İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni vergi qanunvericiliyi mikrosahibkarlara nə vəd edir? - fərqli mövqelər

1723 13.01.2024 12:27 İqtisadiyyat A A

Regionda fəaliyyət göstərən mikrosahibkarlar “zərərin azaldılması” imkanından daha az yararlanacaqlar

Azərbaycanda 2024-cü ilin əvvəlindən qüvvəyə minən yeni vergi qanunvericiliyi, daha doğrusu, Vergi Məcəlləsinə edilən bir dəyişiklik hələ də müzakirə olunur. Söhbət 2018-ci ildə mikrosahibkarlar üçün müəyyən olunan vergi güzəştinin əhatə dairəsinin kəskin məhdudlaşdırılmasından gedir. Belə ki, o güzəştlə mikrosahibkarların illik gəlirlərinin 75 faizi mənfəət vergisindən azad olunur. Yanvarın 1-dən etibarən isə bu güzəşt yalnız 3 nəfər muzdlu işçisi olan mikrosahibkarlar üçün əlçatandır.

Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisə göndəriləndən bəri davamlı olaraq aparılan müzakirələrdə 50 min manatdan aşağı dövriyyəsi olan mikrosahibkarlar üçün 3 nəfər muzdlu işçi götürməyin qeyri-mümkün olduğunu, dəyişikliyin mikrosahibkarlar üçün ciddi problemlər yaradacağı bildirilirdi. Müəyyən müddətdə geniş narazılıq doğuran dəyişikliyə dəyişiklik olunacağı, müəyyən məbləğdə dövriyyəsi olan sahibkarlar üçün istisna halın nəzərə alınacağı bildirilsə də, sənəd olduğu kimi təsdiqləndi.

Vergi Məcəlləsinə dəyişikliyin təşəbbüskarı olan Dövlət Vergi Xidməti bu addımı işəgötürənlərin əmək haqqından ödənişlərdən yayınmaq üçün işçiləri VÖİN-lə, mikrosahibkar kimi işə cəlb etmələrinin qarşısını almaq istəyi ilə əsaslandırır. Eyni zamanda bir çox iri şirkətlərin mənfəət vergisindən yayınmaq üçün xərclərini artırmaq məqsədilə mikrosahibkarlardan istifadə etdikləri bildirilir. 

Mikro sahibkarlara vergi güzəştinin şərtləri dəyişir, kiçik sahibkarlığa  keçid stimullaşdırılır

Əksər ekspertlərə görə, qeyd olunan neqativ halların qarşısı başqa yollarla alına bilərdi. İqtisadçı-ekspert Samir Əliyev deyir ki, 2024-cü ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi 1 milyard 895 milyon manat proqnozlaşdırılıb. Bu isə 2023-cü ilin proqnozundan 195 milyon manat çoxdur: “Dövlət Vergi Xidməti də artımın bir hissəsini mikrosahibkarların hesabına təmin etmək istəyir. Ümumiyyətlə, son proseslər hökumətin vergi güzəşti mexanizmindən imtina tendensiyasını göstərir. Güzəştlərdən qısa müddətdə, yəni nəzərdə tutulduğundan tez imtina onu göstərir ki, Dövlət Vergi Xidmətinin timsalında hökumətin qərarları etibarlı deyil və istənilən vaxt müzakirəsiz və qapalı şəkildə qərarlarında korrektə edə bilər. Bu, biznesin hökumətə inamını sarsıtmaqla yanaşı, kiçik və orta sahibkarlığın sıradan çıxmasını, biznesin xaricə köçməsini sürətləndirə bilər. Neft gəlirlərinin azaldığı bir dövrdə vergi bazasının kiçilməsi gələcəkdə dövlət büdcəsinin gəlirlərinə zərbə vura bilər. Hər bir halda biznes yeni vergi rejiminə tam oturuşmamış ondan imtina ”qeyri-ağarmanı" stimullaşdıracaq".

Ekspertin sözlərinə görə, vergi qanunvericiliyinə edilmiş dəyişiklik nəticəsində mikrosahibkarlıq subyektlərinin bir hissəsinin vergi yükü artacaq: “Əgər mikrosahibkarlar gəlirlərinin 5 faizini dövlətə verirdilərsə, bu aydan başlayaraq 20 faizini büdcəyə ödəməli olacaqlar. Yəni mikrosahibkarların vergi yükü birdən-birə 15 faiz artacaq. Sadə dillə desək, gəlirləri ən azı 15 faiz azalacaq. Mikrosahibkarlar vergi güzəştini bərpa etmək üçün 3 işçi götürməlidir. 

Hökumət öz aləmində başqa ödənişlərə güzəşt tətbiq etməklə zərəri azaltmaq istəyib. Əslində bu güzəşt vergi yükünün artmasını ciddi qarşılaya bilmir. Güzəştin mahiyyəti odur ki, sizin büdcəyə ödəyəcəyiniz məcburi sosial sığorta ödənişinin 25 faizi vergi ödənişindən çıxılır. Bu güzəşt 3 il müddətində qüvvədə olacaq. 

Dəyişiklik nəticəsində orta hesabla aylıq dövriyyəsi 1000 AZN olan mikrosahibkarın vergi yükü 78.75 AZN-dən 221.56 AZN-ə yüksəlib. Bura İcbari Tibbi sığorta ödənişini də əlavə etsək, belə çıxacaq ki, bir fərdi sahibkar qazancının 25 faizə qədərini itirəcək. 

Burdan da belə nəticə çıxır ki, mikrosahibkarın dövriyyə azadlıqca vergi yükü daha da artacaq. İkincisi, regionda fəaliyyət göstərən mikrosahibkarlar “zərərin azaldılması” imkanından daha az yararlanacaq. Üçüncüsü, minimum əmək haqqının ən azı 6 faiz artması kifayət edəcək ki, aylıq sosial ödəniş artsın və hökumət verdiyi cüzi güzəşti artıqlaması ilə geri alsın. 

Mikro sahibkarların vergi yükünün artması nə ilə nəticələnəcək? - RƏYLƏR

Görünən odur ki, hökumət süni surətdə əmək müqavilələrinin sayının artıqmaq niyyətindədir. Bu addım belə real olmayan müqavilələrin sayının artmasını dəstəkləyəcək, statistika yaxşılaşacaq, amma real gəlirlər azalmaqda davam edəcək. Digər tərəfdən güzəştlərin tədricədən aradan qaldırılması siyasəti hökumətin “ağarma” siyasətini səngidəcək və kölgə iqtisadiyyatına yenidən öz töhfəsini verəcək".

İqtisadçı Qaşqay İsmayıla görə, mikrosahibkar özündən başqa 2 nəfər işçini aylıq 350 manat əmək haqqı ilə rəsmiləşdirsə, 700 manat əlavə əmək haqqı fondu yaratmaqla güzəşt hüququnu itirmir: “700 manatlıq əmək haqqı fondundan isə ümumilkdə büdcədənkənar fondlara 210 manat pul ödəyəcək və əmək haqqı fondundan ayırmalarla birlikdə 700 manat əmək haqqı xərcini və ona bərabər tutulan 60 xərclərinin cəmi olan 760 manatı vergi tutulan gəlirdən çıxmaq hüququ əldə etdiyinə görə 20 faiz hesabı ilə 152 manat az vergi ödəyəcək. Nəticədə sahibkarın (210 - 152) cəmisi 58 manat əlavə xərci yaranacaq. Əmək haqqının hesablanması və ödənilməsi ilə bağlı nəzərdə tutulmayan digər xərclər də nəzərə alınmaqla sahibkarın aylıq 70 manatdan artıq itkisi ola bilməz. 

70 manat itkinin qarşılığında isə mikrosahibkarın əlavə pensiya kapitalı və pulsuz tibbi sığorta hüququ əldə etdiyini nəzərə alsaq, bu məsələ ətrafında bu qədər ajiotaj yaratmağına dəyməz".

İqtisadçı-ekspert Qalib Toğrulun sözlərinə görə, mikrosahibkarın özü muzdlu işçi sayılmadığına görə o, mütləq əlavə 3 nəfəri işə götürməlidir: “Mikrosahibkar özü muzdlu işçi sayılmır. Buna görə də güzəştdən yararlanmaq üçün 2 deyil, 3 nəfəri işə götürməlidir ki, bu da əvvəla, kağız üzərində işləyənlərin sayını, ikincisi isə mikrosahibkarların xərclərini artıracaq”.

Yeri gəlmişkən, Gürcüstanda mikrosahibkarlar üçün vahid vergi dərəcəsi 1 faiz təşkil edir...

Yazını hazırladı: Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR