İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeniyetmələrdə artan qəddarlıq - nəyə diqqət eləməli?

626 23.04.2022 09:10 Sosial A A

İki gün öncə paytaxtda 15 yaşlı oğlan küçədə hamının gözü önündə 37 yaşlı anasını bıçaqlayaraq qətlə yetirdi. Dəhşətli hadisə bütün cəmiyyəti sarsıtdı. Ümumiyyətlə, son vaxtlar məktəb yaşlı yeniyetmə uşaqlarda bir arqessivlik, dözümsüzlük, qəddarlıq, hətta narkotikə meyillik halları müşahidə edilir.

Belə ki, qeyd olunan hadisədən bir gün öncə isə Gəncədə orta məktəblərin birində məktəbli qız öz sinif yoldaşına biçaqla xəsarət yetirmişdi. Yayılan məlumatlarda bildirilirdi ki, həmin şagird bundan əvvəl də aqressiv davranışlar nümayiş etdirib.

Bəs son vaxtlar yeniyetmələrdə qəddarlıq niyə artıb? Hz. Əlinin belə bir deyimi var: “Uşaqlar valideynlərindən çox zəmanələrinə bənzəyir”. Odur ki, sual ortaya çıxır: belə davranış onların keçid yaş dövrü, yoxsa zəmanə ilə, yəni burada uşaqların sosial şəbəkələrə ifrat bağlılığı, digər amillərlə ilgilidir? Valideyn nəyə diqqət eləməli, aqressiv övladla necə davranmalıdır?

Şeirlər - Əhməd QƏŞƏMOĞLU | Edebiyyatqazeti.az

Əhməd Qəşəmoğlu: “İndiki yeniyetmə 50 il bundan əvvəlki yeniyetmə deyil”

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı danışaraq, qeyd etdi: “Statistikaya diqqət etsək görərik ki, 2014-cü ildən sonra ölkədə boşanmaların sayı artıb. Bu, ailələrdə gərginliyin artmasının göstəricisidir. Bu həm də o deməkdir ki, boşananlardan iki dəfə artıq ailələrdə gərginlik var. Təsəvvür edin, sonuncu statistikaya görə ildə hər 100 evlənəndən 31-i boşanır. Deməli, ailələrin 60 faizində gərginlik var. Ailədə, evdə gərginliyin olması mütləq uşaqların psixologiyasına, davranışına təsir edir. İndiki yeniyetmə 50 il bundan əvvəlki yeniyetmə deyil. 50-60 il əvvəl ailələrdə daha çox mehribançılıq var idi və bu cür ailələrdə böyüyən uşaqlar neqativ hadisələr törətmirdi. Əgər uşaq gözünü açandan evdə qışqırıq səsinə oyanırsa, atanın ananı döyməyi və yaxud ananın atanı söyməyi şəraitində böyüyürsə təbii ki, bütün bunlar uşaqda öz əksini tapmalıdır. Əlbəttə ki, bütün hadisələri ailədəki gərginliyin üstünə atmaq olmaz, amma mühüm amil budur. 

Ümumiyyətlə, davranışa adətən 4 amil təsir edir - şəxsi xüsusiyyətlər, mühit, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər. Ailələrdə gərginlik olanda mühit də dəyişir. Fərdi xüsusiyyətlərə gəldikdə, xalq elə 50 il əvvəl olan xalqdır, deməli genetik məqamlarda nəsə axtarmaq düzgün deyil. Uşağın sosial şəbəkələrdən, televiziyadan,  ətrafdakı uşaqlardan aldığı informasiyalar aqressivdirsə, mütləq ona təsir edəcək. Üstəlik gərgin ailədə böyüyən uşaq çölə çıxanda da gərginliklə üzləşir, çünki ətrafdakı uşaqlar da gərginlik mühitindən çıxıb. Məktəbə gəldikdə, bu bir faktdır ki, təhsil mühitimiz arzuolunan səviyyədə deyil və ən böyük problemlərimizdən biri bununla bağlıdır. 

Daha bir məsələ, son vaxtlar insanları mənəvi tərəfdən formalaşdıran, tərbiyələndirən ədəbiyyat yoxdur. Onun yerinə isə oğru aləmi ilə bağlı kitablar var. Çox təəssüf ki, bu gün cəmiyyətdə mənəvi dəyərlər arzuolunan səviyyədə deyil və uşaqlar, yeniyetmələr də daha çox maddi dəyərlərə üstünlük verir. Çünki görürlər ki,  böyüklər yalan danışır, yaltaqlanır, eləcə də televizorda, ətrafında da bu cürdür. Beləliklə də ortada bu cür vəziyyət yaranır. Hesab edirəm ki, vəziyyət hər ötən il daha da pis olacaq. Çünki indiki vaxtda bu məsələlərə lazımi qaydada yanaşmırıq. Cəmiyyət mürəkkəbləşib, problemlərə elmi cəhətdən yanaşmaq, başqa  proseslər aparmaq lazımdır. Yoxsa yeni nəsil getdikcə bu cür  problemli olacaq".

Psixoloq | Psixoloq.az - Covid-19 və Dunning Kruqer Sindromu-Psixoloq Elnur  Rüstəmov

Elnur Rüstəmov: “Bəzi yeniyetmələr yeniyetməlik böhranını çox ağır keçirir”

Psixoloq Elnur Rüstəmova görə, yeniyetmələrin son vaxtlar bu cür qəddarlaşmasının bir çox səbəbi var: “Bu qəddarlaşmanı yeniyetmələrin davranışlarında ailə ilə, ətrafı ilə münasibətində görə bilirik. Burada müxtəlif səbəblər mövcuddur. Daha çox diqqət çəkən məqamlardan biri psixoloji faktordur. Bu gün ailə daxili konfliktlər, boşanmalar həmin ailədə böyüyən yeniyetmələrin psixoloqiyansına mənfi təsir göstərir. Həmçinin  yeniyetmələrin ifrat dərəcədə informasiya ilə yüklənməsi, internet oyunlarından asılı olması onlarda əhval pozuntusuna, emosiyaların  tez-tez dəyişməsinə gətirib çıxarır. Daha bir məsələ, yeniyetmələrdə zərərli vərdişlərə aludəçilik var və bu da onların psixoloji vəziyyətində təsir edir”.

Psixoloqun fikrincə, bəzi yeniyetmələr yeniyetməlik böhranını çox ağır keçirir ki, bu da bir çox hallarda onların təhsildən uzaqlaşmasına, ailə ilə problem yaşamasına, ailə üzvlərinə, ata-anasına qarşı aqressiv davranmasına gətirib çıxarır: “Bu cür hallar çoxdur”.

Psixoloq vəziyyətdən çıxış yolu haqqında da danışdı: “Nə etmək lazımdır? İlk növbədə psixoloji maariflənmə işləri aparılmalıdır. Əgər yeniyetmə yeniyetməlik böhranını ağır keçirirsə, mütləq psixoloji dəstək almalıdır. Həmçinin valideynlər bu işdə aktiv olmalıdır Əgər valideyn yeniyetmədə hər hansı neqativ davranış müşahidə edərsə mütləq tədbir görməlidir ki, o problem daha da böyüməsin və böyük fəsadlar yaratmasın. Çox zaman  valideynlər yaranmış  problemi gizlədir ki, bu da bəzən böyük faciələrə gətirib çıxara bilir”.

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə: “Qarşısını almasaq, həmin uşaqlar gənclik dövründə bizim qapımızı döyəcəklər”

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd etdi ki, 15 yaşlı yeniyetmənin öz anasını qətlə yetirməsi, həmçinin Gəncə məktəblərinin birində yeniyetmə qızın öz sinif yoldaşına bıçaqla xəsarət yetirməsi çox sarsıdıcı hadisədir: “15 yaşlı uşağın anasını qətlə yetirməsi hadisəsi ilə bağlı dərhal öz fikrimi bildirdim ki, bu məsələdə daha çox uşağın öyrədilməsi, onun psixologiyasına təsir etmə məqamları mütləq araşdırılmaldır. Davamlı olaraq orta məktəblərdə olur, maariflənmə işləri aparır, uşaqlar ilə görüşürük. Müşahidələrimə əsasən deyə bilərəm: uşaqlar eşidilmək, onları anlaya biləcək birilərini görmək istəyirlər. Çox təəssüf ki, uşaqlar bu gün onu ailələrində görə bilmirlər.

Daha bir məsələ, əgər uşaq evdə zərərli vərdişləri olan birini görürsə hətta istəməsə belə ona qarşı bir zorakılıq, zorakı düşüncələri formalaşır. Hesab edirəm ki, bu gün uşaqların davranışlarının formalaşmasını çox önə çəkməli, həssas ailələrlə mütəmadi iş aparmalıyıq. Ən əsası, sosial şəbəkələrdə uşaqların paylaşımları davamlı olaraq nəzarətə götürməlidir. Bir ağır məqam da ondan ibarətdir ki, bu gün uşaqlar daha çox kriminal videoları seyr etməyə çalışır və bu da onların psixologiyasına, davranışlarına təsir edir".

Kəmalə Ağazadə onu da qeyd etdi ki, neqativ halların aradan qaldırılması üçün bu gün uşaqdan daha çox ailə, valideynlər ilə iş aparılmalıdır: “Çətin  tərbiyə olunan, həssas ailələrdən olan uşaqlarla onların reabilitasiyası üçün çox ciddi iş aparmaq lazımdır. Bu gün xüsusi tipli müəssisələr yoxdur. Təsəvvür edin, kiçik də olsa cinayət törətmiş uşaqlarla işləyəcək reabilitasiya mərkəzləri yoxdur. Bu artıq çox ciddi siqnaldır. Biz bunun qarşısını almasaq, həmin uşaqlar gənclik dövründə bizim qapımızı döyəcəklər. Yəni, onlar bəlkə də ailələrinə zərər yetirməyəcəklər, amma bizə qarşı edəcəklər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR