtiyac var. Vətən müharibəsi zamanı iki beynəlxalq qurum nəhayət, ölkəmizə qayıtdı, iki obyektiv sənəd hazırladı. Human Rights Watch və Amnesty İnternationalın məramı nə olsa da problemlərin obyektiv müzakirəsi nəhayət, soyuq müharibəyə son qoyardı.

• Vətəndaşların dövlət və qanun tərəfindən qorunduğunu hiss etmələrinin müxtəlif göstəriciləri var. Son illər öz hüquqlarını qoruyan insanların fəallığı artıb. Soğrular göstərir ki, azərbaycanlılar ən çox sosial hüquqlara önəm verirlər. İctimai-siyasi hüquqlar ondan sonra gəlir, halbuki müəyyən platformalarda tam əks mənzərə canlandırılır.

• Təəssüflər olsun ki, mənzil-kommunal sisteminin problemləri aradan qalxmayıb, hətta daha da artıb. Mənzil fondunun yenilənməsi, tikinti şirkətlərinin vətəndaşların kütləvi mənzil hüquqlarının pozmalarına dair şikayətlər artıb. “Kvadratmetrlər uğrunda mübarizə, mənzil-kommunal xidmətləri tariflərinin şişirdilməsi, qəzalı və uçuq-sökük evlərdən köçürülmə ilə bağlı mübahisələr Ombudsmanı illik fəaliyyətini planlaşdırarakən əsas ağırlıqlı sahələr ola bilər.

• Bir neçə ildir hüquq sistemi qarşısında ciddi çağırışa çevrilən məhkəmə qərarlarına yenidən baxılması ötən ilin əsas hadisəsi sayılmalıdır. Xüsusilə də Ermənistana casusluğa dair məhkəmə hökmlərinə münasibətdə prezidentin tapşırıığı ilə yaradılan xüsusi komissiya vasitəsilə 19 nəfərə bəraət verilməsi, 452 nəfərin zərərçəkən şəxs kimi tanınması gec də olsa ədalətin təntənəsi idi və Baş Prokurorluğun rəsmi saytında yer alan mıəlumatların Məruzəyə daxil edilməsi məqsədəuyğun olardı. Qanunsuz azadlıqdan məhrum etmə, işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza, vəzifə səlahiyyətlərini aşma və qəsdən sağlamlığa az ağır zərər vurma ilə əlaqadar bir sıra yüksək hərbi vəzifə tutan şəxslər barəsində həbs qətiimkan tədbirinin seçilməsinin İllik Məruzədə yer alması hüquq mühafizə orqanlarının obyektiv və qanuni araşdırmalarına təsir edər, yüzlərlə vətəndaşın təzminat və digər təminatlarını gücləndirər, dövlət və ordu əleyhinə kampaniyanı səngidər, münasibətləri nəhayət, hüquq müstəvisinə qaytarardı.

• Rəqəmsal texnologiyaların idarəçiliyin ayrılmaz hissəsinə çevrilməsi, qaynar xətlərin-vətəndaş müraicətlərinə baxılmasının keyfiyyətini qiymətləndirməyə imkan verir. Lakin məmur və vətəndaşlar arasında canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Dövlət orqanlarına daxil olan şikayətlər reallığı görməyə imkan verir- hansı kommunikasiya kanalı normal işləyir-məktub yazmaq, elektron müraciətlər etməklə, yaxud birbaşa görüşlərin effektivliyini, nazirlik və ya hər bir nazirin gerçək işini Ombudmsanla birgə qiymətləndirməyə imkan verir.

• Dərman və dərman vasitələri ilə təminatla bağlı şikayətlərin sayı artıb. Psixiatriya sahəsində vətəndaşlara yardım ehtiyacı güclənib. Xərçəng xəstəliyinin statistik artımı vətəndaşların bahalı dərmanlara və yüksək texnologiyaya əlçatanlığını dərinləşdirir, yetərli çarpayı sayı və peşəkar həkim problemi, sağlamlıq hüququ ölkəmiz üçün əsas yerlərdən birini tutur. İcbari tibbi sığortanı əldə edən insanların sayı haqqında obyektiv hesabatlara ehtiyac var.

• İnsanlar əmək hüquqlarının pozulmasından şikayətlənir, vaxtından artıq və əvəzi ödənilməyən işlərə cəlb olunmalarından haqlı olaraq, gileylənirlər. Məruzədə bu haqda hissənin müvafiq nazirliklərlə birgə müzakirəsi gərəkdir.

• Bu gün beynəlxalq münasibətlərdəki gərginlik şəraitində işləmək daha çətinləşib. Lakın Müvəkkil üzərinə düşən işi ləyaqətlə yerinə yetirməyə çalışıb, Ermənistana qarşı fəaliyyət Səbinə xanım Əliyeva və rəhbərlik etdiyi qurumun ötən ilki əsas fəaliyyətini təşkil edib. Müvəkkil insan hüquqları diplomatiyası sahəsində Parlamentin imkanlarından daim yararlanıb. Ermənistan son vaxtlar Azərbaycanın hərbi gücünü demokratiya və insan haqlarına təhdid kimi qiymətləndirməklə xarici siyasətdə yeni ritorikaya keçib. Xankəndi erməniləri ilə birgəyaşayışdan danışan kimi dərhal gündəmə ədalətli məhkəmə, şəffaf idarəçilik və məmur-vətəndaş münasibətləri gətirilir. Halbuki separatizm və ərazi işğalı heç bir hüquq və ya hüquqsuzluqla legitimlik qazana bilməz.

Son olaraq, sənəd açıq dərc olunsa da Hökumətə, Baş prokurorluğa və Məhkəmə sisteminə göndərilməsində fayda olduğunu düşünürük. Yekunda bir daha İnsan Hüquqları Komitəsi adından məruzəyə müsbət rəyimizi ifadə edir, səmərəli və obyektiv müzakirələrlə Ombusdamanın gələcək fəaliyyətinə töhfə verəcəyinizə inanırıq".

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR