İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni virus qapıda - COVİD-19 da ölkəmizə İrandan girmişdi...

1993 11.07.2024 08:28 Yaşam A A

İranda 63 nəfərin yeni virusa - “Deng Humması”na (ağır qripə bənzər simptomlara səbəb olan virus xəstəliyi, ingiliscə dengue fever) yoluxduğu bildirilib. Ölkənin səhiyyə nazirinin müavini xəstəliyin Körfəz ölkələrindən gələnlərdə müşahidə olunduğunu bildirib.

İranın səhiyyə nazirinin müavini Said Kerimi deyib ki, ağır sümük ağrıları və yüksək temperatur şikayəti ilə səhiyyə mərkəzlərinə müraciət edən 200 nəfərdən 63-də “Deng Humması” qızdırması aşkarlanıb.

Əksəriyyət xəstə insanların körfəz ölkələrindən gəldiyini deyən Kerimi Birləşmiş Ərəb Əmirliklərinə səyahət edənlərin bu məsələdə mütləq diqqətli olmalı olduqlarını bildirib. “Deng Humması” insanlara milçəklər vasitəsilə keçir. Bu xəstəlik ölümə səbəb olur. Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və ya uzun müddət davam edən yağışlar malyariya və “Deng Humması” daşıyan ağcaqanadların sayının artmasına səbəb olur.

Qeyd edək ki, 2020-ci ildə COVİD-19 yayılanda ilk virus daşıyıcısı olan şəxs İrandan ölkəmizin ərazisinə keçmiş, buradan Gürcüstana getmişdi. Bundan sonra virusa yoluxmalar artmağa başladı...

Xəstəliyin keçmişinə nəzər salmaqda fayda var. Bu xəstəlik barədə ilkin məlumat 1779-cu ilə aiddir. Onun viral səbəbi və yayılması 20-ci əsrin əvvəllərində başa düşüldü. İkinci Dünya müharibəsindən sonra deng qızdırması qlobal problemə çevrildi və əsasən Asiya və Cənubi Amerikadan 110-dan çox ölkəyə yayıldı. Hər il 50-528 milyon insan yoluxur və təxminən 10 min, 20 min insan ölür. Hazırda deng qızdırması əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Okeaniya və Karib hövzəsi ölkələrində müşahidə olunur. 

İnfeksiya mənbələrinə xəstə insanlar, meymunlar və yarasalar daxildir. Xəstə insandan infeksiyanın ötürülməsi ağcaqanadlar vasitəsilə baş verir. Müxtəlif mənbələrdə yazılanlara görə, ağcaqanadların əsas çoxalma yerləri su ehtiyatlarının saxlanması üçün istifadə olunan gil qablar, metal çəlləklər və beton sisternlər, həmçinin atılmış plastik qida qablarıdır.

Ayrı-ayrı ölkələrdə yaranan vəziyyətə gəlincə, 2023-cü ildə Argentinada ilin ilk 4 ayında 40 mindən çox deng qızdırmasına yoluxma hadisəsi qeydə alınıb, onlardan 37 min 914-ü ölkə daxilində baş verib.

2023-cü ilin payızında ekspertlər Avropanın cənubunda və ABŞ-da xəstəliklərin alovlandığını qeyd etdilər. Belə ki, oktyabrın 27-də Fransada 1414 deng qızdırması halı müəyyən edilib ki, bunun da 65%-i ölkə xaricindən gələnlərlə əlaqəli olub (insanlar Martinika və Qvadelupadan gəliblər). 2024-cü ilin mart ayının sonunda Puerto Rikoda deng qızdırması epidemiyası elan edildi. 2023-2024 mövsümündə Argentina ümumilikdə 232,996 deng qızdırması hadisəsinin qeydə alındığını açıqladı. İndi də yeni virus İranda artıq qeydə alınıb. Bir müddətdir isə ÜST yeni virusun yayıla biləcəyi, pandemiya vəziyyətinə hazırlıqlarla bağlı anonslar verirdi.

Adil Qeybulla: "Operativ Qərargah, BNA işinin öhdəsindən gələ bilmədilər" -  VİDEO - AKTOR.az

Adil Qeybulla: “Xəstəlik ağırlaşa, pnevmoniya, ensefalitə səbəb ola bilər”

Professor Adil Qeybulla “Yeni Müsavat”a bildirdi ki, “Deng Humması” hemalotik qızdırmanın bir növüdür: “Bu qızdırma ağır intoksikasiya ilə keçir. Qripə bənzər əlamətlər - əzələ ağrıları,  bel ağrıları, ümumi halsızlıq, zəiflik, yüksək hərarətlə müşayiət olunur. Xəstəlik ağırlaşa bilər. Ağır pnevmoniya, ensefalitə səbəb ola bilər. Buna görə müalicənin vaxtında aparılması çox vacibdir. "Deng Humması" ağcaqanadlar vasitəsilə yayılır. Qana virusun keçməsi ilə meydana gəlir. Yayılma arealına gəlincə, daşıyıcıların olduğu endemik yerlərdə xəstəliyin yayılma ehtimalı yüksəkdir. Bu baxımdan hesab edirəm ki, xəstəliyin pandemiya, yaxud epidemiya yaratmaq ehtimalı yoxdur. Hər bir halda itkilərin, xəstələrin sayının az olması üçün ağcaqanadların məhv edilməsi, gölməçələrin qurudulması önəmlidir. Xəstəliyin lokallaşdırılması istiqamətində transsərhəd zonalarında nəzarətin gücləndirilməsi və s. tədbirlərin görülməsi vacibdir". 

HAQQIMIZDA – Hepatit.az

Mərdan Əliyev: “Xəstəliyin yayılması havanın hərarətinin artması ilə bağlıdır”

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a şərhində qeyd etdi ki, “Deng Humması”nın pandemiyaya səbəb olma ehtimalı azdır: ""Deng humması" endemik xəstəlik hesab olunur. Tropik və subtropik ölkələrdə daha çox yayılır. İranda da son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar olaraq xəstəlik daha çox yayılmağa başlayıb. Xəstəliyin yayılması havanın hərarətinin artması ilə bağlıdır. Xəstəlik ağcaqanadlar vasitəsilə yayıldığı üçün onların sayının artması ilə yoluxmalar da artır. Bu virusa yoluxan insanda qanaxma müşahidə olunur. Daxili qanaxma ölümə səbəb ola bilər. Bu baxımdan təhlükəli xəstəlikdir. Müalicəsi simptomatikdir. Bu virusu öldürən spesifik müalicə yoxdur. Vaxtında aşkar olunarsa, müalicəyə başlanarsa, proqnoz daha yaxşı ola bilər. Bu virusun qarşısını almaq üçün əsas profilaktik yol ağcaqanadların məhv edilməsidir. O ki qaldı bu xəstəliyin pandemiyaya səbəb olmasına, düşünürəm ki, ehtimal o qədər də çox deyil. ÜST-nin nəzərdə tutduğu xəstəlik budur ya deyil, bunu dəqiq demək mümkün deyil, amma düşünürəm ki, söhbət bu xəstəlikdən getmir". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR