İnsanlara hürriyət, millətlərə istiqlal!

Yıxılma, sarsılma, Türkiyə!

1125 14.02.2023 20:30 Yazarlar A A

Çanaqqala kimi böyük bir sınaqdan keçən Ata yurdumuz Türkiyə əsrin ən böyük faciəsinə yol açan zəlzələyə duruş gətirə bilmədi.

afd1e530-7837-35d4-b3af-aa3becf08f52_850.jpg (150 KB)

Bütün dünya gördü ki, təbiətin gücü qarşısında insan oğlu nə qədər çaba göstərsə də, acizdir. Yerləşdiyi coğrafi məkanın, bir az obrazlı desək, zəlzələ ocaqlarının üstündə yerləşməsi baxımından bu türlü bəlalardan Türkiyəmizin sığortalanmadığının dəfələrlə şahidi olmuşuq. Hətta illər öncə böyük türk şairi Nazim Hikmət Ərzincanda baş verən zəlzələnin miqyasının böyüklüyünü, ürəklərə necə dağ çəkdiyini "Kara haber" şeirində göz yaşıyla, ürək ağrısı ilə qələmə almışdı.

1999-cu il zəlzələsinin yarası tam da qaysaq tutmamış baş verən bu fəlakət, əslində, insanlığa, hər kəsə, varlıya, kasıba, villalarda, gecəqondularda yaşayanlara, əlini haqqın kəndirindən buraxıb nahaqqın ipindən tutanlara, yüzlərin, minlərin məzarlığına çevrilən göydələnlər tikməklə bir-birini ötməyə çalışanlara bir mesaj idi.  

Bir insanın sevinci onun özünü, çevrəsini və tanıdıqlarını xoşbəxt edir. Dövlətlər də belədir: onun uğuruna öncə vətəndaşı sevinir, sonra dost, qardaş bildikləri. Məhz Türkiyədəki zəlzələdən sonra gördük ki, dərdin birləşdirmək gücü sevincdən böyük imiş. Dərd insan olduğunu anladırmış yaradılmışların əşrəfinə. Onun eqosunu, mənfəətini, qazancını bir anlıq da olsun gözdən salırmış. Yunanıstanın, dostumuz İsrailin can qurtarmaq naminə necə bir təlaşla Türkiyəyə yardıma tələsməsi siyasətin insanların sevincinə və dərdinə hasar olmadığını, dinlərin, dillərin insanlığı xilas üçün birləşdiyini bir daha ortaya qoydu.

Sovetlərin yadigarı olan "07"də Türkiyənin, qardaş-bacılarımızın imdadına tələsən Sərvərin simasındakı kədər Azərbaycanın kədəri idi əslində. Türkiyə boyda Azərbaycanın ağrısını, acısını Yardımlıdan yardım üçün qarlı dağ yolları ilə çiynində yorğan-döşək gətirən bacımız dünyaya səssizcə, dilsiz baxışları ilə anlatdı. Azərbaycanda hər kəsin canı yandı Türkiyəmiz üçün.

1c35b34e9015cb86b255559e3ebca1e4.jpg (241 KB)

Türkiyənin qurtuluş savaşını və bu ölüm-dirim mücadiləsində qardaş köməyini yenidən yada saldı, zamanın əqrəblərini geri döndərdi bu faciə, bu zəlzələ. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun "Qardaşın qardaşa borcu olmaz!", - söyləməsi "PAŞAM, BİZDƏ QARDAŞ QARDAŞA BORC VERMƏZ!" tarixi faktını yenidən gündəmə gətirdi. Çanaqqalada şəhidlik zirvəsinə ucalan 7 mindən çox həmvətənimizin ruhları sevindi Türkiyəyə yardıma tələsən Vətən övladlarını görəndə.

ba863c21-f15b-3e3d-8dfc-9559aa03af11_850 (1).jpg (116 KB)

Biz də unutmadıq, unutmarıq, Türkiyəm! Vətən savaşında bütün varlığınla yanımızda olduğunu. Yanındayıq, hər zaman, həmişə. Yanındayıq, ay-ulduzlu bayrağına qurban olduğum, TURANA gedən yolumuzda bütün türk dünyasına mayak olanım, Ata yurdum, Ana yurdum!

Hafiz Təmirov,
polis polkovnik-leytenantı, "Polis" qəzetinin redaktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR